Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoru yüksək artım tempi nümayiş etdirir. Hazırda ölkədə böyük innovativ-texnoloji dəyişikliklər nəzərə çarpır və informasiya texnologiyalarına sərmayə axını çox genişdir. Bu fikirləri dünyanın nüfuzlu "ICD" analitik şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.Cənab Beklemişevin sözlərinə görə, İKT Azərbaycan üçün hazırda ən prioritet sahələrdən biri kimi mühüm yer tutur və bu sahədə inkişaf tempi iqtisadi sektorlar arasında əsas yerə malikdir. Bu temp gələcəkdə də qorunacaq, çünki dövlət tərəfindən mövcud sektora iri investisiyalar gözlənilir.
Hazırda Azərbaycanda iqtisadiyyatın yeni inkişaf doktrinasına uyğun olaraq qeyri-neft sektoru əsas aparıcı yer tutur və burada mərkəzi ağırlıq İKT sektoru xüsusi mövqeyə malikdir. Hazırda iqtisadiyyatın diversifaksiyasına təkan verən ən real sahə İKT-dir. Dünya təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarının daha çox tətbiq olunduğu ölkələr tez və yüksək gəlir əldə edir, iqtisadiyyatın diversifikasiyasına və innovasiya yönümlü iqtisadiyyatın yaradılmasına nail olur. Bu məqsədlə dövlət elm, təhsil və İKT-nin əlaqəli inkişafını diqqət mərkəzində saxlayır, elmi-texnoloji tutumlu innovativ layihələrin tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanda həyata keçirilən strateji kursun əsas məqsədi də məhz innovasiyalara malik İKT-nin tətbiqi dairəsinin genişləndirilməsindən ibarətdir.
Son illər informasiya-kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi prioritet sahəyə çevrilib və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlib. Son 10 ildə Azərbaycan İKT sahəsinin inkişafı üzrə 10 ən yüksək inkişaf etmiş ölkələr sırasında yer alıb. Artıq 7-8 ildir ki, Azərbaycanın İKT sahəsinin orta illik inkişafı 25-32% təşkil edir: bu da dünya göstəricisini 2-2,5 dəfə üstələyir. Ölkədə İKT öz spektrini genişləndirib, bu istiqamətdə işlər davam etdirilir. Bu gün Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verməkdədir. 2004-2011-ci illərdə bu sahə üzrə gəlirlərin orta illik artım tempi 25-30 faiz təşkil edərək, ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlayıb. Bu müddət ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı isə 5 dəfə artıb və özəl sektorun İKT bazarında payı genişlənərək, 80 faizə çatıb. 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12 faiz artıb. Bu, uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur. Respublikamız "İKT Qiymət Səbəti" göstəricisi üzrə 2011-ci ilin qiymətləndirmələrinə görə, 49 pillə irəliləyərək, 165 ölkə arasında 51-ci yerə yüksəlib. Ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
BMT-nin bu günlərdə açıqladığı "E-idarəçilik 2012" adlı hesabatında dövlət xidmətlərinin göstərilməsində İKT-dən istifadə üzrə ölkələrdə dövlət orqanlarının hazırlığı və mövcud imkanları qiymətləndirilib və Azərbaycan hökuməti milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində fəal iştirak edən ölkə kimi yer alıb. Azərbaycanın elektron hazırlıq indeksi (0,4984) üzrə 93 ölkə arasında 96-cı yeri tutub. Respublikamız MDB-də Rusiya və Ukraynadan sonra "e-idarəçilik" imkanlarına görə, ən yaxşı mövqeyə malik ölkə kimi qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan son 4 ildə qeyd olunan sahə üzrə ən sistemli və davamlı islahatlar aparan ölkə kimi çox yaxşı nəticələr əldə edib. 2008-ci illə müqayisədə, ölkəmizin mövqeyi 10 pillədən çox yüksəlib.
Azərbaycan hesabatın ən mühüm komponentlərindən biri olan elektron iştirak indeksi (e-participation index) üzrə isə 27-ci yeri tutur. Respublikamızın qeyd olunan indeks üzrə mövqeyi Mərkəzi-Şərqi Avropa dövlətlərinin əksəriyyətindən xeyli yüksəkdir. Rumıniya, Slovaksiya, Türkiyə, Bolqarıstan, Sloveniya, Belarus, Yunanıstan və digər ölkələr elektron iştirak indeksinə görə, respublikamızdan aşağı yerdə qərarlaşıblar. Onu da qeyd edək ki, Azərbaycan bu indeks üzrə son illər daha yüksək nəticələr əldə edərək, son 4 ildə mövqeyini 2 dəfə yaxşılaşdırıb. Respublikamız 2008-ci ildə həmin indeks üzrə 49-cu yerdə qərar tutub.
Bu gün qlobal informasiyalaşdırma və ümumdünya informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ən çox nəzərə çarpan tendensiya kimi elektron hazırlığın inkişafının sürətlənməsini göstərmək olar. Elektron hazırlıq elektron xidmətlərin tətbiqinin genişlənməsini təmin edir, eyni zamanda, "elektron hökumət" quruculuğuna doğru aparan yolun mühüm bir komponenti kimi çıxış edir. Bu mənada, elektron hazırlığın güclü olması həmin ölkədə e-xidmətlərin genişliyinə də mühüm təsir göstərir. Bütün bunların əsasında isə informasiya-kommunikasiya texnologiyalarından istifadə, İKT infrastrukturunun yaradılması kimi faktorlar mühüm əhəmiyyət kəsb edir.
BMT-nin son illərdə açıqladığı hesabatlar və digər İKT qurumlarının rəyləri açıq şəkildə onu göstərir ki, Azərbaycan bu sahədə xeyli irəliləyişlər əldə edib. Bir çox indikatorlar üzrə ölkəmizin regionda əsas yerlərdən birini tutması dövlətin siyasi iradəsinin əyani təzahürü kimi qiymətləndirilə bilər. Məsələn, elektron iştirak indeksi üzrə mövcud əmsal, eləcə də, "online" xidmətlərin miqyası ilə bağlı yüksək qiymətləndirmə respublikamızda elektron cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımların atılmasını şərtləndirir. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə sistemli tədbirlər davam etdirilir. BMT ekspertləri və digər beynəlxalq qurumların nümayəndələri də etiraf edirlər ki, Azərbaycan yeni proqressiv yeniliklərə doğru irəliləyən dünya ailəsinin bir üzvü kimi inkişaf etmiş dövlətlərin ən qabaqcıl texnologiyalarını tətbiq edərək, İKT-nin tətbiqi ilə bağlı düşünülmüş strategiya həyata keçirir. Bu strategiya ölkəmizdə "elektron-hökumət" quruculuğu üçün çoxsistemli idarəetmə mexanizmlərinin formalaşdırılmasından ibarətdir. Ölkəmizdə "Elektron Azərbaycan" Dövlət Proqramı, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşıb.
Azərbaycanda demokratik ölkə kimi vətəndaşlarına sərbəst şəkildə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bütün imkanları yaradıb. Hazırda hər bir azərbaycanlı İKT-dən maneəsiz istifadə etməklə internet üzərindən informasiya alır, lazım olan məlumatları toplayır, onları məhdudiyyətsiz paylaşır. Bu gün ölkəmizdə həyata keçirilən siyasətin əsas hədəflərindən biri elektron vərdişlərin inkişafın sürətləndirməklə cəmiyyətin informasiylaşdırılmasını tam təmin etməkdən ibarətdir. Qloballaşma proseslərinin cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz etməsi ilə geniş vüsət aldığı dövrdə Azərbaycanda əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən bəşəriyyətin rifahı naminə istifadə olunmasıdır. Bütün bu ali məqsədlər e-hökumət quruculuğunun əsas komponentlərini təşkil edir.