Hələ möhtəşəm "Eurovision" Mahnı Müsabiqəsindən öncə bəzi Qərb siyasi dairələri qarşısında öhdəliklər götürmüş, həmin öhdəliklərini müxtəlif cür sifarişlər qarşılığında, dağıdıcılıq yolu ilə həyata keçirməyə cəhd göstərmiş "İctimai Palata" və orada cəmləşmiş aqressiv ünsürlərin hansı məqsədlərə xidmət etmələri bir daha öz təsdiqini tapmış oldu. Sirr deyil ki, Azərbaycan özünü Avropaya və dünyaya daha yaxından tanıtmaq üçün bu müsabiqəyə böyük önəm verirdi. Nəticədə ölkəmizin qüdrəti, inkişafı, tərəqqisi özünü bütün cəhətlərdən təcəssüm etdirdi. Eyni zamanda, xalqımızın, dövlətimizin bir nömrəli problemi olan Dağlıq Qarabağın təcavüzkar Ermənistan tərəfindən işğal olunması faktı da bir həqiqət kimi beynəlxalq aləmin diqqətinə səbəb oldu. Bütün bunlarla yanaşı demokratiya, plüralizm, söz, mətbuat və ifadə azadlığı kimi əhəmiyyətli məqamların ölkəmizdə mövcudluğuna şübhə edənlər də buraya gələrək, həmin şübhələrində nə qədər yanıldıqlarının şahidi oldular. Və təbii ki, qərəzli Qərb siyasi dairələrinin sifarişlərini həyata keçirən dağıdıcı müxalifət və onlarla iş birliyində olan erməni lobbisi bütün bu kimi mühüm amillərə kölgə salmaqdan ötrü əllərindən gələn rəzilliklərə imza atdılar. Lakin baş verənlərin qarşılığında bir faktor öz təsdiqini tapmış oldu. "İctimai Palata"nı inhisarlarında saxlayan "liderlər" və onların ətraflarında toplaşan azyalı elektorat xalqın, dövlətin, millətin maraqlarından deyil, siyasi dividendlərinin, maddi vəziyyətlərinin artırılmasına xidmət edirdilər. Bunun üçün isə nəinki anti-Azərbaycan meylli ermənipərəst qüvvələrlə, hətta şeytanla əməkdaşlığa hazır olmalarını isbat etdilər.
"Onları nə səsləndirdikləri şüarlar, nə də Azərbaycanda demokratiya və insan haqları məsələləri maraqlandırır"
Onu da qeyd edək ki, artıq ölkənin bir çox tanınmış siyasi analitikləri, müxtəlif partiya yetkililəri bununla bağlı fikirlərini açıqlamaqdadırlar. Həmin açıqlamalardan da məlum olur ki, artıq az-çox nüfuzları olan dağıdıcı müxalifət yetkililəri buraxdıqları səhvlərini gec də olsa anlayaraq, həm "İctimai Palata"dan, həm də partiya sıralarından istefalara gedirlər. Belə ki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin fikrincə, "İctimai Palata" həmin ərəfədə bir-birinin ardınca pravokativ hərəkətlər etməklə, əslində, vətənpərvərlikdən uzaq, Azərbaycanı beynəlxalq ictimaiyyətə mənfi imicdə təqdim etmək istəyində olduğunu nümayiş etdirib: "Müxalifətin "İctimai Palata"da toplaşmış hissəsi "Eurovision" ərəfəsində və müsabiqənin davam etdiyi günlərdə aksiyalar keçirib, ondan sonrakı günlərdə sakit oturmasını görən Azərbaycan ictimaiyyəti bir daha qurum bu yarışdan siyasi məqsədləri üçün istifadə etdiyini yəqin etdi. Onları nə səsləndirdikləri şüarlar, nə də Azərbaycanda demokratiya və insan haqları məsələləri maraqlandırır".
Həmin açılamadan bir daha bəlli olur ki, özünü "ənənəvi müxalifətin" bazası kimi təqdim edən "İctimai Palata" olan-qalan nüfuzunu həmin ərəfədə tamam itirdi. Təsadüfi deyil ki, bundan sonra "İctimai Palata"ya daxil olan partiyalardan özlərinin tanınmış simaları istefa verdilər və onların siyasətinə etirazlarını bildirdilər.
Uğursuz "mitinqlər komitəsi"
Adıçəkilən qurumdan hansı istefaları nəzərdə tutduğuna aydınlıq gətirən Aydın Mirzəzadə bildirib ki, Müsavat partiyası Naxçıvan təşkilatınının sədri Meydan Babayev bu partiyada kifayət qədər nüfuzlu, radikal düşüncəli bir insan idi:"O, istefasında konkret səbəb göstərməsə də, Müsavatdan istefa verdi. Bunun özü də "İctimai Palata"nın "Eurovision" ərəfəsində keçirdiyi aksiyalarla nüfuzunu itirməsinin bariz nümunəsidir".
A.Mirzəzadə daha bir maraqlı məqama diqqət yetirib. Onun bildirdiyinə görə, "İctimai Palata" müxalifət qanadı, müxalifət düşərgəsi deyil, mitinq düşərgəsi, mitinq komitəsidir: "Bu qurum cəmiyyətə normal siyasi maraqlardan çıxış edən müxalifət düşərgəsi təsiri bağışlamır. "İctimai Palata" daha çox mitinq komitəsi kimi fəaliyyət göstərir. Özü də uğursuz mitinqlər komitəsi kimi".
RÖVŞƏN RƏSULOV