Dünən Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirdi. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı: "15 İyun Qurtuluş Günü Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişfına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır".
H.Pənahov 1993-cü ilin iyun hadisələrindən danışaraq, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən qurtulduğunu, əmin-amanlığa və siyasi sabitliyə nail olunduğunu diqqətə çatdırdı. Qeyd edərək, vurğuladı ki, Qurtuluş Günü inkişafın başlanğıcı, əhalinin yüksəlişinin əsası qoyulan həlledici gündür: "Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə dönüşü hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan xoşbəxt gələcəyin açarıdır. Məhz buna görə də, Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günüdür və ölkənin ictimai-siyasi həyatında açılmış yeni səhifədir. Gündən-günə qüdrətlənən, zənginləşən, dünyanın iqtisadi, siyasi və mədəni inkişafına öz töhfələrini verən, beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycan dövləti, zaman kəsiyi baxmından tarixin bir anı qədər kiçik olan bir dövr, 19 il bundan əvvəl, vətəndaş müharibəsi və məhvolmanın astanasında idi. Belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxardı. Ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail oldu. Nəticədə, Azərbaycan böyük inkişaf mərhələsinə qədəm qoydu və hər sahədə yüksəliş, köklü dəyişikliklər özünü göstərdi. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən demokratik ölkə kimi tanınır".
H.Pənahov Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq, bildirdi ki, dövlət başçısı İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir: "Son 8 ildə görülən işlər, əldə olunan nəticələr cənab İlham Əliyevin bu vədinə sadiqliyini, hər bir sözünün arxasında konkret əməli işin dayandığını təsdiqləyir. Azərbaycanı bugünkü inkişaf, tərəqqi yoluna çıxaran, dünya birliyində layiqli yer tutmasına səbəb Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkəmizin bugunkü uğurları ilə fəxr edir, böyük qürur hissi keçirir". YAP Qazax rayon təşkilatı idarə heyətinin üzvlərindən Abdulla Abdullayev, Arzu Novruzov, Nəsibə Tağıyeva, Fərman Nağdalıyev, rayon təşkilatının şura üzvlərindən Abbas Göyüşov, Fərhad Qocamanov və başqaları çıxış edərək, 15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrünün başlanğıcı olduğunu söylətdilər. Çıxış edənlər vurğuladılar ki, həmin gün xalqımızın tarixinə milli qurtuluş günü kimi daxil oldu. Bu, adi qurtuluş, adi xilasetmə deyildi. Bu, Azərbaycanın müstəqilliyinin qorunması və əbədiliyə çevrilməsi, dönüş və yüksəlişin təməlinin qoyulması demək idi.
Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edən çıxışçılar Milli Qurtuluş Gününün dövlətimizin şərəfli tarixi olduğunu söylədilər.
R.KAMALQIZI