PDF Oxu

Sosial

  • 50

Ermənistan boşalır

Ermənistan boşalır

Artıq Ermənistandakı sosial-iqtisadi vəziyyətin ağırlığı dözülməz həddə çatıb. Bu səbəbdən də ölkədə miqrasiyanın səviyyəsi getdikcə artmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, bu ilin sonunadək ölkəni daha 300 min nəfər tərk edəcək. Ermənistanın "Haykakan Jamanak" qəzetinin yazdığına görə, ölkədə miqrasiyanın yüksək səviyyədə olmasına səbəb əhalinin mövcud rejimə inamının azalmasıdır. Yerevanın Miqrasiya Problemləri Mərkəzinin ekspertləri hesab edirlər ki, mühacirət indiki templərlə davam etsə, ölkənin gələcəyi sual altına düşə bilər. Hesablamalara görə, bu ilin sonunadək ölkəni daha 300 min nəfər tərk edəcək. Ermənistandakı "Sardarapat" hərəkatının yaydığı bəyanatda isə bildirilir ki, ölkə rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün, faktiki olaraq, heç bir tədbir görmür. "Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra nə etsə belə, ölkəni tərk edənlərə mane ola bilməyəcək. Mühacirət etmək fikrinə düşənləri hətta həbs gözləsə də, ermənilər qaçmaqda davam edəcəklər. Axı səbr kasası daşan və heç bir ümid yeri olmayan insanları zorla ac saxlamaq olmaz"-deyə bəyanatda bildirilir.

Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qarik Eqonyan ölkə mətbuatına verdiyi açıqlamasında bildirib ki, əgər 2010-cu ildə Ermənistanı 74 min adam tərk etmişdirsə, cari ildə bu rəqəm artaraq, 76 minə çatıb: "Hal-hazırda Ermənistan əhalisinin 40 faizi ölkədən getmək istəyir. Bu, MDB dövlətləri arasında ən yüksək göstəricidir. Bu hesablama ilə 20 ildən sonra Ermənistanda cəmi 1,5 milyon insan qalacaq. Xatırladaq ki, hazırda ölkədə əhalinin sayı 3 milyon 262 min 600 nəfərdir".

Ermənistan Miqrasiya Xidmətinin hesabatına görə ölkəni tərk edənlər əsasən yüksəkixtisaslı kadrlardır: "Onlar işsizlik və yaxud cüzi əmək haqqı aldıqları üçün uzun illər yaşadıqları vətənlərini tərk etmək məcburiyyətində qalırlar. Deyilənləri rəqəmlər də təsdiqləyir. Belə ki, 2011-ci ilə kimi ölkəni təqribən 1,1 milyon, 2012-ci ilin 5 ayı ərzində 69 min 222 nəfər tərk edib və ölkəyə qayıtmaq istəməyiblər. Qeyd edim ki, Ermənistanda 900 kənd var və onların hər birində təxminən 250-270 əhali yaşayır".


Ermənistanda orta məktəblər boşalır


Son 5 ildə məktəblilərin sayı, demək olar ki, 50 faiz azalıb. 300 nəfərlik məktəbdə bu il 168 nəfər təhsil alacaq


"Qallup"un araşdırmasına görə isə Ermənistan əhalisinin 40 faizi ölkədən getmək istəyir. Bu, MDB dövlətləri arasında ən yüksək göstəricidir. Ekspertlərin fikrincə, bu hesablama ilə 20 ildən sonra Ermənistanda cəmi 1,5 milyon insan qalacaq.


Ermənilər, hətta Sibirdə də yaşamağa razıdırlar


Rusiya Dövlət Statistika Xidmətinin Yerevandakı nümayəndəsi Svetlana Stepanova "Novosti Armenii" agentliyinə açıqlamasında bildirib ki, Rusiyaya gedən ermənilərin çoxu indi daha çox Sibir regionunda yaşamağa üstünlük verirlər: "Çünki Rusiyanın mərkəzi, Ural və Volqaboyu ərazilərindən fərqli olaraq, Sibir regionlarında işçi qüvvəsinə daha çox ehtiyac vardır. Biz burada Sibirdə işləmək üçün gedənlərə xüsusi qaydada sertifikatlar veririk. Son iki ayda bu sertifikatlardan 2 min nəfərə təqdim etmişik. Onların yol xərclərini də özümüz ödəyirik. Sibir regionlarında daimi məskunlaşmaq istəyən ailələrə 300 min rubl (8-10 min dollar) dəyərində dövlət yardımları edilir. İki il ərzində bu vətəndaşlar bütün vergilərdən azad olunacaqlar. Ermənistan hakimiyyəti bizim bu xidmətimizə heç zaman müdaxilə edə bilməz və etməyə də haqqı yoxdur".

Ermənistan Dövlət Statistika Xidmətinin rəsmisi Karina Küyümçüyan isə bu siyasətə separatçı Dağlıq Qarabağ əhalisinin də qatılmaq istədiyini bildiribdir. Onun etirafına görə ötən il ərzində 4119 nəfər Qarabağ ermənisi Rusiyada daimi yaşamaq üçün Yerevanda sertifikat alaraq, həmin dövlətə köçüb gediblər.


"Biz erməni millətində milli dövlət, torpağa bağlılıq anlayışı yoxdur"


Daşnaksütyun Partiyası siyasi şurasının üzvü, parlamentin deputatı Armen Rustamyan qeyd edir ki, ölkədən kütləvi şəkildə xarici dövlətlərə viətəndaşların miqrasiya etməsinin səbəbi heç də ağır maliyyə və ya iqtisadi problemlərə görə deyil: "Həm də biz erməni millətində milli dövlət, torpağa bağlılıq anlayşı yoxdur. Qədim hetlərin zamanında olduğu kimi, qul olmaq təfəkkürünü irsimizdən, genetikamızdan silə bilmirik. Buna görə də insanlarımız maddi ehtiraslarına görə kütləvi şəkildə Ermənistanı tərk edirlər. Bu proses Ermənistanın milli təhlükəsizliyi üçün çox ciddi fəsadlara səbəb olur və bundan sonra da olacaq".

"Aykakan Jamanak" qəzetinin icmalçısı Karen Qalustyan isə həyəcan təbili çalaraq, qeyd edir ki, indi Ermənistan üçün ən böyük təhlükə mənbəyi zənginlərin də öz vəsaitlərini xarici dövlətlərə transfer etməyə başlamasıdır: "Bunun əsas səbəbi Serj Sarkisyan iqtidarının apardığı yanlış siyasətdən qaynaqlanır. Hətta zənginlər belə öz maliyyə imkanlarının təminatlı ola biləcəyinə inanmırlar. Çünki ortada hakimiyyətə inam hissi yoxdur. Problemin digər tərəfi isə, məmur özbaşınalıqları, korrupsiyanın daha da dərinləşməsi, heç bir məmurun ölkənin taleyi qarşısında məsuliyyət daşımamasıdır. Bu proses ömür sürdükcə, ölkədən miqrasiya axınları da davam edəcək".

Müşahidəçilərin fikrincə, Ermənistan iqtidarı həm ölkə daxilində, həm də Cənubi Qafqaz siyasətində konstruktiv mövqe tutmayınca, buraya iri layihələr də cəlb edilməyəcəkdir. Çünki bu sırada əsas kommunikasiya vasitələrinin daha səmərəli, zaman baxımından sərfəli ola biləcək hədəflər önəmli sayılır. Bunun üçün, ilk növbədə, Gürcüstan və Azərbaycanın üzləşdiyi Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatizmi dəf olunmalıdır. Ermənistan iqtidarı, hələ ki, bunun fərqində deyil.


Aytən Səmədova

Digər xəbərlər