Məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman minlərlə ailənin sevincinə səbəb olub. Bununla bağlı artıq iyunun 1-dən həmin Fərmanın icrasına başlanılıb. Ölkə vətəndaşlarının münasibətini öyrənmək üçün "Kapital Bank"ın bir neçə filiallarına müraciət etdik. Bütün vətəndaşlar ölkə Prezidenti İlham Əliyevin əmanətlərin qaytarılması ilə bağlı Fərmanını böyük sevinclə qarşılayır. Məsələ ilə bağlı "Kapital Bank"ın filial müdirinin müavini ilə və vətəndaşlarla söhbət apardıq.
"Kapital Bank"ın 2 saylı Yasamal rayon filialının müdir müavini Əli Məhəmmədov:
- Ölkə Prezidenti İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman vətəndaşlar tərəfindən çox yüksək qarşılanır. Nə zamandır ki, bununla bağlı müəyyən fikirlər var idi, amma indi reallaşıb. Artıq iyunun 1-dən sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılmasına başlanıb. Əmanətlər "Kapital Bank" və onun filialları vasitəsilə qaytarılır. Bunun üçün vətəndaşlar azad şəkildə bankın müxtəlif filiallarına yaxınlaşıb, öz əmanətlərini ala bilər. Əmanətlərin qaytarılması ilə bağlı dövlət tərəfindən hər bir addım atılıb, xüsusilə, vəsait ayrılıb. Dövlətimizin imkanları var və bu səbəbdən vətəndaşların pulları qaytarılır. Heç bir şəxs kimsənin pulunu mənimsəyə bilməz və buna da yol verilmir. Çünki dövlətin nəzarətindədir. Sənədlərin qəbulu isə ilin sonuna, əmanətlərin verilməsi isə 2013-cü ilin 31 dekabrınadək başa çatmalıdır. Prezidentin bu ilin martında verdiyi Fərmana əsasən, vəsaitlərin vərəsələrə, əmanət kitabçalarını itirən və ya yararsız hala salan vətəndaşlara da verilməsində də problem olmayacaq.
Əmək veteranı, fəxri dəmiryolçu Mirəzim Muradov:
- Əmanətlərin qaytarılması hər birimizi sevindirir. Biz ölkə Prezidenti İlham Əliyev cənablarına öz minnətdarlığımızı bildirik ki, batmış pullarımız geri qaytarılır. Bu məsələ hər bir Azərbaycan vətəndaşının ürəyincədir. İllərdir bu söz-söhbətlər getsə də, nəhayət ki, reallaşdı. Bəzən buna pis yanaşanlara da rast gəlmək olar. Amma bu qədər pulu qaytarmaq bizim dövlətimizin inkişafı ilə əlaqədardır. Düşünürəm ki, hər birimiz buna görə Prezidentimizə minnətdar olmalıyıq. Sərbəst şəkildə banka müraciət etdim, mənə qeydiyyat nömrəsi verdilər. Qısa müddətdə pulumuzu verəcəklər.
Rəfiqə Aydəmirova:
- Çox sağ olun ki, bizim kimi sadə vətəndaşların da fikirlərini öyrənirsiniz. Mən təqaüdçüyəm və əmanətlərin qaytarılmasına çox sevinirəm. Biz inanırdıq ki, Prezidentimiz belə bir addım atacaq. Çünki O, çox uzaqgörən bir insandır. Düşünürəm ki, Onun bu əmanətlərlə bağlı Fərmanı bütün insanların ürəyincə oldu. Çünki nə qədər təqaüdçü var idi ki, onların da pulları var idi. İndi onlar pullarını rahat şəkildə ala biləcəklər. Mən də bunun üçün artıq banka müraciət etmişəm. Öz növbəm çatanda, mənim də pulumu verəcəklər. Bir daha Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bilidirirəm.
Şövkət İsmayılova:
- Mən öz adımdan, ailəmiz adından ölkə Prezidenti İlham Əliyev cənablarına və xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Ümumiyyətlə, belə bir addımın atılması hamı kimi bizi də sevindirir. Heç ağlımıza belə gəzməzdi ki, batmış pullar qaytarılar. Hardasa arabir eşidirdik ki, pullar qaytarılacaq, amma indi hər şey reallaşıb. Çox sağ olsunlar. Ölkəmiz hərtərəfli inkişaf edir. Hər halda, ölkəmizin maddi durumu buna imkan verir ki, pullar qaytarılsın.
Lətif Qasımov:
- Mən təqaüdçüyəm. Maddi durumum aşağı səviyyədə olduğu üçün belə bir addımın atılması, əmanətlərin qaytarılması çox vacib idi. Bu ölkə Prezidentinin ideyasıdır. O, Azərbaycan xalqının mərd oğludur. Onun bütün vətəndaşalara diqqət və qayğısı var. Pensiyaların artırılması ilə mütamadi artımların olması, maddi yardımların edilməsi biz sadə vətəndaşları, pensiyaçıları sevindirir. Onun Azərbaycana rəhbərlik etdiyi dövlətlərdə ölkəmiz daha da gözəlləşib. Mən Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri yaxşı xatırlayıram. Bu gün də həmin ənənə davam davam edir. Oğlu İlham Əliyev atasının uğurlu yolunu davam etdirir. Allah ona can sağlığı versin. Artıq gördüyünüz kimi biz banka gəlmişik və öz növbəmizi gözləyirik. İnsanlar çoxdu, hamı istəyir pulunu tez alsın. Lakin bu, heç də asan bir məsələ deyil. Bir daha bu məsələnin reallaşması üçün Prezidentimizə minnətdarlığımı bildirirəm.
Ağanəbi İlyasov:
- Əmanətlərin qaytarılması minlərlə ailənin sevincinə bais olub. Xüsuilə də, biz təqaüdçülərin. Mən öz adımdan deyə bilərəm ki, bu, çox lazımlı bir Fərman idi. Prezidentimiz çox sağ olsun ki, bizi və Azərbaycan xalqını çox sevindirdi. İllərdir, bu Fərmanı gözləyirik. Kimin nə deməsindən asılı olmayaraq, hər şey qaydasında gedir. Bütün insanlar, görüdüyünüz kimi, sərbəst şəkildə banka yaxınlaşıb sənədləri təqdim edir və pulu almaq üçün növbəyə dayanır. Mən də, həmçinin, gəlmişəm və heç bir narazılığım yoxdur. Bu qədər pulu qaytarmaq çətin məsələ olsa da dövlətimiz bunu etdi. Çox sevindik. Arzu edirək ki, torpaqlarımız azad olunsun. Buna da inanırıq. İnşallah o günü də qeyd edəcəyik.
Təbiəti Mühafizə Cəmiyyətinin sədri Bakir Nəcəfov:
- Mən Prezidentin bu addımını birmənalı olaraq dəstəkləyirəm. Qısa müddətdə bu işin həyata keçirilməsi çətin məsələdir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həyata keçiriləcək. Ümumiyyətlə, keçmiş SSRİ respublikalarından bir çoxu əmanətlərin qaytarılması prosesi həyata keçirilib. Amma onlarla nisbətdə əmanətlərin qaytarılması ilə bağlı Azərbaycanın tətbiq etdiyi qaydalar əhali üçün daha sərfəli və məqsədəuyğundur. Digər tərəfdən, bəzi ölkələrdə əmanətlərin verilməsi üçün uzun vaxt tələb olunub. Lakin bu proses Azərbaycanda qısa zamanda həyata keçiriləcək. Digər respublikalarla müqayisədə Azərbaycan dövləti öz vətəndaşlarının maraqlarını maksimum səviyyədə qoruyur və təmin edir. Cənab Prezidentin Fərmanı xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması Azərbaycan iqtidarı üçün prioritet məsələ olduğunu bir daha təsdiqlədi. Bütün hallarda sevinirik və dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.
Gülnarə İsmayılova:
- Hamı kimi mən də sevinirəm. Banka pulumu almaq üçün gəlmişəm. Açığını deyim, gözləmirdik ki, pullarımız qayıdar. Kimisi deyir, azdır. Amma buna da şükür. Mən razıyam. Hər halda, dövlət bildiyi məsləhətdir. Bunun üçün biz yalnız ölkə başçısına minnətdar olmalıyıq ki, belə bir addım atdı. O qədər adamın banka pulu var ki, hamı Prezidentimizə təşəkkür edir. Bunu heç bir Prezident etməz. Amma İlham Əliyevin uzaqgörənliyi həmişə xalqımızı ön sıralara çəkir. Siz də çox sağ olun ki, vətəndaşlara təşəkkür etmək üçün şərait yaradırsınız. İşiniz avand olsun.
Gülxanım Mirzəquliyeva:
- Mən televizorda Fərmanı eşidəndə, çox sevindim. Düşündüm ki, belə bir şey ola bilməz. Amma indi pulumu almaq üçün növbəmi gözləyirəm. Sənədlərimizi sərbəst şəkildə təqdim edirik. Heç kim bizə maneçilik törətmir. Kimsə səs-küy edirsə, o insan haqsızdır. Biz necə sevinməyə bilərik. İllərdir bu Fərmanı gözləyirik ki, əmanətlər qaytarılsın. Bu, Prezidentin qətiyyətli mövqeyinin göstəricisidir. Onun həyata keçirdiyi siyasəti daim dəstəkləmişik və bundan sonra da dəstəkləyirik.
Babək Hacıyev