Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin prioritet istiqamətlərindən biri də bilavasitə xalqın rifah halının daha da yaxşılaşdırılması, eləcə də, bu faktorun daha mütəşəkkil formalaşmasıdır. Belə ki, Prezident İlham Əliyevin istiqamətləndirdiyi siyasət də məhz bu kimi amildən qaynaqlanan uğur ardıcıllığdır.
Dövlət başçısının sovetdənqalma əmanətlərin qaytarılması haqqında imzaladığı mühüm Fərmanı da həmin tendensiyanın bariz göstəricilərindəndir. Artıq bildiyimiz kimi, Azərbaycanda əmanətlərin qaytarılması 2 milyondan artıq şəxsin əmanət hesablarına şamil ediləcək. Qeyd edək ki, əmanətlərin qaytarılması ilə bağlı müvafiq Prezident Fərmanına əsasən, birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının iştirakı ilə xüsusi komissiya yaradılacaq. Artıq pulların alınma prosesinə bir neçə gündür ki, başlanılıb, əhalinin böyük hissəsi sovet vaxtı əmanət kassalarına qoyduqları pullarına yiyələniblər.Onu da qeyd edək ki, bu proses bütün bölgələrimizdə müsbət nəticələrini verməkdədir.
Azərbaycan post-sovet ölkələri arasında məsələni qısa müddətdə həll etdi
Əmanətlərin fərdi birdəfəlik ödəmələrin verilməsinə 1 milyard manat həcmində vəsait yönəldilib. MDB-nin heç bir ölkəsi bu məsələni belə qısa müddətdə həll etməyib. Baxmayaraq ki, bu məsələnin 4-5 il bundan əvvəl həll edilə bilməsi barədə iddialar var idi. Lakin ölkə o zaman bir sıra problemlərə malik idi, kifayət qədər resurslar və təcrübə yox idi.
Bu baxımdan da, əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması ilə bağlı dövlət başçısının imzaladığı Fərman ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin tərkib hissəsidir. Bu hadisə, ilk növbədə, vətəndaşın öz dövlətinə inamını daha da gücləndirən bir addımdır. Çünki hər bir vətəndaşın müəyyən sosial planları var və dövlətin verdiyi bu vəsait onlar üçün planların həyata keçirilməsinə stimul yaradır. Əmanətlərin verilməsi üçün nəzərdə tutulan vəsait dövlətimizin indiki iqtisadi imkanları ilə müqayisədə elə də çox deyil. Amma burada mənəvi və siyasi cəhətdən əhəmiyyət kəsb edən məqamlar var. Yəni vətəndaş öz dövlətinə güvənir ki, dövlət öz vətəndaşının qayğısına qalır. Vətəndaşın problemi dövlətin problemi kimi qəbul olunur. Bir sözlə, bu hadisə, ilk növbədə, vətəndaşın dövlətinə inamını artırır və digər tərəfdən sosial vəziyyətinə kömək edir.
Xüsusilə, yaşlı nəsil dövlətin qayğısını yüksək dəyərləndirir
Bu hadisə, həm də onu göstərir ki, dövlətimizin siyasətində vətəndaşların maraqlarının təmin olunması başlıca yer tutur. Prezident İlham Əliyevin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman minlərlə ailənin sevincinə səbəb olub. Xüsusilə, yaşlı nəsil belə bir qərarın verilməsini gözləyirdi. Keçmiş SSRİ respublikalarından bir çoxu bu prosesi həyata keçiriblər. Amma məsələni təhlil edəndə, ayın görünür ki, əmanətlərin qaytarılması ilə bağlı Azərbaycanın tətbiq etdiyi qaydalar əhali üçün daha sərfəlidir. Digər tərəfdən, bəzi ölkələrdə əmanətlərin verilməsi üçün uzun zaman tələb olunub. Lakin Azərbaycanda bu proses maksimum 18 ayda tamamlanacaq. Bu da ölkəmizin bütün məsələləri çevik şəkildə həll etmək iqtidarında olduğunu göstərir. Yəni digər respublikalarla müqayisədə Azərbaycan dövləti öz vətəndaşlarının maraqlarını maksimum səviyyədə qoruyur və təmin edir. Şübhəsiz ki, bu Fərman xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasının Azərbaycan iqtidarı üçün prioritet məsələ olduğunu bir daha təsdiqlədi. Xalqımız isə, bir daha öz dövlətinə, sevimli Prezidentinə daim minnətdar olacaq. Çünki dövlət-xalq, xalq-dövlət vəhdətinin əsas meyarlarından biri və önəmlisi sosial rifahın təmin olunmasıdır. Bu baxımdan, Azərbaycanda nəinki sosial rifahın, eləcə də, digər məsələlrin həlli uğurla həyata keçirilir.
RƏFİQƏ HÜSEYNOVA