Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman ölkə vətəndaşları tərəfindən sevinclə qarşılanır. Bununla bağlı artıq iyun ayının 1-dən həmin Fərmanın icrasına başlanılıb. İllərdir bu Fərmanı gözləyən vətəndaşların münasibətini öyrənmək üçün "Kapital Bank"ın bir neçə rayon filiallarına müraciət etdik. Həqiqətən də, ölkə Prezidentinin atdığı bu addım ictimai rəydə çox müsbət qarşılanır. Məsələ ilə bağlı "Kapital Bank"ın 2 saylı Səbail rayon filialı baş mühasibinin müavini Samir Xəlilovla və vətəndaşlarla söhbət apardıq.
Samir Xəlilov: "Ölkə Prezidenti İlham Əliyevin əmanətlərin qaytarılması ilə bağlı imzaladığı Sərəncam ölkə vətəndaşlarına diqqət və qayğının layiqli nümunəsidir"
- Ölkə Prezidenti cənab İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman ölkə vətəndaşlarında həqiqətən böyük sevinc yaradıb. Xeyli vaxtdır ki, bununla bağlı müəyyən fikirlər var idi, amma artıq əmanətlərin qaytarılması prosesi reallaşıb və ölkə Prezidentinin Fərmanının uyğun olaraq iyunun 1-dən sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılmasına başlanıb. Vətəndaşlar müəyyən olunmuş bank şöbələrinə yaxınlaşıb sənədlərini təqdim etməklə qısa zamanda pulunu ala bilər. Ümumilikdə, əmanətlərin qaytarılması prosesi şəffaf şəkildə təşkil olunub və bunun üçün lazımi şərait yaradılıb. Dövlətin büdcəsi buna imkan verir ki, ölkə vətəndaşlarının vaxtilə banklarda batmış pullarını ala bilsin. Bu, bütün vətəndaşları sevindirən bir Fərmandır. Buna görə də, ölkə başçısı İlham Əliyevin imzaladığı Fərman çox müsbət qiymətləndirilir. Prezidentin bu ilin martında verdiyi Fərmana əsasən, vəsaitlərin vərəsələrə, əmanət kitabçalarını itirən və ya yararsız hala salan vətəndaşlara da verilməsində də heç bir problem olmayacaq. Ümumilikdə, ölkə Prezidenti İlham Əliyevin əmanətlərin qaytarılması ilə bağlı imzaladığı Sərəncam ölkə vətəndaşlarına diqqət və qayğının geniş təzahürüdür.
Əmanətlətləri qayıdan vətəndaşlar dövlət başçısının Fərmanını sevinclə qarşılayır
Əhmədov Ayaz:
- Mən Prezidentimizə öz dərin minnətdarlığımı bildirirəm ki, bu addımı atdı. Prezidentin Fərmanını çoxdan gözləyirdik. Sağ olsun ki, bizi sevindirdi. Bu çox ciddi bir məsələdir. Həmin pulların yenidən vətəndaşlara qaytarılmasına inanmaq çox çətin idi. Amma indi artıq pulların verilməsi prosesi başlayıb. Nə qədər insan pul alıb. Biz də vaxtilə batmış pulumuzu aldıq.
Siraczadə Sirac:
- Digər vətəndaşlar kimi mən də çox sevinirəm. Prezdentimizə təşəkkür edirəm ki, onun sayəsində biz batmış pullarımızı geri alırıq. İllərdir, biz bunu gözləyir. Baxmayaraq ki, illərdir pulların qaytarılması ilə bağlı söz-söhbətlər gedir. Amma təbii ki, biz buna inanmırdıq. Lakin indi bununla bağlı dövlət başçısı səviyyəsində addım atılıb, Prezident Fərman imzalayıb. Ona görə də, artıq hər şey reallaşıb. Mən də pulumu almışam.
Abbasov Məmməd:
- Biz də digər vətəndaşlar kimi növbədə gözləyirik. Növbəmiz çatanda, pulumuzu ala biləcəyik. Nə qədər insan pul alıb. Açığı narazı tərəflər də var. Amma mən onları başa düşə bilmirəm ki, niyə narazılıq edirlər. Bu pullar onsuz da sovet bankında batmışdı. Heç bunun verilməsi barədə düşünmürdük. Lakin Prezidentimizin bir daha insanlara diqqət və qayğısını gördük. Mən də öz adımdan cənab Prezidentə təşəkkürümü bildirirəm ki, belə bir addım atdı.
Fətullayev Fazil:
- Artıq 20 ildən çoxdur ki, biz pullarımızı alacağımız barədə xəbərlər eşidirik. Elə hər il deyirdilər ki, pulları qaytaracaqlar. Amma verilən vədlər özünü doğrultmurdu. Lakin Prezidentin Fərmanından sonra hər kəs inandı ki, həqiqətən də, batmış pullar qaytarılacaq. Hər kəs buna çox sevinir. Biz də sevinənlərdən biriyik. Bunun üçün yalnız Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk ki, belə bir addım atmaqla bir daha xalqına, millətinə bağlı olduğunu nümayiş etdirdi.
Abdullayev Çingiz:
- Ölkə Prezideti İlham Əliyev cənabları Ulu Öndərimizin siyasətini davam etdirir. Ulu Öndərimizdə həmişə xalqına bağlı bir insan olub. Prezident İlham Əliyev bütün vətəndaşların rəğbətini qazanıb. Tək pulların qaytarılmasından getmir. Ümumiyyətlə, bütün mənalarda xalq ona dəstək verməyə hazırdır. Bunu Prezident öz yaxşı əməlləri ilə özü qazanıb. Çox sağ olsun.
Mehdiyeva Lətifə:
- Ölkə Prezidenti bununla bağlı fikir səsləndirmişdi ki, SSRİ Əmanət Bankında qalan pullar qaytarılacaq. Mən inanırdım. Banka müraciət edənlərin sayı-hesabı yoxdur. Hər kəs azad şəkildə banka yaxınlaşıb sənədlərin təqdim etməklə qeydiyyatdan keçir, pulunu almaq üçün növbəsini gözləyir. Bizim ailədə də sevinc var. Bu sevinci bizə bəxş edənlərə, xüsusilə, Prezident İlham Əliyevə çox sağ ol deyir. Allahdan ona uzun ömür, can sağlığı arzu edirik.
Niftəliyev Oruc:
- Dövlətimizin başçısına minnətdarıq ki, illərdir batmış pulların qaytarılması məsələsini reallaşdırdı. Bu, onun geniş dünyagörüşündən irəli gəlir. Bankdan çoxlu sayda pulunu alanlar var. Onlardan heç bir məbləğ tutulmayıb. Müəyyən olunmuş məbləğ tam olaraq, vətəndaşa verilir. Bütün proseslər şəffaf şəkildə təşkil olunub. Hər kəs kimi mən də sevincliyəm. Sağ olsun dövlətimizin başçısı.
Babək Natiqoğlu