Binəqədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçirildi. Mərasimdə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov və başqaları iştirak edirdilər.
Mərasimdə hərbi hissənin komandirləri ilə tanışlıqdan sonra torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidə tədbir iştirakçıları tərəfindən ziyarət edilərək, önünə tər gül dəstələri düzüldü. Sonra hərbi hissənin qərargahında yerləşən muzeylə tanışlıq oldu. "İdman ili" çərçivəsində və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi hissələr arasında keçirilən "Armlestinq" yarışının final mərhələsi izlənildi.
Tədbir hərbi hissə əsgərləri tərəfindən ifa olunan Azərbaycanın Dövlət Himni ilə başlandı. Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyi Daxili Qoşunların "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Vurğun Abbasov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, inkişaf yolları, ordu birləşmələrinin təşkili, təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Bu gün Ümummilli Liderin uğurlu siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin və hərbi sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirdiyini xüsusi qeyd edən V.Abbasov ordunun Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malik olduğunu nəzərə çatdırdı. Müasir dövrümüzdə Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına, ordunun müasir silah və texnika ilə təminatı məsələsinə xüsusi diqqəti sayəsində Azərbaycan ordusu bölgənin ən güclü ordusuna çevrilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətini başçısı Xaləddin İsgəndərov əlamətdar bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, bildirdi ki, Silahlı Qüvvələr Gününün tarixiləşməsi birbaşa Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən 26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir: "1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmışdır. Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla Milli Ordu quruculuğunda çox böyük əhəmiyyətə malik addım atmışdır. Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır".
Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsini rəisi Qüdsi Bayramov əsgər və zabitləri təbrik etdi. Rayon icra hakimiyyəti tərəfindən 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə hərbi xidmətdə fərqləndiyinə görə, rayon ərazisində yerləşən hərbi hissələrdə qulluq edən bir qrup əsgər və zabitlərə və həmçinin, hərbi hissələr arasında keçirilən "Armlestinq" (qol güləşi) yarışının qaliblərinə diplom və hədiyyələr təqdim olundu.
Daxili Qoşunların "N" saylı hərbi hissənin Xüsusi Təyinatlı Dəstənin nümunəvi çıxışları təqdim edildi. Tədbirin sonunda hərbi hissə ilə tanışlıq oldu.
Rəsmi hissədən sonra estrada ustaları əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış etdilər.
ZÜMRÜD