Hər həftənin şənbə və bazar günləri Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalarda mövsümə uyğun olaraq bütün məhsulların bazar qiymətləri ilə müqayisədə ucuz qiymətlərlə satışa çıxarılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, paytaxt əhalisinin daha çox axın etdiyi yarmarkalarda satışa çıxarılan məshullarla bazardakı məhsulların qiymət və keyfiyyətində kəsin fərq olduğu məlumdur. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda qiymətlər bazardakından 20-25% ucuz olduğu üçün canlanma müşahidə olunur. Məsələ ilə bağlı Səbail rayonu Badamdar qəsəbəsində təşkil olunan yarmarkada müşahidə apardıq. Məlum oldu ki, yarmarkada soğanın kiloqramı 30-40 qəpik, kartofun 4-5 kiloqramı 1 manat, badımcanın 3-4 kiloqramı 1 manat, kələmin kiloqramı 70-80 qəpik, pomidorun kiloqramı 80 qəpik, göyərtinin dəstəsi 10 qəpik, yemişin kiloqramı 40-50 qəpik, qarpızın kiloqramı 20 qəpik olduğu halda, başqa bazarlarda və ya pərakəndə satış yerlərindəki qiymətlər fərqlidir: soğan kiloqramı 50-60 qəpik, kartofun kiloqramı 50-60 qəpik, badımcanın kiloqramı 40 qəpik, kələmin kiloqramı 1 manat, pomidorun kiloqramı 1 manat və ya 1 manat 20 qəpik, göyərtinin dəstəsi 20-25 qəpik, yemişin kiloqramı 60 qəpik, qarpızın kiloqramı 30 qəpik arası dəyişir.
Bundan başqa, mövsümə uyğun olaraq təşkil olunan yarmarkalarda satılan meyvələrin qiymətlərində də fərq var. Belə ki, yarmarkalarda almanın kiloqramı 40-50 qəpik, armudun kiloqramı 1 manat, şaftalının kiloqramı 1 manat, əriyin kiloqramı 40-50 qəpik, gavalının kiloqramı 40 qəpik, gilasın kiloqramı 1 manat, albalının kiloqramı 80 qəpik, alçanın 3-4 kiloqramı 1 manat olduğu halda, pərakəndə satış yerlərindəki qiymətlərdən fərqlənir: almanın kiloqramı 1 manat, armudun kiloqramı 1 manat 30 və ya 40 qəpik, şaftalının kiloqramı 1 manat 20-30 qəpik, əriyin kiloqramı 70-80 qəpik, gavalının kiloqramı 60 qəpik, gilasın kiloqramı 1 manat 20-30 qəpik, albalının kiloqramı 1 manat, alçanın kiloqramı 40-50 qəpik arası dəyişir.
Babək Hacıyev