Xəbər verildiyi kimi, iyul ayının 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi "Liderliyə gedən yol" Yay məktəbi öz işinə başlayıb. Məktəb çərçivəsində gənc fəallar Oğuz rayonunda da olublar.
Rayonda yay məktəbinin üçüncü günündə də ənənəvi surətdə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib.
Daha sonra "İdeya-layihə-uğurlu nəticə" bilik və bacarıqların inkişaf etdirilməsi" mövzusunda menecment-treininq (management training) keçirilib. İlk öncə layihələr barədə məlumat verilib, onların hazırlanma forma və üsulları diqqətə çatdırılıb. Bundan sonra isə qruplar formasında sağlam həyat tərzi, təhsil və mədəniyyət məsələlərinə dair layihə yazılışı və təqdimatı olub. Ardınca qrup halında hazırlanmış layihələr qiymətləndirilib.
Qeyd edilib ki, hazırlanmış və təqdim olunmuş layihələr özündə kreativ məqamları ehtiva edir. Bu isə ona dəlalət edir ki, gənclər bu və ya digər sahələrdə yenilikçi və yaradıcı ideya daşıyıcılarıdır. Təhsil, mədəniyyət və sağlam həyat tərzi kimi aktual məsələləri ehtiva edən istiqamətlərdə hazırlanmış layihələr əhəmiyyətinə görə təqdirəlayiqdir və gənclərin intellektual potensialının zənginliyindən xəbər verir.
Vurğulanıb ki, layihə hazırlanması gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçünmühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də intellektual potensiala malik olan gənclər bu cür elmi-nəzəri-praktik əhəmiyyət kəsb edən işlərə cəlb edilməkdə və bu sahədə önəmli nəticələr əldə olunmaqdadır.
Qeyd etmək lazımdır ki, yay məktəbində iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları, olduqca yüksək səviyyədə qiymətləndirirlər. Məsələn, Fərhad Vahidzadənin sözlərinə görə, YAP Gənclər Birliyinin təşkil etdiyi yay məktəbləri özlüyündə bir neçə mühüm məqamdan xəbər verir: "Birincisi, bu, gənc fəalların bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. İkincisi, yay məktəblərində iştirak edən gənclər özlərinin asudə vaxtlarını səmərəli dəyərləndirirlər".
"YAP Gənclər Birliyinin təşkil etdiyi yay məktəbi bizə imkan verir ki, intelletual potensialımızı artıraq. Gənclərə göstərdiyi xüsusi diqqətə görə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlıq edirik". Bunu isə Zərifə Mustafayeva deyib.
Günel Ağasiyeva isə bildirib ki, gənclər məktəb çərçivəsində diskussiyalarda iştirak edir, qarşılıülı fikir mübadilələri aparır, interaktiv oyunlarda iştirak edir ki, bu da bilikləri möhkəmləndirir, yeni təcrübələr qazandırır.
Elmir Həsənovun isə sözlərinə görə, yay məktəbləri gənc fəalların sosiallaşması işinə mühüm töhfələr verir, asudə vaxtın səmərəli dəyərləndirilməsinə imkan yaradır.
RƏFİQƏ