Bu günlərdə Türkiyənin paytaxtı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının Türk Qadın Qolları tərəfindən təşkil edilmiş üçüncü qurultayı öz işini uğurla başa çatdırmışdır. Keçirilən möhtəşəm tədbirdə dünyanın 40-dan artıq dövlətinin tanınmış ictimai-siyasi xadimləri, elm və maarifçi qadınları nümayəndə kimi iştirak ediblər. Eyni zamanda, Azərbaycandan olan nümayəndə heyəti də yüksək fəallığı ilə bu möhtəşəm tədbirə qoşulmuşdur. Məndən əlavə beynəlxalq konqresdə daha iki nəfər - Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva təmsil olunurdu. Qurultayda Türkiyə Cümhuriyyətinin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri cənab Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi.
AK partiyanın Türk Qadın Qolları tərəfindən təşkil edilmiş qadınlar qurultayının əsas mahiyyəti və məqsədi bir daha sübut etdi ki, qadın məfhumu dünyada sülhün, bərabərliyin bərqərar olmasında əhəmiyyətli rol oynayır, onun ali təcəssümü kimi dəyərləndirilir. Çünki qadın təkcə tərbiyəçi deyil, bəşəriyyəti saflığa, təmizliyə, sülhə, bərabərliyə və yüksəlişə səsləyən də möcüzəli ahənrübadır ki, onu heç nə ilə müqayisə etmək olmaz. Ana müqəddəsliyi, qadın ülviyyəti də buradan irəli gəlir. Belə qadınlar cəmiyyətdə neçə-neçə nəsillər üçün örnək və nümunə olmaq səlahiyyəti kəsb edirlər. Belələri qəhrəmanlığa da, analığa da, ictimai xadimliyə də layiqdirlər. Çünki onların tərbiyə verib boya-başa çatdırdıqları övladlar Vətənə, Dövlətə, Millətə layiq vətəndaşlar kimi yetişirlər.
Qurultayda Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövzu ətrafında etdiyi geniş məzmunlu məruzəsi qadın nümayəndələrinin dərin marağına səbəb oldu. Türkiyədə anaya, qadına verilən dəyər, bu zərif varlığın həyatını, məişətini gözəlləşdirmək məqsədi alidir və bu tədbirlər rəqəmlərlə, faktlarla qurultay nümayəndələrinə çatdırıldı. Baş nazirin çıxışı türk anasının ruhunu, onun cəmiyyətin tərəqqisi naminə fədakarlığını, bu gün ağıllı, zəkalı analara dünyanın böyük ehtiyacını diqqətə çatdırdı. Baş nazirə görə cəmiyyətdə qadın, həm də bir güc mənbəyidir. Həmin güc dünyada əmin-amanlığın bərqərar olmasında səciyyələnən qiymətdir, dəyərdir.
Konqresdə Azərbaycan nümayəndəliyinin adından mənə də söz verildi və mən həmin çıxışımda qeyd etdim ki, bu gün bütün dünyanın analarını ülvi bir amal, məqsəd birləşdirir: dünyada güllər açılsın, güllələr açılmasın. Qloballaşan dünyanın tərəqqisi, inkişafı biz anaları sevindirdiyi qədər, terrorlar, təxribatlar, müharibələr də kədərləndirir, düşündürür. Bu müharibələrə, qan-qadalara, xaoslara son qoyan, Vətənin, Millətin, Dövlətin təhlükəsizliyi naminə sinəsini sipər edən igid, zəkalı oğulları biz böyütməliyik. Onları kamil vətəndaşlar kimi cəmiyyətə biz hazırlamalıyıq. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk söyləmişdir: "Böyük uğurlar qiymətli anaların böyütdüyü oğulların işidir".
Bu gün Azərbaycanda qadın hərəkatı gündən-günə genişlənir. Onu cahanşümul işlərə ruhlandıran, fikrən və ruhən pərvazlandıran bu gün uğurla həyata keçirilən Ulu Öndər Heydər Əliyevin ideyalarıdır.
Azərbaycan qadını Türkiyənin anaları eyni məqsəd, eyni amalla yaşayırlar: dünyamız dinc olsun, övladlarımız əmin-amanlıqla böyüsün, dövlətimiz qüdrətli, vətənimiz toxunulmaz, millətimiz xoşbəxt olsun! Budur biz qadınları birləşdirən, sabaha səsləyən, fəaliyyətə ruhlandıran. Bu önəmli tədbirin qardaş Türkiyədə keçirilməsi bizə azərbaycanlı qadınlara, analara stimul verir. Çünki biz həm də bir millət, iki dövlətik. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan qadınları cəmiyyətimizdə böyük nüfuza, hörmətə, ehtirama sahibdir. Bu baxımdan, xalqımızın Ulu Öndəri, Ümummilli Lider Heydər Əliyev davamlı olaraq, qadın anlamına daima xüsusi diqqət yetirmişdir. O, hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyət, incəsənət, elm və digər sahələrdə çalışan, yorulmaz töhfələrini verən qadınlarımıza daim yeksək qiymət vermişdir. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".
Bu gün isə yeni əsrin qadını intellektual səviyyəsini daim artırmalı, yüksək təhsilə malik kamil şəxsiyyət kimi formalaşmalıdır. O, milli keyfiyyətləri ümumbəşəri dəyərlərlə uzlaşdırmalı, hüquqlarını dərindən bilməli, özünü zorakılığın bütün formalarından qorumağa qadir olmalıdır. Yalnız bütün bu amillərin birgə təsiri sayəsində qadınlar ictimai inkişafın katalizatoru funksiyasını yerinə yetirə və cəmiyyətdə sosial harmoniyanın tənzimlənməsini həyata keçirə bilərlər. Məmnunluq hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan iqtidarın həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılmışdır. Hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. BMT, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatlar hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşırlar. Bu, heç də təsadüfi deyil, çünki psixoloji və fiziki təzyiq bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirə bilər. Bu gün bizə sözünü beynəlxalq tribunalardan qətiyyətlə deyə bilən, qlobal məsələlərin həllinə layiqli töhfə verməyə qadir olan qadınlar lazımdır. Fərəhlidir ki, bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün bu keyfiyyətləri özünün təkrarsız şəxsiyyətində üzvi surətdə birləşdirir. O, dünyada nüfuzlu ictimai-siyasi xadim, zadəgan dəyərlərinin daşıyıcısı, istedadlı alim, qayğıkeş anadır. Hər bir Azərbaycan qadınının, ailəsinin və uşağının problemlərini özünün diqqət mərkəzində saxlayan Mehriban xanımın təşəbbüsü ilə uşaqların sağlamlığı, təhsili, tərbiyəsi sahəsində böyük layihələr uğurla gerçəkləşdirilir. Xüsusilə, sevindiricidir ki, Mehriban xanımın yüksək humanist missiyasını Onun tərbiyə verdiyi övladları böyük ləyaqətlə tamamlayırlar.
Bu gün Azərbaycan həm də beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilib. Qeyd edim ki, "Eurovision" kimi mötəbər bir Mahnı Müsabiqəsinə ev sahibliyi edən Azərbaycan ölkə reallıqlarını bütün dünyaya nümayiş etdirdi. Əsas məqam isə ondan ibarətdir ki, həmin möhtəşəm tədbirin təşkilatçılıq missiyasını da, məhz Mehriban xanım Əliyeva həyata keçirdi. Ancaq bu da son deyil. Çünki hər birimiz əminik ki, növbəti tədbirlər çərçivəsində gələcəkdə də bu kimi uğurlar davam etdiriləcəkdir.
Konqresdə Ədalət və İnkişaf Partiyasının Türk Qadın Qollarının sədri, nəcib və hörmətli xanım Dalgül Akşitin də məruzəsi əhəmiyyətli mövzulara həsr olundu. O, türk və dünya qadınlarının qlobal, nəhəng məsələlərə qoşulması ətrafındakı çıxışında qeyd etdi ki, qadınlar gələcəkdə də sülhün, əmin-amanlığın bərqərar olmasında mükəmməl və davamlı rol oynayacaq, bəşəriyyətə əvəzsiz töhfələrini verəcəkdir. Konqres öz işini uğurla başa çatdırdıqdan sonra əcnəbi qonaqlar Türkiyənin paytaxtı Ankaranın tarixi yerlərində oldular. Bu böyük şəhərin abadlığı, inkişafı, quruculuq işləri bizə Azərbaycanı xatırlatdı və bu barədə qonaqlarla ürəkdolusu söhbətlər etdik. Belə tədbirlərin gələcəkdə Azərbaycanda keçirilməsini arzuladıq. Bu gün dünya qadınlarının fikir və məqsəd mübadiləsinə böyük bir ehtiyac olduğu dəfələrlə vurğulandı.
NURLANA ƏLİYEVA,
YAP Qadınlar Şurasının
sədri, filologiya elmləri
doktoru, professor