Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişlər bu gün ölkəmizi dünyada tanıda bilib. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bunun həllinə lazımi şərait yaradıb. \"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı\" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişafının təmininə yönəlib. Ölkədə turizmin inkişafına münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib.
Azərbaycanın turizm imkanları dünyada tanıdılır. Hər bir regionun milli koloriti təbliğ olunur. Xarici dövlətlərdə Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olurlar. Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi mərhələdə Azərbaycan turistlər üçün cəlbedici məkan olaraq diqqətdədir.
Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də buraya istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Qonaqlar tədbirlərdə iştirak etməklə yanaşı, ölkənin müxtəlif məkanlarındakı müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər.
Ölkəmizdə uğurla sona yetən \"Eurovision-2012\" mahnı müsabiqəsi də Azərbaycanın turizm imkanlarının geniş məkanda tanımasına böyük yollar açdı. Abşeron, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ kimi məkanları gəzən, tarixi abidələr və mənzərəli yerlərlə tanış olan qonaqların Azərbaycana olan diqqəti və marağı hər kəsə bəllidir. Qobustandakı qədim \"Piribaba\" ziyarətgahı, Şamaxıdakı \"Yeddikümbəz\" abidəsi, İsmayıllının meşələri, görməli yerləri, Qəbələnin \"Yeddi gözəl\" şəlalələri, Nohur gölü və ətrafdakı gözəl təbiət turistlərin diqqətindən kənarda qalmamışdır. Təmiz hava, müasir turizm infrastrukturu və qədim maddi-mədəniyyət nümunələri füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin gözəlliyindən həzz alan qonaqların xoş təəssüratına çevrilib. \"Eurovision - 2012\" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə dünyanın 40-dan artıq ölkəsindən gələn qonaqlar Azərbaycan gözəlliklər ilə tanış olub, birbaşa təmasda olmuş, müasir tələblər səviyyəsində qurulmuş otellərdə istirahət etmişlər. Bütün bunlar Azərbaycana gələcək turistlərin sayının artacağına şübhə doğurmur. Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda 178 turizm şirkəti və 312 hotel fəaliyyət göstərir. Bu statistik nailiyyətlərin timsalında deyə bilərik ki, bu il Azərbaycana gələn turistlərin sayının 2011-ci ildəkindən çox olacağı gözlənilir. Ötən il Azərbaycana 2 milyon əcnəbi gəlmişdir ki, onlardan da 1,8 milyonu turist olmuşdur. Bu baxımdan Azərbaycanda hotellərin gəlirləri 8 faiz artmışdır. Ötən il ölkəmizdə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 2010-cu illə müqayisədə 8,3 faiz artaraq, 114,7 milyon manata çatmışdır. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsindir ki, Azərbaycana artan maraq gündən-günə çoxalır, ölkəmiz beynəlxalq aləmdə tanınır. Son on ildə respublikamızda turizm sahəsində mühüm addımlar atılıb. Turizm sənayesinin inkişafı, onun infrastrukturunun əsas amillərindən olan mehmanxanaların sayının artması ölkəmizdə bu sahənin müsbət inkişafından xəbər verir.
Turizm Azərbaycan iqtisadiyyatının əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır. Turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar, son nəticədə, 2008-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və həmçinin, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradır.
NƏZAKƏT