"Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Məlumdur ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı" və "Yaxın qonşuluq" proqramıları əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. Ölkəmiz AVRONEST Parlament Assambleyasında da fəal təmsil olunur.
Bildiyiniz kimi Azərbaycanın xarici siyasəti müstəqil prinsipə əsaslanır və bu prinsip də milli maraqları özündə ehtiva edir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Hesab edirik ki, Avropa İttifaqının prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Aİ bu gün dünyanın iqtisadi-siyasi mərkəzlərindən biri hesab olunur. Onun sözlərinə görə, əgər bugünkü dünyanın iqtisadi mərkəzlərinə nəzər salınsa bir tərəfdə ABŞ, digər tərəfdə isə Aİ diqqəti çəkir. Bununla belə, üçüncü istiqamət var ki, bu istiqamətdə Çin iqtisadiyyatını, güclənən Hindistanı və digər fəallaşan ölkələri görürük.
"Yəni bugünkü dünya çoxqütblü dünyaya çevrilib. Əgər sovetlər ittifaqı dağıldıqdan sonra dünya birqütblü idisə, bu gün dünyanın iqtisadi güc mərkəzləri formalaşır və inkişaf edir. Təbii ki, bu amil dünya siyasətinə təsir göstərir. Ona görə də, Azərbaycanın xarici siyasətində və iqtisadi münasibətlərində çoxşaxəli prinsip özünü göstərməkdədir. Bu gün Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə iqtisadi-ticarət əlaqələrinə malikdir. Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin iştirakçısıdır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Belə olan şəraitdə ölkəmizin Aİ ilə əlaqələri də müxtəlif istiqamətləri özündə əks etdirir. Bunlardan birincisi, siyasi istiqamətdir. Təbii ki, Aİ güclü maliyyə-iqtisadi və siyasi mərkəz kimi bizim üçün əhəmiyyətlidir. Çünki Aİ ilə əlaqələr nəticə etibarilə bizim üzləşdiyimiz problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Aİ ilə ölkəmizin ələqaləri iqtisadi sahədə də özünü göstərir. Çünki bu təşkilat tarixi İpək Yolunun bərpasına və bu yöndə fəaliyyətin genişlənməsində maraqlıdır, eləcə də, qurumun enerji layihələri də mövcuddur. İqtiadi böhran yaşayan üzv dövlətlərin olduğu Aİ təbii ki, yeni istiqamətlər axtarmaqda, yeni layihələrin həyata keçirilməsində maraqlıdır"- deyə YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı bildirib ki, Cənubi Qafqaz bölgəsində Azərbaycanın iştirakı olmadan hansısa layihə həyata keçirilə bilməz. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında Azərbaycanın xüsusi rol oynadığını deyən M.Qurbanlının sözlərinə görə, bu yaxınlarda Azərbaycan və Türkiyə arasında "Trans Anadolu" qaz boru kəməri haqqında imzalanmış sənəd ölkəmizin qazının Avropaya ixracı baxımından əhəmiyyətini daha da artırır. "Belə bir şəraitdə Aİ-nin prezidenti Herman Van Rompeyin bölgəyə, o cümlədən Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər zamanı ölkəmiz üçün daha çox önəmli olan məsələ Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Aİ-nin fəallığının gücləndirilməsi ilə bağlı müzakirələr olacaq. Çünki Aİ güclü iqtisadi-siyasi mərkəz olaraq bu məsələdə çox əhəmiyyətli yer tuta bilər. Hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərin dərinləşməsinin növbəti mərhələsi olacaq. Səfər çərçivəsində assiosiativ saziş, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinə dair müzakirələr əməkdaşlığın inkişafı baxımından vacibdir. Bu gün Azərbaycanın iqtisadi-siyasi potensialı imkan verir ki, Aİ ilə sadələşdirilmiş viza rejimi tətbiq olunsun. Eyni zamanda, bu gün Azərbaycanın siyasi imkanları o dərəcədə yüksəkdir ki, Azərbaycan-Aİ ilə müəyyən regional məsələləri müzakirə edərək ümumi ortaq məxrəcə gələ bilər. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar da Aİ-nin işğalçı Ermənistana təsir etmək imkanları genişdir"- deyə YAP İcra katibinin müavini qeyd edib.