PDF Oxu

Sosial

  • 42

Uşaqların layiqli vətəndaş kimi formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir

Uşaqların layiqli vətəndaş kimi formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir

- Hicran xanım, bildiyimiz kimi, 1 iyun tarixi bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu baxımdan, ölkəmizdə uşaq hüquqlarının təminatı istiqamətində həyata keçirilən siyasət haqqında nə deyə bilərsiniz?

- Uşaq hüquqlarının tam təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan, son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır. Təsadüfi deyil ki, qlobal iqtisadi böhran fonunda 2009-cu il möhtərəm Prezidentimiz tərəfindən "Uşaq ili" elan edilmişdi. Bu, uşaq siyasəti istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açır, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin bir daha uşaqların problemlərinə cəlb etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmışdır. Son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılmış, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır.

Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların yüksək standartlara cavab verən təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir.

Hazırda uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət tələb edən sahələrdir. Bundan əlavə, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, yüksək səviyyəli ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi də diqqət mərkəzindədir. Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixolojı inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.

- Bu sahədə Azərbaycan hansı beynəlxalq sənədlərə qoşulub? Eyni zamanda, ölkəmizdə uşaq hüquqları ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir?

- Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə (3 avqust) Konvensiyanın 2 Əlavə Protokoluna qoşulmuşdur. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul olunmuşdur. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir.

Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlmişdir.

Uşaq sahəsində mövcud problemlərdən ən aktualı hesab edilən erkən nikah probleminin həlli məqsədilə 2011-ci ildə Milli Məclisdə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edilərək qızların nikah yaşının 17-dən 18-ə qaldırılması məsələsi gündəliyə daxil edilmiş və ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqəti sayəsində bu məsələ öz həllini tapmışdır.

Eyni zamanda Cinayət Məcəlləsinə 176-1. maddə əlavə edilmişdir ki, bu maddədə qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2010 -cu ildə Komitənin təklifi və yaxından iştirakı ilə Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanun məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Bu il isə ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası təsdiq edilmişdir. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Uşaq Hüquqları Konvensiyası Uşaqların hərtərəfli qorunması və müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Məhz bu Konvensiyaya qoşulan ölkələr uşaqların müdafiəsi istiqamətində mütəmadi olaraq BMT-nin uşaq hüquqları Komitəsinə hesabat təqdim edir və mütəmadi olaraq Komitə iştirakçı dövlətlərə hesabatlarla bağlı tövsiyələrini verir.

Komitəsinin 59-cu sessiyasında Azərbaycan hökumətinin BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının icra vəziyyəti ilə bağlı dördüncü, Konvensiyanın "Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair" və "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair" Fakültativ Protokollarının icra vəziyyəti ilə bağlı ilkin hesabatlarının müzakirəsi keçirilmişdir. Müzakirələrin nəticəsi olaraq BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə qarşıdakı 5 il üçün uşaq sahəsində tövsiyələrini təqdim etmişdir. Tövsiyələrdə ötən müddət ərzində hökumət tərəfindən uşaq sahəsində görülmüş işlər, xüsusi olaraq ölkədə uşaq sahəsində həyata keçirilmiş qanunvericilik islahatları, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı atılmış addımlar nailiyyət olaraq qiymətləndirilmişdir.

- Dövlət Komitəsi bu günlə bağlı hansı tədbirlər həyata keçirir? Bu sahədə hansı təşkilatlarla əməkdaşlıq edilir?

- Komitəmiz mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər, layihələr ən müxtəlif istiqamətləri əhatə edir.Ailələrdə və dövlət uşaq müəssisələrində yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, insanların əlillik probleminə olan diqqətini artırmaq məqsədilə kütləvi tədbirlər təşkil olunur.

Biz Komitə olaraq uşaqların problemlərini həmişə diqqət mərkəzində saxlayır, onların hüquqlarıının qorunması istiqamətində mühüm tədbirlər həyata keçiririk.Ötən ilin noyabrında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və UNİSEF-in birgə təşkilatçılığı ilə Azərbaycan uşaqlarının II Forumu keçirildi. Forumda ölkənin bütün regionlarından 350 uşaq iştirak edirdi. 7 işçi qrupunda aparılan müzakirələrdə uşaqların suallarını dövlət qurumlarının nümayəndələri cavablandırdılar. Müzakirə olunan problemlər Forumun sonunda qəbul olunmuş Bəyannamədə öz əksini tapdı. Bu böyük tədbirin əhəmiyyəti o idi ki, ölkənin azyaşlı sakinlərinin uşaq problemlərinə olan münasibəti öyrənildi, ictimaiyyətin diqqəti bir daha uşaqların həyatına yönəldi.

Bayram ərəfəsində Komitə tərəfindən silsilə tədbirlər təşkil edilmişdir. Dünən Şüvəlan qəsəbəsində yerləşən McDonalds Əyləncə Mərkəzində xüsusi qayğıya etiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilmişdir. Bu gün isə tədbirlərin yekunu olaraq Park İnn otelində olkəmizi 2011-2012-ci illərdə müxtəlif beynəlxalq yarış və olimpiadalarda uğurla təmsil edən uşaqlar mükafatlandırılacaqlar. Qeyd edim ki, "Save the Children" (Uşaqların xilası) təşkilatı ilə birlikdə 2000-ə yaxın uşağın iştirak etdiyi "Uşaqların iştirakçılığı üzrə regional təşəbbüs" layihəsinin yekunu olaraq keçirilən uşaq hüquqlarına dair inşa yazı və rəsm müsabiqəsi də başa çatmışdır. Bu gün Sahil bağında qaliblərin mükafatlandırılması nəzərdə tutulur. Onu da deyim ki, uşaq hüquqlarına həsr olunmuş bukletlər bu gün tədbirlərdə paylanılacaqdır.

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi çərçivəsində Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində, dövlət uşaq müəssisələrində uşaqların ixtisasa yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədilə mütəmadi olaraq görüşlər keçirilir, uşaqların maraq və ehtiyaclarına uyğun kurslar təşkil olunur.

Bütün bunlar göstərir ki, uşaq hüquqlarının təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və aidiyyəti dövlət qurumları tərəfindən müvafiq istiqamətdə bir sıra addımlar atılır.

- Hicran xanım, sizcə, ölkəmizdə uşaqların sağlam ruhda böyüməsi və tərbiyə olunması, layiqli vətəndaş kimi yetişməsi üçün cəmiyyətin üzərinə nə kimi vəzifələr düşür?

- Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləriinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə önəmli dövlət proqramları qəbul edilmişdir. Bütün bunlarla yanaşı, uşaq hüquqlarının hərtərəfli təmin edilməsi, uşaq problemlərinin həlli bu istiqamətdə ardıcıl surətdə kompleks tədbirlərin reallaşdırılmasını şərtləndirir.

Eyni zamanda, uşaq problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən uşaqların sağlamlığının qorunması, uşaqların keyfiyyətli təhsil almaq imkanlarının artırılması, inklyuziv təhsilin inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatına yönəlmiş infrasrukturun yaradılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin, uşaq baxımsızlığının və uşaq əməyinin istismarının, onlara münasibətdə zorakılığın, uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması, cəmiyyətin uşaq hüquqları və uşaq problemləri ilə bağlı geniş maarifləndirilməsi istiqamətində dövlət orqanlarının fəaliyyətinin daha da gücləndirilməsinə, bəzi məsələlər üzrə əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, habelə beynəlxalq təşkilatların cəlb edilməsi birinci növbəli vəzifələrdəndir.

Regionlarda sağlam həyat tərzinin təbliği, qızların təhsildən yayınmasının və erkən nikah hallarının qarşısının alınması, valideyn himayəsindən məhrum olan uşaqlara diqqətin artırılması istiqamətində uşaqlarla, valideynlərlə, aidiyyəti dövlət və qeyri-dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə geniş maarifləndirmə kampaniyaları aparılır.

Əlillik uşaq və ailələrin üzləşdiyi ən ağır mənəvi və fiziki problemlərdən biridir. Tədqiqatlar göstərir ki, bu problem ailələrin dağılması və uşaqların internat müəssisələrinə düşməsinin əsas səbəblərindən birini təşkil edir. Bu gün Azərbaycanda rəsmi qeydiyyatda olan 57.961 uşaq müxtəlif formalı xəstəlik və onların ağır nəticələri üzündən əlilliyə məruz qalmışdır.

BMT-nin "Əlilliyi Olan İnsanların Hüquqları Haqqında Konvensiya"sı 2008-ci ildə Azərbaycan Hökuməti tərəfindən ratifikasiya edilmişdir.

Bu Konvensiyanın ratifikasiya edilməsi əlilliyi olan insanlar üçün daha geniş imkanların yaranmasına, bərabər imkanların təmin olunmasına təkan verəcəkdir.

Hökumətin diqqətində olan əhəmiyyətli məsələlərdən biri də yuvenal ədliyyə sahəsində islahatlardır. Bu məqsədlə Yuvenal Ədliyyə haqqında Qanun layihəsi hazırlanaraq geniş ictimai müzakirələrə çıxarılmışdır. Bu istiqamətdə məhkəmə və hüquq-mühafizə sisteminin əsas işçilərinin bacarıqlarının artırılması, cinayət törətmiş yeniyetmələrə qarşı həbs cəzasına alternativ olan cəzaların tətbiq edilməsi üzrə modellərin tərtib edilməsinə əlverişli şəraitin yaradılması, cinayət qurbanları və şahidləri olan yeniyetmələrin müdafiəsi üçün xüsusi tədbirlərin görülməsi, eləcə də Yuvenal Ədliyyə sisteminin yaradılması üçün tələb olunan struktur təşkilatlanma və hüquqi dəyişikliklərin müəyyən edilməsi və dəstəklənməsi işləri həyata keçirilir.

Sonda mən bütün uşaqlara ən xoş arzularımı bildirir, onlara xoşbəxt uşaqlıq yaşamağı arzu edirəm.

Digər xəbərlər