İllərdir yaradıcılıq yolunu, şeirlərini, yaradıcı düşüncələrini diqqətlə izlədiyimiz tanınmış qələm sahibi, şairə, publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın ziyalılıq mövqeyindən doğan baxışları, birmənalı olaraq qəbul edilir və insanların mənəvi dünyasına daxil olur. Onun yaradıcılıq meyarının hansı formada, mövqedə olması, sözsüz ki, qələmə aldığı sətirlərə həkk etdiyi fikirlərinin təzahüründə ifadəsini tapır. Bu sənət görüşləri, etiraf edə bilərik ki, səmimi münasibətlərdən doğan mənəvi körpü zamanı yaranır. Yaşının 50 ilini arxada qoyan Sona xanımın yarım əsrlik ömür yolunun hesabatında zəngin yaradıcılıq görüşləri məhsuldar, poeziyası çalarlı, ştrixli, ziyalı mövqeyi isə obyektiv münasibətlərin fövqündə özünü büruzə verir. Belə bir zamanda çapdan çıxan "Zaman xəbərsiz ötdü" kitabı Sona Vəliyevanın bütövlükdə yaradıcılıq dünyasını xarakterizə edən və onun portretinin müxtəlif baxışlarda ortaya qoyan nümunədir. Uzun illər azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərin aşılanmasına doğru yaradıcılıq təfəkkürünü səfərbər edən yaradıcı xanım bu gün özünə hesabat verən zaman vərəqlənəcək çox məqamlar ilə üz-üzə durur.Oxucularla növbəti dəfə görüşə gələn şairənin "Zaman xəbərsiz ötdü" kitabı beş bölmədən ibarətdir. "Portret cizgiləri" bölməsində onun həyat yolu, ədəbiyyat və sənət haqqında olan fikirləri, eləcə də, müxtəlif zamanda mətbuata verdiyi müsahibələrlə tanış olmaq imkanı yaranır. Belə ki, onun azərbaycançılıq fəlsəfəsi, vətənə bağlılığı, isti qəlbinin közərtisi bu və ya digər müsahibələrində, eləcə də, publisist yazılarda özünü göstərir. Müsahibələrinin birində Sona xanım belə qeyd edir: "Mən azərbaycançılığın tərkib elementi kimi üç amili göstərmək istəyirəm: Azərbaycan yurdu, Azərbaycan dili və Azərbaycan insanı. Bu üç amil vəhdətdə fəaliyyət göstərə bilirsə, o zaman azərbaycançılıq ideologiyası inkişaf edə bilər. Bu amillərin biri digərini mütləq tamamlamalıdır. Yurd qorunmalıdır, dil qorunmalıdır və o yurdu, dili yaşadan insan qorunmalıdır". Belə maraqlı fikrin sahibi olan Sona xanım vətənin bir parçası olduğunu və bu məkandan kənar həyatın qeyri-mümkünlüyünün hökmünü artıq ifadə etdiyi fikirlərində dilə gətirir. Demək, torpaq anlamı bir məkan olaraq insan üçün əvəzsiz və varlığının təsdiqini tapan bir anlayışdır. Budur vətənpərvərlik hissinin ali təfəkkürdən doğan ifadəsi. Sözsüz ki, vətən duyğularını titrək və kövrək şəkildə dilə gətirən bu ifadələr Sona xanımın torpaq uğrunda qətiyyətli addımlarla ölümə doğru addım atmağı bacaran ziyalı olduğunu da göstərir. Sona xanım bütün yaradıcılıq boyu Vətən məfhumunu ən yüksək zirvədə tutmuş və vətəndaşlıq mövqeyini əməlləri ilə ortaya qoyaraq, milli-mənəvi dəyərlərin təbliğində və qorumasında ciddi addımlar atmışdır. Ziyalı xanım, vətənpərvər insan, isti, saf bir ocağın qadını olan Sona xanım bir ömrün müxtəlif sahələrdə şaxələnmiş yolunu nümunəvi şəkildə davam etdirir. "Böyük uğurlar əldə edən bir kişinin arxasında güclü bir qadın dayanır" ifadəsinə Sona xanım müsahibələrinin birində müdrikcəsinə cavab verir. "Hər bir uğurun yetişməsində kamil bir ananın fədakarlığı var" deyərək, məhz bu aləmdə, bəşəriyyətdə əldə olunan uğurların fövqündə qadının yüksəkdə durduğunu səmimi etiraf edir. Hər bir oğulun yetişməsində, cəmiyyətə fədakar övladın böyüməsində ana əməyi, ana düşüncəsi, ana fədakarlığı önəmli faktordur.Kitabın ikinci bölməsinin adı "Çəhrayı rəngli dünyam" şairənin eyniadlı şeir kitabından götürülmüşdür. Buraya müxtəlif illərdə qələmə aldığı şeirlər, ədəbiyyat adamlarının və ictimai xadimlərin şairənin yaradıcılığı haqqında məqalələri yer alıb. "Dünya gözlərimdə çəhrayı rəngdə", "Tənha sarı yarpaq", "Yol üstə, yolların aşiqi çinar", "Otel odası" və digər şeirlərində şairənin fəlsəfi görüşləri ilə tanış olur, onun özünəməxsus ifadə tərzini, eləcə də, alovlu qəlbinin səmimi etiraflarını duyuruq:
Bu da bir taledir - tək ağlayasan,
Özün öz yaranı tək bağlayasan.
Yola qardaş olub, sirdaş olasan,
Yol üstə yolların aşiqi Çinar.
İskəndər Etibarın "Kişi ürəkli qadın şair", Mahirə Abdullanın "Çəhrayı rəngin nağılı", İlham Əsgəroğlunun "Tanrı möcüzəsi", "Ruh ehtiyacı", Afaq Əlizadənin "Çəhrayı duyğuların sirli aləmi" və digər başlıqlı publisist yazılarda şairənin rəng dünyasının poetik anlamı, müxtəlif baxışlarda çözülür və münasibətlər ifadə edilir. Sözsüz ki, bu münasibətlərin hər birində Sona Vəliyevanın sənətkarlıq xüsusiyyətlərinin məxsusi məziyyətləri, eləcə də, onun qəlbindən qopan səmimi etiraflarının bədii ifadəsinin məcmusu səciyyələndirilir.Kitabın üçüncü bölməsi "Araz boyu düşüncələr"də vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda olan şeirlər əksini tapıb. Bu bölmədə isə "Arazbarı" kitabı haqqında olan düşüncələr də diqqəti cəlb edir:
Yeddi səsdən, yeddi rəngdən,
Hönkürdüm içimdə bərkdən.
Görünməyən göy dirəkdən,
Qurulan hasarım, barım
"Arazbarı"
Kitaba "Ana ruhunun işığında" başlıqlı ön söz yazan xalq şairi Sabir Rüstəmxanlı Sona xanımın yaradıcılığına fərqli münasibətdə yanaşaraq, ziyalı xanımın şeirlərində daxili aləminin yaşantılarının büruzə verildiyini göstərir. Müəllif çağdaş dünyamızda, ədəbiyyatımızda da qadınların rolunun gücləndiyini qeyd edir. Bunun göstəricisini təkcə say deyil, həm də keyfiyyət olduğunu bildirir. S.Rüstəmxanlı "Arazbarı" kitabında analarımızda, bacılarımızda gördüyümüz bir Azərbaycan qadını, Azərbaycan anasının parlaq obrazının olduğunu diqqətə çatdırır: "... Bir üzü gülən, bir üzü ağlayan, Allahını sevən, halal, saf bir Tanrı adamı olan kövrək, amma mətin kişi qeyrətli Azərbaycan qadınıdır". Bu ifadələr, əlbəttə ki, Sona xanımın yaradıcılıq dünyasından süzülüb gələn fikirlərə müsbət dəyərdir, onun vətəndaşlıq mövqeyinə, qüruruna, yaradıcılıq xüsusiyyətlərinə rəğmən yaranan ziyalı münasibətdir.Vaqif Yusiflinin "Arazbarı üstə", Flora Xəlilzadənin "Ruhun şəkli", Muxtar Kazımoğlunun "Tənhalıq qıfılbəndi", Əlirza Xələflinin "Arazbarı ritmik muğam harayı, Xudafərin - həsrəti, ağ yağışı", Əflatun Amaşovun "Arazbarı - bu, bir səfər himnidir" və başqa publisist yazılarda qələmi ilə ruhunu birləşdirən şairənin yanğılı misralarının bədii ovqatı müxtəlif səpkili baxışlarda maraqlı tərzdə təqdim edilir. Qələmini qəlbinə açar edən şairənin yaradıcılıq dünyasının gizli və görünən tərəfləri özündən biixtiyar misralara köçüb, bu nümunələrdə hər bir qələm sahibi, eləcə də, oxucu Sona Vəliyevanın səmimiyyətinə valeh olub, onun söz axarına düşərək, ömrə naxış salan məqamları həyat yolunda bir təcrübə, eləcə də, müdriklikdən doğan ifadə tək qəbul edir.Kitabın beşinci "Publisist etüdlər" bölməsində Sona xanımın müxtəlif illərdə yazdığı publisist məqalələr yer alıb. "Müstəqilliyimizin 20-ci ilində medianın inkişafına baxış", "Əzim Əzimzadə yoxsulluqdan şöhrətin əlçatmaz zirvəsinədək yüksəldi", "30 illik İlahi ömür", "Qaldı hicran umuduna... Müşfiqi yaşadan məhəbbət idi", "Molla Nəsrəddin və Azərbaycan" və digər publisist etüdlərdə Sona xanım azərbaycançılıq mövqeyi, Azərbaycan xalqının böyük ziyalılarının cəsarəti, zəkası, nurlu, işıqlı ideyaları diqqətə çəkilib. Faktlara əsaslanan Sona xanım Azərbaycanın işıqlı gələcəyi uğrunda maarifləndirici ideyalarla çıxış edən ziyalıların yaradıcılıq yolunu, şəxsiyyət olaraq vətən, xalq qarşısında gördüyü müqəddəs işləri oxuculara təqdim edir. "Üç əsrin qəzeti - "Kaspi"dən "Kaspi"yə" yazısında Sona xanım bu gün rəhbərlik etdiyi qəzetin faliyyətinə, onun tarixinə nəzər salaraq, Azərbaycanın ilk milli istiqlal fədailəri, maarifçiləri olan ziyalıların "Kaspi" qəzetində nəşr olunan məqalələrində onları bir-birindən fərqləndirən xüsusiyyətlərinin, yaradıcılıq üslubunun ümummillət və xalq dərdinə ortaq məxrəcə gəldiyini qeyd edir. Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Firudin bəy Köçərlinin, Sultan Məcid Qənizadənin, Üzeyir Hacıbəylinin fəaliyyətinin "Kaspi" qəzeti ilə təmasda olduğunu göstərir. Müasir "Kaspi" qəzetinin 1999-cu ilin yanvar ayında media meydanına vəsiqə almasını qeyd edən Sona xanım qəzetin əsas məqsəd olaraq, klassik ənənələrinə sadiq qalaraq, milli qəzet olmağı digər tərəfdən mətbuatın inkişaf və prinsiplərindən bəhrələnərək, daim yenilik və müasirliyi fəaliyyətində əks etdirməyi qarşısına məqsəd qoyduğunu bildirir.Kitabın sonuncu bölməsi "Alim və ictimai xadim" adlanır. Burada azərbaycançılıq ideologiyası ilə bağlı müəllifin tədqiqat əsəri diqqətə çəkilir. Sona xanım azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından biri kimi göstərilir. "Azərbaycan maarifçiləri və azərbaycançılıq", "Cəlil Məmmədquluzadə və milli ideya", "Azərbaycançılıq ideyası, milli azadlıq hərəkatı və müstəqil Azərbaycan dövlətinin qurulması" və digər başlıqlı yazılarda Azərbaycanda milli azadlıq hərəkatı, azərbaycançılıq ideologiyası, milli oyanış və milli ideya uğrunda mübarizə fərdi şəkildə əksini tapır.Daim yaradıcılıq axtarışında olan və öz ali hisslərini, mənəvi dünyasını oxucularına böyük məhəbbətlə təqdim edən Sona xanım Vəliyevanın nəzm əsərləri bəstəkarların diqqətindən kənarda qalmamışdır. Onun müəllifi olduğu şeirlər Azərbaycan bəstəkarlarının diqqətində olaraq lirik, həzin musiqi əsərləri ərsəyə gəlmiş və çağdaş musiqi sənətində özünəməxsus yer tutur. Bu günlərdə musiqisevərlərin ixtiyarına verilən "İlahi eşq" musiqi albomuna onun sözlərinə yazılmış mahnıları daxil edilib. Alboma daxil olan bəstəkar Ruslan Səfəroğlunun "Qaragilə", "İlahi eşq", Minayə İbrahimovanın "Giley", Əhməd Şəfəqin "Ağlama, şəhid balası", Rüstəm Zeynallının "Görüş yeri", Rüstəm Səfəroğlunun "Səndən yaman küsmüşəm", Reyhan Hacıyevanın "Gedəcəyəm", Novruz Aslanın "Sarı çiçəyim" və başqa mahnıların mətni məhz Sona xanıma məxsusdur."İlahi eşq" musiqili albomuna müəllifin mahnıları ilə yanaşı, şeirləri, eləcə də, kliplər daxil edilib."Zaman xəbərsiz ötdü" kitabı və "İlahi eşq" musiqili alboma Sona Vəliyeva dünyasına bir səyahətdir.
Nəzakət ƏLƏDDİNQIZI