PDF Oxu

Sosial

  • 62

Qəbələdə möhtəşəm kitab bayramı

Qəbələdə möhtəşəm kitab bayramı

Qəbələ şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında kitab bayramı keçirilmişdir.AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın ildən-ilə inkişaf etdirildiyini, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyini, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığını bildirmişlər.

Burada açılmış kitab sərgisində "Ümummilli lider", "Şifahi xalq ədəbiyyatı", "Dünya ədəbiyyatı inciləri", "Azərbaycan klassikləri", "Yerli yazarlar", "Uşaq ədəbiyyatı", "Nağıl dünyamız", "Elektron kitablar", "Musiqi ədəbiyyatı" "Qədimi kitablar", "Azərbaycan Respublikası Prezidentinin hədiyyə kitabları" adlı bölmələrdə rəngarəng nəşrlər nümayiş etdirilmişdir.

Sərginin "Şifahi xalq ədəbiyyatı" bölməsinin önündə Hacallı kənd mədəniyyət evinin "Gülüstan" folklor qrupu çıxış etmişdir. "Azərbaycan klassikləri" bölməsinin önündə isə rayon mədəniyyət evinin C.Məmmədquluzadə adına xalq teatrının ifasında M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan və dərviş Məstəli şah" əsərindən bir parça tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Kitab bayramını öz çıxışları ilə daha da maraqlı edən şəhərdəki 2 nömrəli məktəbin birinci sinif şagirdləri əvvəlcə "Əlifba"nı səsləndirmişlər, daha sonra kiçik səhnəciklərlə ən yaxşı müəllim olan kitablardan öyrəndiklərini rayon sakinləri üçün nümayiş etdirmişlər.

Bağça uşaqlarının "Turp" nağılı əsasında səhnələşdirdikləri səhnəcik tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Kitab bayramına həsr olunmuş şirniyyat süfrəsi və orada kitab şəklində hazırlanmış tort hamının diqqətini cəlb etmişdir.

AzərTAc

Digər xəbərlər