Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurasında Prezident
Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bir sıra qəzet
baş redaktorları ilə görüşü keçirilib. Görüşdə mətbuatın mövcud durumu,
problemləri, eləcə də, əldə etdiyi uğurlar ətrafında müzakirələr aparılıb.
Söhbət etdiyimiz bəzi qəzet baş redaktorları görüşün onlarda böyük təəssüratlar
yaratdığını və aparılan müzakirələrin bir daha
onlarda dövlətin mətbuata olan diqqət və qayğısının davamlı xarakter
aldığı əminliyini yaratdığını söylədilər.
Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:
- Mətbuat Şurasında Prezident Administrasiyası
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun KİV nümayəndələri ilə görüşü
zamanı ölkə mətbuatının mövcud problemlərinin həlli ilə bağlı kifayət qədər
maraqlı fikirlər səsləndi. Burada müzakirə olunan məsələlərdən biri də
mətbuatda reklamların verilməsi ilə əlaqədar idi. Bu istiqamətdə Azərbaycan
dövlətinin nəzərdə tutduğu addımlar həyata keçiriləcəksə, o zaman mətbuatın
inkişafı istiqamətində daha ciddi
addımlar atılacaq, mətbuatda olan bir sıra problemlərin həll olunmasına zəmin
yaranacaq. Bu görüşü mətbuatımız üçün kifayət qədər faydalı oldu.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Mətbuat Şurasında Prezident Administrasiyası
İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun KİV nümayəndələri ilə görüşü
müsbət bir haldır. Konkret olaraq, həmin görüş qəzetləri mətbuatın yayım
problemi ilə bağlı keçirilmişdir. Bir sözlə, bu görüşün keçirilməsi
mətbuatımızda olan bəzi problemlərin aradan qaldırılması ilə əlaqədar idi.
Yəni, həmin görüşün keçirilməsi zamanı mətbuatımızla bağlı səslənən təkliflər
sistemləşdiriləcək və Prezident İlham Əliyevə təqdim olunacaqdır. Ümumiyyətlə,
dövlət hər zaman mətbuatı diqqət mərkəzində saxlayıb və saxlayır da. Dövlətimiz
ölkə mətbuatının daha da inkişaf etməsi üçün hər cür şərait yaradır.
Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:
- Mətbuat Şurasında Prezident Administrasiyası
İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mətbuat nümayəndələri ilə
gürüşünün keçirilməsi çox müsbət haldır. Demək olar ki, sözügedən görüş çox
işgüzar şəraitdə keçirildi. Həmin görüşün keçirilməsi zamanı daha çox o
təkliflər və fikirlər səsləndi ki, onlar indiyə qədər müxtəlif jurnalist
təşkilatları, media rəhbərləri tərəfindən hakimiyyət orqanlarına bu və digər
səviyyələrdə çatdırılmamışdır. Bu görüş zamanı, mətbuat sahəsində qaldırılan
məsələlərlə bağlı Prezident Administrasiyasının nümayəndəsi özü üçün qeydlər
götürdü. Bir sözlə, mətbuat sahəsi istiqamətində qaldırılan məsələlər çox
tezliklə Prezident Administrasiyasında müzakirə olunacaq və vahid bir sistem
formasında Prezident İlham Əliyevə təqdim olunacaq. Düşünürəm ki, bu görüşün
nəticəsi olaraq, mətbuat hökumətin münasibətlərində və eləcə də, mətbuatın inkişafında
köklü yeniliyin şahidi ola biləcəyik.
GÜLYANƏ AĞAKƏRİMOVA