PDF Oxu

Sosial

  • 37

"Eurovision-2012"-də Bakı məftunedici işıqlar şəhərinə çevrildi

"Eurovision-2012"-də Bakı məftunedici işıqlar şəhərinə çevrildi

Azərbaycan beynəlxalq "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi etməklə bir daha potensial gücünü ortaya qoydu. Dünyanın 42 ölkəsinin təmsilçilərinin, eləcə də, qonaqların yüksək səviyyədə qarşılanması Azərbaycanın ictimai, sosial, mədəni həyatında əldə olunan uğunların məntiqi olaraq qiymətini aldı. Hər bir dövlət təmsilçisi müsahibə və münasibətlərində, eləcə də, dünya mətbuatı etiraf edərək, 57 illik tarixi dövrdə Azərbaycan tərəfindən müsabiqənin bu şəkildə təşkilinin möhtəşəmliyini önə çəkirlər. Həqiqətən də, Azərbaycan "Eurovision-2012" Mahnı Müsabiqəsinə möhtəşəm ev sahibliyi etdi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin də bu müsabiqənin yüksək səviyyədə təşkilində xüsusi rolu qeyd edilməlidir. Təşkilat Komitəsi tərəfindən qısa zamanda görülən işlər, mütəmadi olaraq, keçirilən iclaslar artıq "Eurovision-2012"nin, əks-səda doğuracağından xəbər verirdi. "Eurovision-2012" Mahnı Müsabiqəsini "Baku Crystal Hall"da izləyən minlərlə insanların alqışı, məhəbbəti, məftunluğu şəhərimiz ətrafında yüksək fikirlərin fomalaşmasına gətirib çıxarıb. Bu sırada Fransa senatoru Natali Qulenin də fikirləri maraq doğurur. Senator məftunedici işıqlar şəhərinə çevrilmiş gözəl Bakının "Eurovision-2012" ərəfəsində həm müsbət fikirlərin, həm də tənqidlərin, həsəd və istehzaların, əsassız siyasi və diplomatik təxminlərin, eləcə də, Azərbaycana qarşı yürüdülən qərəzli mühakimələrin obyekti olduğunu AzərTAc-a ünvanladığı məktubunda qeyd edir. "Eurovision-2012" Azərbaycana texnoloji imkanlarını nümayiş etdirmək, səriştəli və bacarıqlı insanların sayəsində bütün dünyaya açıq olduğunu xatırlatmaq üçün yaxşı bir fürsət oldu. Bu baxımdan Bakıda təşkil olunan müsabiqə Azərbaycanın heyrətamiz müvəffəqiyyətidir. Natali Qulen təəccüb hissi ilə bu hiddətlərin nədən qaynaqlandığını və əsasında hansı dəlillərin dayandığını xarakterizə edərək, maraqlı mühakimələrini diqqətə çatdırır. Senator bu qədər mənasız, sərt tənqidlərə münasibətdə qeyd edir ki, Bakının ünvanına olan bu mənfi münasibətlər ədalətsiz və qeyri-obyektivdir: "Çünki onlar bu qədim və müasir ölkəni tanımayan insanlar tərəfindən söylənilmişdir. Bu insanlar bilməlidirlər ki, Azərbaycan regional sabitlik üçün böyük faktordur. Mürəkkəb coğrafiyada yerləşən bu ölkə bir milyon qaçqın və məcburi köçkünün yaranmasına səbəb olan Ermənistanla müharibə vəziyyətindədir."

Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və müdrik siyasətin yürüdülməsi qeyri-xalqların belə diqqətindən kənarda qalmır. Tolerantlığın ünvanı kimi tanınan Azərbaycan bu gün Qərb və Şərq dəyərlərini özündə ehtiva edərək, dünyaya sivil, humanizm prinsiplərini qoruyan, sülh və əmin-amanlığın dünyada qorunmasında imzasını atan bir dövlət kimi dünyaya qapısını açıb. Bütün dinlərə, xalqarın mədəniyyətinə həssasızlıqla yanaşaraq, dünyada qəbul olunmuş qanun, qərər və konvensiyalara əməl edərək, bəşəriyyətə mövcud dəyərlərini nümayiş etdirir. Təəssüf ki, belə bir dövlətə qarşı yaranan qısqanclıq, işğalçı dövlətin qərəzli mövqeyi ölkəmizin maddi-mənəvi dəyərlərinə kobud bir şəkildə yanaşmaya gətirib çıxarır.

Azərbaycanla Ermənistan arasında baş verən məlum münasibələr kəskin şəkil alsa da, bu gün Azərbaycan bütün dinlərə qarşı birmənalı yanaşır. Ermənilərin Azərbaycandan getmələrinə baxmayaraq, bu gün Bakıda yerləşən erməni kilsəsi toxunulmaz olaraq qalıb. Bu dünya ictimaiyyətinin diqqətindən kənarda qalmır. Fransa senatoru qeyd edir ki, işğal olunmuş Azərbaycan torpaqlarında bütün tikililər, o cümlədən, məscid və ibadət yerləri, qəbiristanlıqlar yerlə yeksan edilmişdir: "Bu müsəlman ölkəsində yəhudi icması, həmçinin, xristian və başqa etiqad sahibləri heç vaxt antisemitizmlə üzləşmədən azad yaşamış və yaşayırlar. Bakı multikulturalizmin nümunəsidir."

Senatorun Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı münasbətləri də diqqətindən kənarda qalmır. Məktubda o da qeyd edilir ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycanın xristian dövlətləri ilə isti münasibətləri vardır və bunu Bakının küçələrində aydın görmək olur. Müharibə vəziyyətində olan hansı başqa ölkə belə liberal ola bilər, vətəndaşlarının azadlığını təmin edə bilər?! Azərbaycan həqiqətən tolerantlıq nümunəsidir, azərbaycanlılar təvazökar, müdrik xalq olduqların məhz bu dəyərləri, tarixi ilə dünyaya sübut edə bilir. Hər bir insan Azərbaycana səfər etdikdən sonra, eləcə də, dövlətimizin mədəniyyəti, diplomatiyası, iqtisadi göstəriciləri ilə tanış olarkən reallıqlarla üz-üzə qalır. Senator çox maraqlı bir təklif irəli sürür: "Gəlin, Bakıda görüşək və siz öz gözlərinizlə reallığı görün, jurnalistlərin yazıları ilə razılaşmayın, onların sizin yerinizə düşünmələrinə imkan verməyin!"- deyərək Azərbaycan həqiqətlərinə, birmənalı olaraq, fikirlərini qətiyyətli şəkildə ortaya qoyur. Azərbaycan bu gün hər sahədə uğur qazanmış bir dövlətdir. Bu dövlətdə keçirilən beynəlxalq tədbirlər ölkəmizin gerçəkliklərinin təqdimatında ən gözəl vasitədir. "Eurovision - 2012" Mahnı Müsabiqəsinin də paytaxtımızda təşkili bu həqiqətlərin qapısını dünya ölkələrinə əyani bir şəkildə açmış oldu.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər