Dövr və zaman dəyişsə də, birinci Qarabağ müharibəsi zamanı ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliam siyasəti yaddan çıxmayacaq. Çünki erməni vəhşiliyi elə bir qəddarlıq nümunəsi olub ki, onu hafizələrdən silmək, yaddaşlardan təmizləmək qeyri-mümkündür. Bu baxımdan, Azərbaycanın Dağlıq Qarabağ yanğısı, xalqımızın qaysaq bağlamayan yarası bizlərin, hamımızın dərd yeri, kədər düzənidir. Bununla yanaşı, onu demək olar ki, torpaqların işğal nisgilini Azərbaycanın digər bölgələrilə müqayisədə ağdamlı, zəngilanlı, laçınlı, şuşalı daha çox çəkir. Bu baxımdan, onları ən kədərli və kövrək insanlar hesab etmək olar. Lazımdır ki, birlik və monolit nümunəsi olan Azərbaycan cəmiyyətinin bütün təbəqələri kövrək və kədərli insanlara lazımi diqqət və qayğı göstərsinlər. Heç bir halda, onların əsəbləri ilə oynamaq, hissləri ilə ziddiyyət yaratmaq olmaz. Amma nə yazıqlar ki, bəzən elə mətbu orqanlar olur ki, bu kateqoriyadan olan insanlara qarşı açıq şəkildə hörmətsizlik göstərirlər. Yəni kimlərinsə tapşırığı, istək və arzularına uyğun olaraq işğal altında olan rayonların Bakıda və Azərbaycanın digər bölgələrində formalaşan icra strukturları haqqında yanlış məqalələr dərc edir, şər və böhtan xarakterli məlumatlar yaymağa çalışırlar. Hədəfə tuş gələn rayonlardan biri də Laçın rayonudur. Bu həmin rayondur ki, 18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunduqdan sonra 71 min 500 nəfərdən ibarət olan rayon əhalisi respublikanın 59 şəhər və rayonlarında məskunlaşmışdır. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Sərəncamına müvafiq olaraq Laçın rayonundan qaçqın düşən insanların yaşayış durumunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Amma nə qədər yaxşı şərait, gözəl mühit yaradılsa da, laçınlılar yurd həsrətini, nisgilini unuda bilmirlər. Demək olar ki, onlar hər gün o yerlərə qayıtmaq ümidindədirlər. Təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü sülh siyasəti nəticəsində işğal altında olan torpaqlarımız erməni əsarətindən azad ediləcək və o zaman qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına dönmək imkanı əldə edəcəklər. Hələlik isə, bizlərə sadəcə səbr etmək lazımdır. Bu müddətdə kimlərsə təxribat yolu tutub, arxa planda gizlənən qüvvələrin tapşırığına uyursa, o şəxslər vətən, torpaq sevgisindən uzaqdırlar. Bu hisslərdən uzaq olan insanlardan alət kimi istifadə edən mətbu orqanlar isə jurnalist peşəsinə, etikasına xələl gətirənlərdir. Necə ki, haqlı olaraq Laçın rayon təhsil şöbəsinin metodist vəzifəsindən azad edilən Baxışov Müqabil Baxış oğlunun səhvlərindən istifadə edərək, Laçın rayonu, onun ictimaiyyəti haqqında şər, böhtan yazırlar. Laçın rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumata əsasən, deyə bilərik ki, alət kimi istifadə olunan sözügedən şəxs 25 may 2012-ci il tarixində rayon təhsil şöbəsinin müdirinə ərizə ilə müraciət edərək, işdən azad olunmasını xahiş etmişdir. Ərizəyə rayon təhsil şöbəsində baxılmış və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq M.Baxışov işdən azad olunmuşdur: "Məlumat üçün bildiririk ki, M.Baxışov, atası və iki qardaşı Taxta-körpü ərazisində yeni inşa olunmuş 552 ailəlik qəsəbə də evlə təmin olunmuşdur. M.Baxışov bütün müraciətlərində Taxta-körpü əraizisində yeni tikilib istifadəyə verilmiş qəsəbənin paylanılmasında yol verilən nöqsanlardan danışır. Görəsən, onların 4 ailəsinə, hansı ki, Ağcabədi şəhərində ev tikdirməsinə, atası Baxış Baxışov, Ağcabədi rayonu ərazisində ferma saxlamasına baxmayaraq, Taxta-körpü qəsəbəsində ona ev veriləndə, ondan kimsə nəsə umubmu?? Təbii ki, yox. Belə xislətli insanların şantaj, böhtanla nəyəsə nail olmaq istəyinə heç cür haqq qazandırmaq mümkün deyildir. İndi, təbii ki, 1992-ci il deyil. Əbülfəz Elçibəy dövrü ilə indiki dövrü qarışıq salan bu insanlar bilməlidirlər ki, bu gün Azərbaycanda hədə-qorxu ilə, şantaj, böhtan dolu iftiralarla nəyəsə nail olmaq mümkün deyildir".
Laçın rayonunda həyata keçirilən quruculuq-abadlıq işləri, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün yeni iş yerlərinin açılmasını da təqdirəlayiq hal kimi dəyərləndirilən amillərdəndir. Təkcə bu faktı qeyd etmək lazımdır ki, 2003-cü ildən 2012-ci ilin iyun ayının 1-dək, 664-ü daimi olmaqla 2770 yeni iş yeri açılmış, 18 kəndli-fermer təsərrüfatı yaradılmışdır. Rayon əhalisinin əsasən kənd təsərrüfatı ilə məşğul olması nəzərə alınaraq , Taxta-körpü ərazisindəki torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərə başlanılmış və 1000 hektardan çox torpaq sahəsində meliorasiya tədbirləri aparılmış, hazırda bu istiqamətdə işlər davam etdirilir. Dövlətimiz tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, rayon əhalisinin şəxsi təsərrüfatında və fermer təsərrüfatlarında hal-hazırda 32923 baş iribuynuzlu, 198741 baş xırdabuynuzlu heyvanlar vardır. Rayon rəhbərliyinin dəstəyi ilə 2008-2011-ci illərdə xalqımızın ən müqəddəs bayramlarından olan Qurban bayramlarında 600 başdan çox xırdabuynuzlu heyvanlar kəsilərək, ərzaq bağlamaları ilə birlikdə respublikanın müxtəlif rayonlarında məskunlaşmış rayonun ən imkansız, tənha, şəhid, əlil və veteran ailələrinə paylanılmışdır.
Son beş ildə məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan yemək xərci müavinətlərinin ödənilməsində, ərzaq, həmçinin, payız-qış mövsümü ilə bağlı verilən ağ neft yardımlarının paylanılmasında, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əvvəlki illərdə yol verilmiş nöqsanlara qarşı mübarizə aparılaraq, şəffaflığa nail olunması sakinlər arasında mənəvi yüksəlişə səbəb olmuşdur. Bütün bunlar rayon icra hakimiyəti aparatında yaradılmış sağlam mühitin nəticəsində mümkün olmuşdur. 2008-2012-ci illərdə rayonun təhsil sahəsində aparılmış şəffalıq və nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində fəaliyyətində ciddi nöqsanlar olan 7 ümumi orta, 3 ibtidai məktəbin, 20 məktəb filialının fəaliyyəti dayandırılmış, 213 sinif komplekti ləğv olunmuş, məktəb şagirdlərinin adlarının mərkəzləşdirilmiş qaydada xüsusi proqram əsasında kompyuterə yığılması nəticəsində məktəb şəbəkələrinə formal daxil edilmiş 3 min nəfərdən çox şagirdin adı məktəb şəbəkəsindən çıxarılmışdır. Ümumiyyətlə, rayonun təhsil sahəsində aparılmış işlər nəticəsində, son 5 il ərzində 700 nəfərə qədər orta məktəb məzunu respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuş, hər il sentyabr ayında onlarla Bakı şəhərində görüşlər keçirilərək, daha yüksək bal toplayan abituriyentlərə rayon icra hakimiyyəti tərəfindən nootbuuk kompyuterləri və digər qiymətli hədiyələr verilmişdir.
Gənclər arasında aparılmış maarifləndirmə işlərinin və həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq neçə illərdir ki, çağırışyaşlı gənclər arasında çağırışla bağlı həqiq hərbi xidmətdən yayınma hallarına rast gəlinmir. Taxta-körpü qəsəbəsində mini-idman meydançası tikilərək , açıq əyləncəli futbol məktəbi fəaliyyətə başlamışdir. Həmçinin, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qaradağ rayonunun Ümid qəsəbəsində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə AFFA-nın xətti ilə yaşıl örtüklü idman meydançası inşa olunaraq, istifadəyə verilmişdir.
Ötən illər ərzində rayon icra hakimiyyəti laçınlı məcburi köçkünlərin qayğı və problemlərini daim diqqət mərkəzində saxlamışdır.Təkcə 2010 və 2011-ci illərdə Taxta-körpü və rayon sakinlərinin sıx məskunlaşdıqları digər ərazilərdə məcburi köçkünlərimizin qarşılaşdıqları problemlərlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetində, həmçinin, 15-dək nazirlik, komitə və digər əlaqədar mərkəzi təşkilatlarda rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tərəfindən görüşlər keçirilmiş, bu problemlərin həlli ilə bağlı müvafiq tədbirlər planı hazırlanaraq, qaldırılmış əksər problemlərin həllinə nail olunmuşdur. Ötən müddət ərzində vətəndaşların yerlərdə səyyari qəbuluna üstünlük verilmiş, son beş ildə rayon sakinlərinin məskunlaşdığı 58 rayonun hər birində olmaqla, 350 yaşayış məntəqəsində keçirilmiş səyyar qəbul-görüşlər zamanı rayonun 6000 nəfərdən çox məcburi köçkünü qəbul edilmiş, onların bütün problemləri dərindən təhlil edilərək, bir çox problemlər elə yerindəcə həll olunmuşdur.
İ.ƏLİYEV