Azərbaycanın sosial-iqtisadi və mədəni həyatındakı sıçrayışlar ölkənin turizm potensialının artmasına təsirini göstərir. Bununla yanaşı, ölkənin əlverişli iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri, təbii bulaqları, tarixi abidələri bu məkanda turizmin inkişafı üçün geniş perspektivlər açır. Bu səbəbdən də, son vaxtlar Azərbaycana xarici ölkələrdən gələn turistlərin rəsmi statistikaya görə sayı ötən illərlə müqayisədə ilbəil artır. Bu, Azərbaycanda turizm sahəsinə ayrılan diqqət, dövlət proqramlarının icrasının uğurla həyata keçirilməsi nəticəsində əldə olunub. Azərbaycanın müxtəlif məkanlarında yeni hotellərin, turizm istirahət mərkəzlərinin salınması, eləcə də, onların yüksək, dünya standartlarına uyğun inşa olunması, təchizatı Azərbaycana olan marağın artmasına səbəb olan amillərdəndir.
Bu gün Azərbaycan turizm məkanı kimi diqqətdədir. Dünyanın hər bir yerindən buraya turist səfərləri təşkil olunur. Azərbaycanın qədim yaşayış məskənlərini ziyarət etmək, oradakı maddi mədəniyyət abidələrini görmək xarici turistləri bu məkana daha da cəlb edir. Qeyd edək ki, təkcə İsmayıllı rayonunun Lahıc qəsəbəsində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyini ötən il ziyarət edənlərin sayı 9300 nəfər olub. Builki turizm mövsümü başlanandan isə muzeyə 3500 nəfərdən çox turist gəlib. Bu da 2011-ci ilin müvafiq dövründəkindən iki dəfə artıqdır. Gələnlərin 40 faizdən çoxu xarici turistlərdir. Hazırda muzeydə ölkəmizin qədim və orta əsrlər, habelə, müasir tarixi barədə zəngin məlumat verən 1264 eksponat nümayiş etdirilir. 2000 il yaşı olan saxsı qablar, müxtlif əsrləri özündə ehtiva edən qılınc və qalxan fiquru, yonulmuş döyüşçü məzarının baş daşı, soyuq və odlu silahlar və s. hər bir turistdə böyük maraq doğurur. Onu da bildirək ki, Lahıcda 8 silah sexi olub və onlar haqqında turistlər məlumatlandırılır. Lahıca gələn turistlərin böyük əksəriyyəti muzeyə maraq göstərir.
Azərbaycanın istənilən məkanında turistləri belə xoş mənzərələr, gözəl abidələr, zəngin irsimizin nümunələri gözləyir. Bu torpağın hər daşı, hər qayası, hər parçası Azərbaycanın tarixi yaddaşıdır. Mövcud zənginliyi qorumaq, onu daha da yüksək şəkildə təqdim etmək istiqamətində görülən işlər bu gün də davam etdirilir. Qeyd edək ki, bu gün Tovuzda 4 istiqamətdə turizm marşrutları müəyyənləşib. Turizmin inkişafı ilə əlaqədar Tovuz şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınıb. Olimpiya İdman Kompleksi, onun yaxınlığında 5 ulduzlu otel, karvansara tipli "Qala", "Şəlalə", "Bayraq Meydanı", rəmzi "Üç qala" kompleksi tikilib. Bu obyektlər müasir tələblərə cavab verən istirahət və idman imkanlarına görə istirahət-rekreasiya obyektləri kimi turistlərin xidmətindədir. Rayon ərazisindəki əsrlərin tarixini yaşadan Göytəpə yaşayış məskəni və onlarla digər qədim tarixi abidələr də rayonun turizm marşrutlarına daxil olunub. Rayona gələn turistlərin məlumatlandırılması məqsədilə turizm potensiallı yaşayış məntəqələrində müxtəlif məlumatlar, turizm, ictimai-iaşə obyektləri, poçt, tibb məntəqələri haqqında göstəricilər yerləşdirilib. Bütün bu görülən işlər Azərbaycanda turizm imkanlarının genişləndirilməsinə təkan verir.
NƏZAKƏT