Məlum olduğu kimi, iyunun 18-də ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Oland "Böyük 20-lər"in Meksikada Los Kabosda keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat verib. Bəyanatda deyilir: "Bizim - ATƏT-in Minsk Qrupu ölkələri prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliyi dəyişməz və qətidir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentləri Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətiyyətli addımlar atmağa çağırır. Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
E.Mirbəşiroğlu bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olması özü-özlüyündə çox müsbət haldır. "Böyük 20-lər"in son görüşləri, əsasən, öz problemləri ilə məşğul olmaq üçün təşkil olunur. Bildiyiniz kimi, Avropada genişlənməkdə olan iqtisadi böhran bu gün əsas diqqət mərkəzində olan məsələdir. Avropanın və ABŞ-ın özü üçün vacib olan bu məsələlərlə yanaşı olaraq, Dağlıq Qarabağ münaqişəsinə də diqqət ayrılması müsbət haldır. Eyni zamanda, burada müsbət hal kimi qeyd ediləsi daha bir məqam isə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları, Minsk Qrupunun fəaliyyətinin bir növ narazılıqlarını bildirmələridir. Yəni sözügedən dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin gedişindən çox narazıdırlar. Demək olar ki, 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliliyə doğru hər hansı bir addım atılmayıb. Bu məsələyə diqqət çoxdan yetirilməli idi. Amma gec də olsa, indiki bir məqamda diqqət yetirilir. Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış etmələri, münaqişə ətrafında aparılan proseslərə elə bir ciddi təsir göstərməyəcəkdir. Çünki onlar özləri üçün yeni bir yanaşma müəyyənləşdirməlidilər. Yəni əgər bu gün regionda atəşkəs rejiminin ciddi şəkildə pozulması və müharibənin yenidən alovlanması sözügedən dövlət başçılarını narahat edirsə, onda həmin dövlət başçıları əsil günahkarı konstruktiv addımlar atmağa vadar etməlidirlər. Bu halda, onları narahat edən məsələlər aradan qalxmış olur. Yəni regionda müharibənin yenidən alovlanması və atəşkəs rejiminin ciddi şəkildə pozulmasının səbəbkarı işğalçı Ermənistandır. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən bu cür bəyanatları bir o qədər səmimi hesab etmirəm. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin o vaxtı səmimiyyətindən danışmaq olardı ki, onlar, konkret olaraq, işğalçının kim olduğunu göstərərək, ona qarşı ciddi addımlar atsınlar. BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın ərazilərinin işğal olunması ilə bağlı qəbul etdiyi 4 qətnamə və ondan sonra digər təşkilatların da qəbul etdikləri qərarlar kifayət qədər əsas verir ki, Ermənistana qarşı təzyiq vasitəsinə əl atılsın. Nəhayət, bu münaqişə həll olunaraq regionda qəti şəkildə təhlükəsizlik və sabitlik bərqərar olsun".
GÜLYANƏ AĞAKƏRİMOVA