PDF Oxu

Sosial

  • 53

İran agenturasının Azərbaycandakı rezidenti

İran agenturasının Azərbaycandakı rezidenti

Hüquqi-demokratik dəyərlərə sədaqət nümayiş etdirən Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində səylərini gücləndirməklə bunu dövlət siyasətinin əsas prioritet istiqamətlərinə çevirib. Faktlara istinadən demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 200-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur ki, onların da 40-dan çoxu vətəndaş hüquq və azadlıqları ilə bağlıdır. Eyni zamanda, ölkənin qanunverici orqanı olan Milli Məclis tərəfindən bu günə kimi insan hüquqları ilə bağlı 2150-dən artıq qanun, qərar və digər normativ hüquqi aktlar qəbul edilmişdir.


ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNDƏ ADLARINI VƏ DOĞUM TARİXİNİ DƏYİŞMƏK CİNAYƏT HESAB EDİLMİR Kİ?


Təbii ki, qəbul edilən istənilən demokratik qanun və qərarlardan istər ölkə vətəndaşları, istərsə də xaricdən Azərbaycana yaşamağa, işləməyə gələn insanlar yararlana bilir. Yetər ki, hər kəs hüquqlarını bildiyi kimi vəzifələrinin də nədən ibarət olduğunu dərk etsin. Amma təəssüflər olsun ki, bəzən elə hallar olur ki, insanlar öz haqlarının müdafiəsi üçün fikirlər səsləndirsələr də, üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğunu başa düşmürlər. Bəzən isə elə olur ki, bu vəzifələrin nədən ibarət olduğunu dərk etmək belə istəmirlər. Bu hal, xüsusilə də, xaricdən ölkəmizə gələn əcnəbilər arasında daha çox tez-tez baş verir. Ölkəmizdə onlara işləmək, yaşamaq üçün imkan və şərait yaradılsa da, bundan sui-istifadə hallarına yol verilir. Daha doğrusu, dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçmək, müvəqqəti pasport qeydiyyatına düşmək və bu kimi zəruri tələblərdən yayınırlar. Bu, azmış kimi, bu tip miqrantlar arasında elələri tapılır ki, onlar müxtəlif qaranlıq yollarla özlərinə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edir, daimi pasport qeydiyyatına düşürlər. Ən faciəlisi və dəhşətlisi odur ki, şəxsiyyət vəsiqəsi əldə edən xarici ölkə vətəndaşları şəxsiyyət vəsiqələrində adlarını və doğum tarixlərini dəyişirlər. Belələrindən biri də hazırda Azərbaycanda yaşayan və İran İslam Respublikasının Meşkin şəhərində anadan olmuş Həqqzadə Mir Əli Vəkil Ağa oğludur. Bu məxluqun tərcümeyi-halını araşdırdıqda, kəskin süjetli filmlərdəki kəşfiyyat orqanlarının əməkdaşlarının qəhrəmanlıqlarına şübhə edirsən. Ən azı ona görə ki, bu şəxsin Azərbaycanın müxtəlif bölgələrində müxtəlif adlar altında müxtəlif yaşam tərzi keçirməsi və bu həyat tərzinə hüquq-mühafizə orqanlarının seyrçi qalması təəccüb və heyrət yaradır. Sual edə bilərsiniz nə baş verir?


NAXÇIVAN MUXTAR RESPUBLİKASINDAN BAŞLAYAN SƏRGÜZƏŞTLƏR


Əsil adı Bayram Əli Həqqi Vəkil oğlu olan bu "qəhrəman"ın kimliyi barədə onun həyat yoldaşı olmuş Süleymanova Aybəniz Xuduş qızı redaksiyamıza ünvanladığı ağrılı-acılı şikayət məktubunda deyir: "10 noyabr 1999-cu ildə Həqqzadə Mir Əli ilə qanuni şəkildə ailə həyatı qurduq. Birgə nikahımızdan bir qız, bir oğlan olmaqla iki övladımız dünyaya gəlib. Qızım şəkər xəstəsi olsa da, Mir Əli Həqqzadə bunun fərqinə varmayaraq bizdən imtina edib. Maddi-mənəvi sıxıntı içərisində yaşamağımıza bayxmayaraq, Mir Əli üçün bütün bunlar əhəmiyyətsizdir. Baxmayaraq ki, onun müxtəlif maxinasiyalarla əldə etdiyi böyük ticarət mərkəzi fəaliyyət göstərir. Onu deyim ki, birgə yaşadığımız dönəmdə "Şəms-MM" şirkəti qurulub. Yəni Xətai rayonu Sarayev küçəsində yerləşən "Şəms-MM" firması adından 4 mərtəbəli iaşə obyektinin tikilməsində mənim də zəhmətim olub. Amma Mir Əli Həqqzadə zəhmətimi dəyərləndirmədi. Bu gün də məhkəmələrin qapısını döyməyimə baxmayaraq Mir Əli Həqqzadə mənim haqqımı tanımaq istəmir".

Qeyd etmək yerinə düşər ki, Mir Əli Həqqzadə məlum olmayan səbəblərdən İranın Meşkin şəhərindən Naxçıvana sığındığı zaman orada özünü yazıq və məzlum formada göstərib. Qonaqpərvər naxçıvanlılar ona əl tutub, yardımlar göstəriblər. O isə bunun müqabilində etibardan sui-istifadə etməklə, bir neçə nəfəri aldadıb. Hətta bir qədər də diribaşlıq göstərən Mir Əli Həqzadə Naxçıvan şəhər 5 saylı orta məktəbin axşam şöbəsini bitirməsinə dair A №077315 seriyalı attestat da əldə etmişdir. Həmin sənəddə 1967-ci ildə doğulmuş Həqqi Musəvi Mir Əli Mir Vəkil oğlu göstərilmişdir. Sonrakı mərhələlərdə də əldə etdiyi şəxsiyyət vəsiqələrində doğum tarixini gah 1970, 1974, gah da 1976 göstərməklə yanaşı ad və soyadını dəyişməklə meydan sulayıb. Ümumilikdə, əldə olunan sənədlərə əsasən demək olar ki, Həqzadə Mir Əlinin bütün sənədləri saxtakarlıq üzərində hazırlanıb. Belə ki, 05.05.2003-cü il tarixində əldə etdiyi hərbi biletində fərqli adlar və doğum tarixləri var. 1994-1999-cu illərdə Bakı İslam Universitetinin tələbəsi olmasına dair tələbə biletində də şəxsiyyət vəsiqəsində və hərbi biletində əks olunan ad və soyadlar dəyişdirilib, doğum tarixi isə 1976-cı il göstərilmişdir. Bakı şəhərində ailə qurarkən də ənənəsinə sadiq qalmışdır. Belə ki, 12 aprel 2003-cü ildə Nəsimi rayon VVAQ şöbəsi tərəfindən ailənin qorunması haqqında təqdim olunan şəhadətnamədə Həqzadə Mir Əli Vəkil Ağa oğlu kimi göstərilmişdir. Doğum tarixi isə 02.03.1970-ci il qeyd olunmuşdur. Bizə təqdim olunan yazılı ərizədə Həqqzadə Mir Əliyə müəyyən sənədlərin əldə edilməsində ona 1997-1998-ci illərdə Daxili İşlər Nazirliyində çalışmış İra adında bir xanım kömək edib. Ərizəyə əsasən, demək olar ki, həmin qadınla Mir Əlinin yaxın münasibətləri olub. Amma nə sirdirsə, sonradan həmin xanım müəmmalı şəkildə dünyasını dəyişir.

Təbii ki, bu və ya bu kimi cinayət əməllərini hüquq-mühafizə orqanları Mir Əli Həqqzadəyə bağışlaya bilməzdilər. Bundan duyuq düşən M.Həqqzadə "asta qaçan namərddir" deyib müxtəlif vaxtlarda Azərbaycanın müxtəlif bölgələrində gizlənib.

Söhbət etdiyimiz Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev xarici ölkə vətəndaşlarının bilərəkdən ad və soyadlarını dəyişmələrinin cinayət olduğunu söylədi. Bildirdi ki, əgər həqiqətən də müxtəlif vaxtlarda müxtəlif ərazi polis idarələri tərəfindən fərqli ad, soyad və doğum tarixli şəxsiyyət vəsiqələri verilirsə, deməli, bunun arxasında kimlərsə dayanır.


UCARIN TƏZƏ MOLLASI


El məsəlidir. "Qozbeli qəbir düzəldər" deyiblər. Həqqi Musəvi Naxçıvandan qaçıb, Ucar rayonunda məskunlaşdığı zaman orada da dinc durmayıb. Müasir dövrün "Şeyx Nəsrullah"ı olmaq iddiasına düşən Mir Əli özünü din xadimi kimi təqdim etməklə rayonda mollalıq etməyə başlayır. Dini bilgiləri kifayət qədər az olmasına baxmayaraq, yalan-palan dolu rəvayətləri ilə insanların qəlbinə yol tapa bilmişdi. Hətta qəlbə yol tapmaq istedadı ilə zavallı bir qadını da yoldan çıxararaq, onunla ailə qurmuşdur. Amma az keçmir ki, ucarlılar bu mollanın saxta olduğunu başa düşürlər. İfşa olunduğunu dərk edən Mir Əli Ucardan Bakıya üz tutur.


ŞAİR VƏ BƏSTƏKAR


Bakıda qaz vurub qazan doldurmaq iddiasına düşən Həqqi Musəvi özünü insanlar arasında şair və bəstəkar kimi göstərməyə çalışır. İrandan Azərbaycana qaçmamışdan öncə əzbərlədiyi şeirlərdən zəngulə vuran bu dil qəhrəmanı özünü böyük istedada malik söz xiridarı kimi təqdim etməyə çalışır. Təəssüf ki, sadəlövh insanlar tapılır ki, onun bu cür saxta zənguləsinə inanırlar. Amma bir nəfər belə ondan şeirlərini hansı dildə yazdığını soruşmur. Həmçinin, şerləri hansı əlifba ilə yazdığını sual etmirlər. Çünki təsdiq olunmuş məlumata görə, Həqqi Musəvi Azərbaycanda orta təhsil almadığına görə (baxmayaraq ki, ona Naxçıvan Muxtar Respublikasında orta təhsili bitirməsi haqqında attestat veriblər) kiril və yaxud latın əlifbası ilə yaza bilmir. Buna baxmayaraq, Həqzadə Mir Əli şou-biznesin ulduzları kimi parlamağa, televiziya və radioda ulduza çevrilməyə səylər göstərmişdir. Ona bu arzularını reallaşdırmaqda, artıq imkanlı biznesmen kimi əldə etdiyi maliyyə vəsaiti də yardım göstərirdi. Amma özünün də etirafına görə, şair və bəstəkarlıq da onun qazan yeməkləri olmayıb. Bu baxımdan, bu peşədən imtina edib artıq çiçəklənməkdə olan biznes sahəsinə girişir.


İRANDA TRAKTORÇU, AZƏRBAYCANDA BİZNESMEN


Bu, faktdır ki, Azərbaycanda hər kəsin çalışması üçün normal biznes mühiti mövcuddur. Yetər ki, səy və bacarığını bu sahəyə yönəldəsən. Hər sahədə özünü sınayan Həqzadə Mir Əli biznesdə də imkanlarını yoxlamaq qərarına gəlir. Yəni İranda traktorçu olan Mir Əli Azərbaycanda yaradılan normal biznes mühitindən istifadə edərək biznesmen olmaq fikrinə düşür. Dövlətin istənilən biznes sahəsinə tələb olunan maliyyə vəsaitini ayırdığını bilən, Mir Əli də iaşə obyektinin tikintisi üçün lazım olan vəsaitin əldə olunması üçün banka müraciət edir. Müxtəlif vaxtlarda aldığı 1 milyon manat krediti Mir Əli Xətai rayon icra hakimiyyətinin başçısının müvafiq sərəncamı əsasında 14.01.1997-ci il tarixində Sarayev və M.Hadi küçəsinin kəsişdiyi ərazidə inşasına başladığı ticarət mərkəzinə xərcləyir. Amma bu dəfə də maxenasiyalara daha çox yol verən Mir Əli Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığına əsasən ikimərtəbəli tikilməli olan iaşə obyektini dörd mərtəbəyə çevirir. Bu, azmış kimi Mir Əli iaşə obyektindən əldə olunan maliyyə vəsaitindən vergi ödənişlərini gizlətməyə də girişir. Yalnız bir auditor yoxlaması zamanı vergi müfəttişləri "Şəms-MM" firmasının böyük məbləğdə vergi yayınmalarına yol verdiyini aşkarlayır. Amma nə işdirsə, Mir Əli Həqzadə bu dəfə də cəzadan yaxa qurtara bilir. Bu isə təbii olaraq şübhələr yaradır. Kimdir onu himayə edən, arxasında dayanıb, Azərbaycan qanunlarına zidd olaraq maxinasiyalar etməyə həvəsləndirən?! Ona kim haqq verir ki, xəstə olan iki azyaşlı körpəni anası ilə balaca daxmada gözüyaşlı qoyub gününü eyş-işrət məclislərində keçirsin? Biz demirik ki, yaşamaq, işləmək, pul qazanmaq olmaz. Olar, cənablar. Dünyanın sivil, demokratik dövlətlərindən olan Azərbaycanda, yuxarıda qeyd etdiyimiz kimi, hər kəs üçün, o cümlədən, xarici ölkə vətəndaşları üçün ən yüksək formada yaşamaq, işləmək, istirahət etmək hüquqları verilir. Yetər ki, Azərbaycan qanunlarına riayət edilsin. Qanunlar çərçivəsində fəaliyyət yolu tutulsun. Bu olmadıqda, cəzasızlıq predmeti yaranır ki, buna da yol vermək olmaz.


İ.ƏLİYEV


P.S. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Mövzuya yenidən qayıdacağıq.

Digər xəbərlər