PDF Oxu

Sosial

  • 75

Azərbaycan həqiqətləri dünya dillərində yayılır

Azərbaycan həqiqətləri dünya dillərində yayılır

Ulbossin Aimbetova və Məqsəd Musabəyovun şərqşünas alim Yohannes Rau ilə birgə əməkdaşlığı sayəsində nəşr olunan "Bani: Heydər Əliyev insan və dövlət xadimi kimi" kitabı 2012-ci il Almaniyanın Frankfurt şəhərinin "Peter Lanq" nəşriyyatında işıq üzü görüb. Əsər oxucuları dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan Respublikasının banisi ilə tanış edir. Burada Heydər Əliyev şəxsiyyətinin nailiyyətləri, onun ideoloji-siyasi baxışları öz əksini tapıb. Həmçinin, əsərin ərsəyə gəlməsi ilə bağlı gizli arxiv materiallarından da istifadə olunub. Əsasən, 1985-1990-cı illərdə Sovet İttifaqında və 1989-1993-cü illərdə Azərbaycanda baş verən proseslər və Heydər Əliyevin bu məsələlərdə rolu açıqlanıb.

Xatırladım ki, Rolf Kunşun "Xocalı: Azərbaycana qarşı erməni təcavüzü", Rüdiger Kipkenin "Erməni-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi", Kerstin Plevenin "Qadın liderliyi", Ahmad Omid Yazdaninin "Alman-Azərbaycan türkcəsində sözlüyü" kitabları ilə ətraflı tanış olmaq imkanı yaranıb. Alman müəllifi Rolf Kunş tərəfindən işıq üzü görən "Xocalı: Azərbaycana qarşı erməni təcavüzü" kitabı 2012-ci il Berlin şəhərinin "GmbH" nəşriyyatında çap olunub. Kitab Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunub və Zaksen-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Birliyinin dəstəyi ilə ərsəyə gətirilib. Kitabda əsasən, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ərzində ermənilər tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş qanlı hadisələr öz əksini tapıb. Bu faciənin qurbanı olan şəhidlərin siyahısı, Xocalı cinayəti haqqında mətbuat xəbərləri, sənədlər, Xocalının milli qəhrəmanları və s. dəqiq faktlara əsaslanan məlumatlar toplanıb.

Müəllifi Rüdiger Kipke olan "Erməni-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi" adlı kitab da erməni münaqişəsindən bəhs edir. Kitab 2012-ci il Almaniyanın Haydelberq şəhərində nəşr olunub. Kitab IX əsrdə Şimali Azərbaycan ərazisinə erməni mühacirəti ilə başlamış erməni-Azərbaycan münaqişəsini diqqətə çatdırır. Kitabda, əsasən, erməni-Azərbaycan münaqişəsinin tarixi kökləri, 1917-1923-cü illərdə çar imperiyasının sonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan Sovet Respublikasının yaranması və Ermənistan Sovet Respublikasının yaranması, Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Vilayətinin qurulması, Zəngəzurun Ermənistana verilməsi, 1923-1987-ci illərdə Dağlıq Qarabağ münaqişəsi və s. tarixi hadisələr açıqlanıb.

Kerstin Pleve tərəfindən yazılmış "Qadın liderliyi" adlı kitab 2011-ci il Almaniyanın Hamburq şəhərində "Hanseatic Lighhouse" nəşriyyatı tərəfindən çap olunub. Kitab, əsasən, bütün sferalarda çalışan qadınların fəaliyyəti, onların məftunedici şəxsiyyəti, keyfiyyətləri, qlobal məsələlərə incə baxışı və s. məsələləri əhatə edir. Sözügedən məlumat kitabında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Milli Məclisinin üzvü Mehriban Əliyevanın qısa bioqrafiyası və Azərbaycanın Birinci Xanımı ilə aparılan müsahibə öz əksini tapıb.

Bu və ya digər kitablarda Azərbaycan həqiqətləri geniş yer alıb.

NƏZAKƏT

Digər xəbərlər