Beynəlxalq arenada siyasi və təbliğati savaşda uduzan rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları uzatmaqla problemin sülh yolu ilə, həllində də maraqlı olmadığını göstərir. Ekspertlərin qənaətincə, Ermənistanın anormal addımları hərbi variantın gündəliyə çıxmasına təkan verə bilər. Bu gün Ermənistanın düşdüyü ağır siyasi və iqtisadi böhran onun münaqişənin həllində hər hansı fərqli situasiyaya hazır olmadığından xəbər verir. Məhz buna görə də, Ermənistan müharibə variantının arxa plana atılması məqsədilə beynəlxalq təşkilatların ikili yanaşmalarından faydalanmağa səy göstərir. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Ermənistanda vəziyyətin daha da pisləşdiyini və bu dövlət üçün heç bir çıxış yolu qalmadığını bildirib: "Ermənistan artıq dalana dirənib. Görünür, işğalçı ölkə bunu hələ də anlamır. Beynəlxalq təcrübə də göstərir ki, vəziyyət pisləşməyə doğru getdikcə, çıxış yolu üçün təcili tədbirlər görmək əvəzinə, vaxtı uzatmağa çalışmaq nəticə vermir. Çünki zaman Azərbaycanın xeyirinə işləyir. Hər il bu balans Bakının xeyirinə daha çox dəyişir. Ermənistan isə min bir bəhanə ilə həmsədrlərin təklif etdiyi sülh planından yayınmağa çalışır". Ermənistanın sülh danışıqlarından sonra dəfələrlə cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışdığını söyləyən millət vəkili işğalçı ölkənin əsas məqsədinin Azərbaycanı ittiham etmək olduğunu qeyd edib: "Ermənistanın provakasiya xarakterli hərəkətləri birinci dəfə deyil ki, müşahidə edilir. Şübhəsiz ki, bu, onların dar düşüncəli olmasından irəli gəlir. Bu, həm də Ermənistan rəhbərliyinin ölkənin gələcəyini sual altına qoyması deməkdir. Lakin bu cür primitiv üsullar Azərbaycanı öz torpaqlarını işğaldan tezliklə azad etmək yolundan döndərə biləcək".
Ermənistanda iqtisadi, siyasi, sosial və hərbi sahələrdə sürətlə aşınmanın baş verdiyini dilə gətirən A.Mirzəzadə bunun səbəbinin ölkənin işğalçı siyasəti olduğunu vurğuladı: "Hər il 70 min gənc ölkəni tərk edərək, xaricdə iş axtarmağa gedir. Keçən il Ermənistanın büdcəsi 50 faiz azalıb. Vəziyyət o qədər pisdir ki, yenə də Ermənistan Dünya Bankından 60 milyon dollar borc istəyib. Halbuki bu, Azərbaycanın bir rayonunun büdcəsidir. Ermənistan rəhbərliyi də yaxşı bilir ki, belə bir vəziyyətin yaranmasında əsas səbəb Azərbaycan ərazisinin bir hissəsini işğal edərək, regiondakı bütün iqtisadi layihələrdən kənarda qalmasıdır".
RƏFİQƏ HÜSEYNOVA