Dünən Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan iclasın gündəliyinə 10 məsələ daxil edilmişdir.
İlk olaraq "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu ikinci, sonuncu səsverməyə çıxarıldı. Spiker Oqtay Əsədov bildirdi ki, bu qanun layihəsi Konstitutsiya qanunu olduğu üçün 6 aydan sonra yenidən səsverməyə çıxarılmalı idi. Ona görə sənəd prosedur qaydalarına uyğun olaraq Milli Məclisdə səsverməyə çıxarılıb.
Qeyd edək ki, sözügedən qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Eks-prezidentlərdən yalnız Ayaz Mütəllibov sağdır və hazırda Moskvada yaşayır.
"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanun" layihəsi barədə məlumat verən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Konstitusiya qanunu olduğu üçün 6 aydan sonra qanun ikinci, sonuncu dəfə müzakirəyə çıxarılıb.
Ə.Hüseynli bildirdi ki, qanun Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil ediləcək. Azərbaycanda belə hal olmadığından, bu qanun əvvəllər prezident olmuş bütün şəxslərə şamil olunacaq. Qanunla sabiq prezidentlərə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib. Qanun 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən "keçmiş prezident" Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin, Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Qanunda keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Öhdədə olan uşaq dedikdə, vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən, övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur. Qanuna əsasən, keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər götürülür. Sənəddə vəfat etmiş prezidentin həyat yoldaşına və öhdəsində olan ailə üzvünə ödənməli olan müavinət məsələsi də əksini tapıb. Belə ki, keçmiş prezidentin vəfat etməsindən sonra onun həyat yoldaşı və ya həyat yoldaşı olmadıqda, öhdəsində olan uşağa aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilməlidir. Keçmiş prezident səlahiyyət müddəti zamanı vəfat etdikdə, onun həyat yoldaşı və öhdəsində olan uşağına prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödənilir. Öhdədə birdən artıq uşaq olduqda, ödənilməli olan müavinət bərabər hissələrə bölünməklə onlara ödəniləcək. Qanunla keçmiş prezidentə pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilməlidir. Keçmiş prezident vəfat etdikdə isə, onun həyat yoldaşına vəfat etdiyi, öhdədə olan uşağa isə 18 yaşına çatdığı tarixədək ödənilməlidir. Ümumilikdə, pensiya və müavinətlərin ödənilməsi və digər təminatlar dövlət büdcəsində nəzərdə tutulacaq. Keçmiş prezidentlərə ödənilən pensiya və müavinət gəlir vergisinin tutulmasından azaddır. Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər.
Müzakirələrdən sonra Milli Məclis 109 deputat lehinə, 1 nəfər əleyhinə olmaqla qanun layihəsini qəbul etdi.
Pasportların verilmə müddəti 1 aydan 10 günə endirilib
Gündəlikdə duran növbəti məsələ - "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər müzakirə edildi. Layihə barədə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi: "Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda, onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq".
Komitə sədri onu da bildirdi ki, pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir. Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir. Qanuna dəyişikliklər 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.
Layihə ilə bağlı deputatlar Elmira Axundova, Jalə Əliyeva, İlyas İsmayılov, Zahid Oruc və başqaları fikir bildirdilər.
Dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul olundu.
Yeni inzibati ərazi vahidləri yaradılır
Milli Məclisdə "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsi sahə inzibati ərazi dairələrinin yaradılmasını nəzərdə tutur. Başqa sözlə, rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairələri əhalisi 20 min nəfərə qədər olan yerlərdə yaradılacaq.
Qanun layihəsi ilə bağlı vitse-spiker Bahar Muradova millət vəkilərinin sahə vahidinin yaradılmasının bələdiyyəyə qarşı bir orqan olması barədə təsəvvürlərinin yanlış olduğunu vurğuladı: "İcra hakimiyyəti institutunun təkmilləşməsinə ehtiyac var. Azərbaycan prezident üsul-idarəsi ilə idarə olunur və icra qurumları həmişə mövcud olacaq. Bunu bələdiyyə qurumları ilə qarışdırmaq olmaz. Bu qurumların sahə yox, məhəllə, yaxud başqa adla adlandırılmasına gəlincə, sahə sözü dilimizə çoxdan daxil olub. Yoxsa Türkiyədən, başqa yerdən ad axtarmaq yersizdir. Öz dilimizə müraciət edək, mən bunun tərəfdarıyam. Mən türk sözlərinə qarşı deyiləm, yerində işlənəndə, o da düzgündür. Yerli icra qurumlarını gözdən salan təklifləri də qəbul etmirəm. Yerli icra qurumları ilə bağlı büdcədə kifayət qədər vəsait var".
Vitse-spiker Ziyafət Əsgərov da B.Muradovanın fikirləri ilə razılaşdığını bildirdi: "Bu yaxınlarda siz mənə doktorluqla bağlı iş təqdim etdiniz. Təklif olunurdu ki, icra qumlarının xalqa daha da yaxşılaşdırılması üçün əlavə həlqələr yaradılmalıdır. Mən bu təklifə normal yanaşdım. Sahə inzibati ərazi dairələrini yaratmaqda da məqsəd budur. Bələdyyələrə gəlincə, gələcəkdə onların da hüquqlarının artırılmasından söhbət gedəcək. Ancaq hazırda yerli icra strukturları ilə bağlı müəyyən boşluq var. Az əvvəl Prezidentin Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti ilə bağlı Əsasnamə təsdiqlənib, indi qanun buna uyğunlaşdırılır".
Beləliklə də, qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.
Zibili kənar yerə tullayanlar üçün cəzalar şərtləşdirildi
Milli Məclisin növbədənkənar iclasda "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər də müzakirə olundu. Qanun layihəsi ilə bağlı Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədrinin sözlərinə görə, dəyişikliklərə əsasən, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmalıdır. Tullantıların yerləşdirilməsi tələblərinin pozulmasına görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək, hüquqi şəxslər 8 min 500 manatdan 10 min manatadək cərimə ediləcəklər. Tullantıların emalı qaydalarının pozulmasına görə vəzifəli şəxslər 3 min 500 manatdan 4 min 500 manatadək, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək cərimə ediləcək. Qanun layihəsi millət vəkillərinin müzakirələrindən sonra səsveməyə çıxarılaraq qəbul edildi.
Dünənki iclasda, həmçinin, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlara, eləcə də, İnzibati Xətalar və Vergi məcəllələrinə əlavələr və dəyişikliklər edildi.
RƏFİQƏ KAMALQIZI