PDF Oxu

Sosial

  • 53

Güclü iqtisadiyyata, sürətli inkişafa qadir Azərbaycanda müasir və qüdrətli ordu  formalaşır

Güclü iqtisadiyyata, sürətli inkişafa qadir Azərbaycanda müasir və qüdrətli ordu formalaşır

Azərbaycan Prezidenti İlham Əliyevin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının , eləcə də, mülkü işçilərinin aylıq vəzifə maaşlarının artırılması, o cümlədən, hərbçilərin mənzillərlə təmin olunması haqqında imzaladığı sərəncamlar bu sahənin daim dövlət başçısının diqqətində olduğunu sübut edir. Ölkədə aparılan islahatlar və icrası uğurla həyata keçirilən dövlət proqramları sayəsində iqtisadiyyat gündən-günə inkişaf edir. Güclü iqtisadiyyata, qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Dövlət büdcəsindən hərbi sənayenin inkişafına və ordu quruculuğuna ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsinə, həmçinin, silahlı qüvvələrin maddi-texniki bazasının dünya standartları səviyyəsində qurulmasına imkan verir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilərək, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik güc mərkəzinə çevrilib. Əlbəttə, bu, əsgər və zabit heyətlərini həm sevindirir, həm də onların məsuliyyətlərini artırır.


Azərbaycan MDB məkanında hər bir zabitə və əsgərə çəkilən xərcə görə öndə olan dövlətlərdəndir


Azərbaycan MDB məkanında hər bir zabitə və ya əsgərə çəkilən xərcə görə öndə olan dövlətlərdəndir. Ötən il iyunun 25-də və bu il 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı əhəmiyyətli sərəncamlar hərbiçi zabitlər və onların ailə üzvləri tərəfindən sevinclə, rəğbətlə qarşılanmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi hər bir zabitin, eləcə də, onların ailə üzvlərinin ürəyincə olmuşdur. Hərbi qulluqçuların mənzil-məişət problemlərinin həll edilməsi də diqqət mərkəzində olmuşdur. Bu qayğının daha bir bariz nümunəsi isə ötən il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" verdiyi Fərmandır. Məhz bu gün də həmin Fərmanın icrası uğurla dava etdirilməkdədir.

Söz yox ki, dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir.


Hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi mənzil-məişət problemlərinin də həll edilməsinə təkan olmuşdur


Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir.

Prezident İlham Əliyevin Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak etməsi də bu amilin ali təzahürü kimi dəyərləndirilməkdədir. Yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılmışdır. Yaşayış kompleksini elektrik enerjisi və su ilə təchiz etmək üçün iki yarımstansiya və digər lazımi avadanlıq quraşdırılmışdır. Kompleksin ərazisində abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Bu amil isə, bir daha onu deməyə əsas verir ki, dövlət rəhbərliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət və qayğı bundan sonra da uğurla davam etdiriləcək. Çünki güclü Azərbaycan ordusu bu diqqətə və qayğıya layiq ordudur.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər