Sirr deyil ki, bu gün Avropanın, Qərbin siyasi sifarişlərini canfəşanlıqla həyata keçirən müxalifət ünsürləri, eləcə də, cinayətkar aləmin "avtoritetləri" özlərinə haqq qazandırmaqdan ötrü hər bir rəzil addımlara getməkdən çəkinmirlər. Bu kimi mövzular ətrafında isə hər bir aşağılıqlara imza atan cinayətkar ünsürlər öz cinayətlərini siyasi müstəviyə yönəltməyə səy göstərirlər. Ancaq onu da vurğulamaq yerinə düşərdi ki, bu və bu kimi cərəyan edən hadisələr ətrafında qondarma "hüquq müdafiəçiləri" hər vəchlə çirkli pullar qazanmış həmin adamlardan maddi dividendlərinin artırılması istiqamətində qazanc əldə etməyi prioritet vəzifə kimi qəbul edirlər.
Nəticədə, bəlli olur ki, əslində, müxtəlif "siyasi məhbus" siyahılarında müxtəlif rəqəmlər göstərən "hüquq müdafiəçiləri" burada rüşvət və korrupsiya hallarına şərait yaradırlar. Bu isə, onu deməyə əsas verir ki, hazırda demokratiya, insan hüquqları, demokratik cəmiyyət uğrunda "mübarizə" aparan həmin qüvvələr bilavasitə qeyri-qüvvələrin xidmətində dayanırlar. Milli Məclisin vitse-spikeri Bahar Muradova bu barədə mətbuata açıqlamasında deyib ki, əslində, həmin adamlar Qərb ölkələrində həyatlarını yüksək təminatı üçün istənilən xəyanətlərə əl atırlar. Çünki ən yüksək həyat tərzi onların dövlətçilik, millətçilik və anti-Azərbaycan fəaliyyətlərini gerçəkləşdirmək üçün ən "münbit" variantdır. Təbii ki, burada bəzi siyasi dairələrin də məkrli niyyətləri mövcuddur. Onu da qeyd edək ki, cinayətkar ünsürlərin "siyasi məhbus" teoreminə aid edilməsi həmin qüvvələrin xarici təsir maraqlarına xidmət edir: "Bəzi dairələrin Azərbaycana yönələn təhdidlərinin, təzyiqlərinin kökündə yalnız bu iki - siyasi məhbus adlandırılanların azadlığa buraxılması və sərbəst toplaşmaq azadlığının təmin olunması məsələsinin durmasını düşünmək düzgün olmaz. Bu, sadəcə, fərziyyədir və kimlərsə bunu öz məqsədləri üçün istifadə etmək istəyir. Azərbaycanda vaxtilə yüzlərlə "siyasi məhbus" siyahısı var idi. Hansı ki, o siyahılarda adları olanların çoxlarının kim olduğunu siz də, biz də yaxşı bilirik. Elə o siyahını tərtib edənlər də gözəl bilirdilər. Hamısı azad olundu, çoxları bu gün Qərb dövlətlərində özləri üçün gözəl şərait yaradıblar və bəlli olub ki, "siyasi məhbus" adlandırılmağın məqsədi və hədəfi nə imiş. Bu gün də bu məsələlər davam edir. Özü də siyasi məhbus və vicdan məhbusu deyilən terminin nə olduğu, onun arxasında nəyin dayandığı , hansı kriteriyalarla müəyyən edildiyi bəlli olmayan bir beynəlxalq mühitdə, sadəcə, Azərbaycanda bu məsələni qabartmaq bəlli məqsədlərdən xəbər verir".
Vitse-spiker bildirib ki, bu cür adlandırılan şəxslərin azad olunmasının proseduru var və bu prosedura da əməl olunmalıdır. Onun açıqlamasını təhlil edərkən, həm də belə bir qənaətə gəlmək mümkündür ki, müəyyən cinayətlər törətmiş şəxslərin "siyasi məhbus" adı alitında ölkə rəhbərliyinə bilavasitə müraciət etməsi demokratik hakimiyyətə olan sonsuz inamın və etibarın təcəssümüdür: "Əgər biz, doğurdan da, qanunun aliliyindən danışırıqsa, vətəndaş cəmiyyətinin qurulmasını istəyiriksə, bəyan etdiyimiz kimi, bu prosedurlara da əməl olunmasını tələb etməliyik. Yoxsa hansısa bir şəxs durub ultimativ şəkildə prezidentə müraciət ünvanlayır və söyləyir ki, dərhal, qeyd-şərtsiz filankəsi azad etməlisiniz. Bəs məhkəmə, hakim nəyə lazımdır? Bəs dövlət adından çıxarılan hökm harada qaldı? Onun dəyişdirilməsi qaydaları necə oldu? Prosedura əməl etməklə istənilən hökmü ləğv etmək də, istənilən addımı atmaq da, istənilən şəxsin cəzasını yüngülləşdirmək də, kimlərisə cəzadan azad etmək də olar. Bu, eyni zamanda, əfv qaydasında, amnistiya qaydasında, cəzanın müəyyən hissəsinin çəkilməsini nəzərə alaraq bir hissəsinin bağışlanmaq qaydasında baş verə bilər".
B.Muradovanın vurğuladığına görə, ancaq bu kimi əsasız ultimatumlar şəxsi dividendlər fonunda verilməməlidir: "Kimlərsə düşünməməlidir ki, bəli, populyarlaşmaq üçün istədiyim hərəkəti edəcəyəm, bir çoxları üçün fəaliyyət obyektinə çevriləcəyəm, ətrafımda hay-küy yaratmaq kimlərinsə özünüifadə vasitəsinə çevriləcək, bundan müəyyən qrantlar, layihələr udmaq üçün kimlərsə istifadə edəcək, sonra da Azərbaycan hökumətinə, prezidentinə təzyiq olunacaq ki, bütün hüquqi prosedurları bir kənara qoy, dərhal mənim tələbimlə filankəsi azad et. Belə olmur! Biz tələblərimizlə istəklərimizi qanun çərçivəsində ortaya qoymağı bacarmalıyıq. Onda hər şey öz yerində olacaq. Ancaq bu tələblər yerinə yetirilsə belə, onların Azərbaycanı dəstəkləyəcəyini və yaxud bu fikirlərindən daşınacaqlarını düşünmək də ən sadəlövh bir insanın düşüncəsi ola bilər. Yəni, o olmasa, başqa bir səbəb tapılacaq. Azərbaycana təzyiq etmək istəyi varsa, Azərbaycanda öz maraqlarını istədikləri şəkildə reallaşdırmaq istəkləri bəzi dairələrin fəaliyyət məqsədidirsə, onlar bunun üçün müxtəlif bəhanələr tapacaqlar. Ona görə bu bəhanələrlə təzyiq göstərməyin, bəhanələri Azərbaycana təzyiqlərin tələbi kimi ortaya qoymağın tərəfdarı deyiləm. Bu, düzgün yanaşma deyil".
RƏFİQƏ HÜSEYNOVA