- ATƏT-in faəliyyətdə olan sədri Eymon Gilmor bildirib ki, "...biz Dağlıq Qarabağ münaqişəsinin həllini tərəflərə sırıya bilmərik..." və "...bu münaqişə güc yolu ilə həll olunmayacaq". Eymon Gilmorun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bu fikrə münasibət bildirən politoloq Elman Nəsirlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətindən bütün tərəflər və xüsusilə də, Azərbaycan ictimaiyyəti narazıdır: "Demək olar ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbətə doğru heç bir irəliləyiş yoxdur. Belə olan təqdirdə, ATƏT-in faəliyyətdə olan sədri Eymon Gilmorun yuxarıda qeyd olunan fikri səsləndirməsi, əslində, vasitəçi olaraq Minsk Qrupunun özünü kənara çəkməsi anlamına gəlir. Təbii ki, onda da belə bir sual yaranır ki, "sizin ifadənizlə desək, münaqişənin həllini tərəflərə sırımaq istəmirsinizsə, belə olan vəziyyətdə, sizin funksiyanız nədən ibarətdir? Ümumiyyətlə, sizin iş fəaliyyətiniz nədən ibarətdir? Əgər Dağlıq Qarabağ münaqişəsini tərəflər özü həll edəcəklərsə, onda sizin bir vasitəçi olaraq funksiyanız nədən ibarətdir?"
Politoloq bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu yanaşmasının özü indiki vəziyyətdə ATƏT-in tənzimləmə prosesindəki imkanlarının nə qədər məhdud olduğunu ifadə edir: "Belə olan təqdirdə, onlar bir məsələnin ucundan yapışıblar ki, bu münaqişə güc tətbiq edilmədən həll olunmalıdır. Demək olar ki, Azərbaycan dövlətini də Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən bu günə qədər olan davranışı məhz bunu təsdiqləyir ki, Azərbaycan hər vəchlə çalışır ki, sözügedən münaqişə dinc yolla öz həllini tapsın. Lakin dinc yolla münaqişə öz həllini tapmayanda, yəni ATƏT-in 2007-ci ilin noyabr ayında irəli sürdüyü Madrid prinsipləri Ermənistan tərəfindən qəbul olunmadığı təqdirdə və 2009-cu ilin dekabr ayında Afinada yeniləşmiş Madrid prinsipləri irəli sürülərkən, Ermənistan yenə də onu qəbul etmədiyi təqdirdə, onda hansı vəziyyət yaranır? O zaman vəziyyət ondan ibarət olur ki, Ermənistan tərəfi çox gözəl bilir ki, onun ATƏT-in hazırladığı təklifləri qəbul etmədiyi təqdirdə, ona qarşı heç bir təsir və təzyiq mexanizmi işə salınmır. Son vaxtlar ATƏT-in iki sənədini, yəni çox mühüm əhəmiyyət kəsb edə biləcək sənədlərini qəbul etməyən Ermənistan üçüncü bir sənədi hazırlasa belə, yenə də işğalçı ölkə onu çox rahatlıqla qəbul etməyə bilər. Ermənistan bu cür də addım atacaq. Ona görə, indi ATƏT-in özü və ATƏT-in Minsk Qrupu ən azı öz simasını qoruyub saxlamaq naminə irəli sürdüyü təkliflərin taleyi haqqında düşünməlidir".
"Özü öz təkliflərinə sırımaq adını verməməlidir" deyən siyasi ekspert sırımaq sözünü neqativ bir məzmun kimi dəyərləndirib: "Yəni o halda, sırıyırlar ki, əslində, irəli sürülən təkliflər məzmun və forma etibarı ilə real vəziyyətə adekvat deyil. Yəni belə olan vəziyyətdə onu sırıyırlar. Eymon Gilmorun öz təkliflərinə bu cür yanaşması, əslində, onu aşağılayır. Ermənistan tərəfi də buna çox dəqiqliklə özləri üçün analiz edərək, nəticə çıxarırlar. Nəticə də belə olur ki, ATƏT və ATƏT-in Minsk Qrupu fəaliyyətsiz fəaliyyət göstərir. Ona görə də, Ermənistan müddətsiz danışıqlar yolunu seçir. İşğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında aparılan danışıqlarda heç bir razılığa gəlməyərək, münaqişənin həllini daha da uzadır. Təbii ki, Ermənistanın bu cür davranışının da səbəbkarları ATƏT-in Minsk Qrupu həmsədrləridir. Ona görə də, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox ciddi addımlar atmalıdırlar".
GÜLYANƏ