"Todays"s Zaman" qəzetində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) biznes əlaqələndiricisi Vanessa Reinin "Türkiyə, Azərbaycan, Birləşmiş Krallıq: Tərəqqi triumviratı" adlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, Qərb iqtisadiyyatlarının ciddi durğunluq və böhran dövrü yaşadığı bir zamanda Türkiyə və Azərbaycan öz iqtisadi inkişaf tempi, enerji layihələri və Avrasiyada sülh və təhlükəsizliyə töhfələri ilə Birləşmiş Krallığın diqqət mərkəzindədir. Hər iki ölkənin Böyük Britaniya ilə müstəsna tarixi əlaqələri vardır və bu, dünyanın indiki qarışıq vəziyyətində xüsusi əhəmiyyət kəsb edir. Cari ildə TEAS-ın Londondakı Hamilton Palasda təşkil etdiyi biznes-forumda da Türkiyə və Azərbaycan informasiya texnologiyaları, energetika, maliyyə, kənd təsərrüfatı və gündəlik tələbat malları sektorlarında öz sərmayə imkanlarını bir daha nümayiş etdirdilər. Bu forumda 250 lord, diplomat, sərmayəçi, Türkiyənin və Azərbaycanın Britaniyadakı səfirləri Ünal Çeviköz və Fəxrəddin Qurbanovun iştirakı ilə Avropa ilə biznes əlaqələrinin perspektivləri müzakirə olundu.
Müəllif qeyd edir ki, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik olan Azərbaycanın sərmayə imkanları da getdikcə artır. 2017-ci ilədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayəsinin həcmi 17 milyard dollara çatacaq. Ortaq tarixi və mədəniyyəti olan iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 500-dən çox saziş imzalanıb. Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ən çox dəstəkləyən Türkiyənin qardaş ölkə ilə əməkdaşlığı gündən-günə möhkəmlənir.
Məqalədə ingilis şirkətlərinin də Azərbaycanda fəaliyyətindən bəhs olunur, bu yaxınlarda Azərbaycana təyin olunmuş yeni səfir Piter Beytmanın ölkəmizlə bağlı fikirlərinə yer verilir. Səfir vurğulayır ki, Azərbaycan 2005-ci ildə ÜDM-in həcminə görə dünyada ən böyük rekorda nail olub. Bu göstəricinin 35 faizə yüksəldiyi ölkədə indi qarşıda duran vəzifə əsas diqqətin əldə olunan gəlirlərin regionların inkişafına yönəldilməsidir. Hazırda, Azərbaycanda 150 ingilis şirkəti fəaliyyət göstərir. Bu şirkətlər təkcə enerji deyil, habelə, qeyri-neft sektoruna da sərmayələr qoyublar. Onların arasında milyardlarla sərmayəyə imza atmış bp şirkətini xüsusi olaraq qeyd etmək lazımdır. Bu gün iqtisadiyyatı durğunluq yaşayan Böyük Britaniyanın Azərbaycan ilə iqtisadi əməkdaşlığa hər zamankından daha çox ehtiyacı vardır.
Müəllif vurğulayır ki, Azərbaycan, Türkiyə və Birləşmiş Krallıqlar arasında üçtərəfli əlaqələr yeni siyasi və ticarət əməkdaşlıq imkanları yaradacaq, regionun tərəqqisinə töhfə olacaq. Avropa Birliyi də bu strateji tərəfdaşlıqda fəal iştirak etməklə Mərkəzi Asiyaya daha yaxınlaşa, öz gücünü artıra bilər.
ZÜMRÜD