Məlumdur ki, problemin aradan qaldırılması ilə əlaqədar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən bir sıra qərarlar qəbul edilib, ATƏT-in Minsk Qrupu tərəfindən isə müxtəlif təkliflər hazırlanıbdır. Bu təkliflərin bəzi müddəaları Azərbaycanın maraqlarına uyğun gəlməsə də, münaqişənin dinc yolla aradan qaldırılması naminə ölkəmiz öz razılığını bildiribdir. Lakin Ermənistan tərəfinin bu vaxta qədər qeyri-konstruktivlik nümayiş etdirməsi, işğalçılıq siyasətindən əl çəkməməsi və danışıqlar prosesini süni surətdə uzatması, münaqişənin nizamlanması istiqamətində müsbət nəticənin əldə olunmasına imkan verməyib. Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq, yeni formatda addımlar atılmışdır: "Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada, Münhendə, Soçidə, Sankt-Peterburqda və iki respublikanın sərhədində - Sədərəkdə 40-dan çox görüş keçirmişlər. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danşıqlarda ölkəmizin, ilk növbədə, sülh variantına üstünlük verdiyinə sübutdur. Möhtərəm Prezidentimiz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirib, beynəlxalq təşkilatların bu sahədə səylərinin gücləndirilməsinin zəruriliyini bəyan etmişdir".
Politoloq Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsipilərinə bu günə kimi hələ də laqeyd yanaşdığını söyləməklə yanaşı, bu ölkənin qeyri-konstruktiv mövqedə olduğunu da vurğuladı: "Qeyd edim ki, münaqişənin nizama salınmasında "Praqa prosesi"nə üstünlük verilir. "Praqa prosesi" adını almış variantın əsas elementləri ondan ibarətdir ki, burada nizamlanmanın "mərhələli həll" variantının detalları müzakirə obyektinə çevrilibdir. Ermənistanın münaqişənin "mərhələli həll" variantı ilə razılaşmaq məcburiyyətində qalması isə, təbii ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin nailiyyətələrindən biridir. Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dirənməsinə gətirib çıxardı. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar masası arxasında hər zaman bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışının vacibliyini bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağ müstəqil olmayacaq. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır və bütün təzyiqlərə baxmayaraq, sonadək öz mövqeyimizi müdafiə edəcəyik".
M.Əhmədoğlu, həmçinin, beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini və münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verildiyini də vurğuladı: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarı olan beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyinin və münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verildiyinin şahidi oluruq. Göründüyü kimi, beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verilir. Qeyd edim ki, dövlətimizin başçısı həmişə qətiyyətlə bildirib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək, Dağlıq Qarabağın müstəqil respublika kimi tanınmasına çalışırlar. Lakin unudurlar ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına əsasən, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Ancaq bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə bir hüququ yoxdur. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın uğurlu xarici siyasəti Ermənistanı artıq çıxılmaz vəziyyətə salıb".
R.KAMALQIZI