PDF Oxu

Sosial

  • 70

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitləri yaxşılaşdırılır

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitləri yaxşılaşdırılır

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan dövlətin ilk vəsaitləri məhz qaçqın və məcburi köçkünlərin sosial həyatlarının, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Onların sosial müdafiəsi ilə bağlı geniş tədbirlər həyata keçirilməyə başlanıldı. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 6 dekabr 1999-cu ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradıldı və faktiki olaraq, 2001-ci ildən etibarən fəaliyyət göstərməyə başladı. Onu da qeyd edək ki, fondun yaradılmasında Azərbaycan hökuməti ilə bərabər, beynəlxalq donorlar da iştirak edib. Belə ki, MKSİF-in ali idarəetmə orqanı Müşahidə Şurası hesab olunur və Şuranın tərkibinə Azərbaycan hökumətinin, yerli qeyri-hökumət və özəl təşkilatların nümayəndələri ilə bərabər, beynəlxalq donor təşkilatların nümayəndələri də daxil edilmişdir.

Bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olmuş, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinin daha sürətlə məskunlaşması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna keçən illərdəkindən fərqli olaraq bir neçə dəfə artıq vəsait ayrılmışdır. Bu ilin əvvəllərindən başlayaraq, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna 300 milyon manatdan artıq məbləğində vəsait ayrılmışdır. Bunun müqabilində 5 minə yaxın ailə, 25 min məcburi köçkün yeni, günün tələblərinə cavab verən, bütün texniki-iqtisadi infrastrukturla təmin olunmuş məhəllə və qəsəbələrdə məskunlaşacaqdır. Ümumiyyətlə, bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, Göygöl, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 64 qəsəbə (zəruri sosial-texniki infrastrukturlar) salınmışdır ki, bunların da 50-si MKSİF tərəfindən tikilmişdir. Həmin qəsəbələrdə də 20 minə yaxın köçkün ailəsi məskunlaşmışdır.

Məcburi köçkün ailələrinin sosial şəratini yaxşılaşdırmaq məqsədilə daha bir layihə imzalanmışdır ki, həmin layihə çərçivəsində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün hündürmərtəbəli binalar inşa olunur.

Belə ki, iyunun 29-da Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binalarından ibarət məhəllənin tikinti işləri ilə tanış olmuşdur.

Tikinti işləri ilə tanışlıqdan öncə, inşaat işlərini icra edən səlahiyyətli şəxslərlə və podratçı şirkətlərin rəsmiləri ilə müşavirə keçirən A.Orucov işlərin icrası ilə maraqlanmış, məruzələri dinləmiş və bəzi nöqsanların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını vermişdir.

Fondun direktoru xüsusilə qeyd etmişdir ki, öhdəliyə götürülmüş işlər vaxtında və tam keyfiyyətli şəkildə qaçqın və məcburi köçkün ailələrinin ixtiyarına verilməlidir: " Məcburi köçkünlərlə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən, daha sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, eləcə də, Milli Məclisdə çox mühüm qərarlar və qanunlar qəbul olunmuş, Dövlət proqramları və dövlət proqramlarına əlavələr imzalanmışdır. Bütün bu layihələr uğurla həyata keçirilir.

Ölkə Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat səviyyələrinin daha da yaxşılaşdırılması istiqamətində təsdiq etdiyi Dövlət Proqramına əsasən Müşviqabad qəsəbəsində 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 20 beşmərtəbəli yaşayış binaları tikilir. Burada onlar üçün bütün lazımi sosial-mədəni infrastrukturlar mövcud olacaq. Tikinti işləri sentyabr ayının əvvəllərində yekunlaşacaq və qaçqın və məcburi köçkün ailələrinin istifadəsinə veriləcək".

Müşavirədən sonra tikinti işlərinin icrası ilə bağlı tikinti meydançalarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, məhəllə tam istifadəyə verildikdən sonra orada 1296 yerli məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, mədəniyyət klubu, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcəkdir. A.Orucov onu da qeyd etdi ki, məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır: "Tikintisinə 2 minədək işçinin cəlb olunduğu məhəllədə parkın, idman sağlamlıq meydançasının salınması da nəzərdə tutulmumşdur. Eyni zamanda, məcburi köçkünlər üçün ayrılmış vəsait 2,5 dəfə artırılmışdır. Hazırda 10-a yaxın rayonda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılmaqdadır".

Bütün bunlar isə, bir daha onu deməyə əsas verir ki, bu gün Azərbaycanın bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi və verdiyi tapşırıqlarına əsasən nəhəng layihələr reallaşdırılmaqdadır. Görülən işlərin davamlı xarakter alması isə bu uğurların məntiqi nəticəsi kimi dəyərləndirilməkdədir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər