PDF Oxu

Sosial

  • 49

Diaspor təşkilatlarının fəaliyyəti daha da gücləndiriləcək

Diaspor təşkilatlarının fəaliyyəti daha da gücləndiriləcək

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məlum Sərəncamı ilə yaradılan Diasporla İş üzrə Dövlət Komitəsi 10 illik tarixi dövrdə böyük uğurlara imza atıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də, Prezident İlham Əliyevin yüksək diqqəti sayəsində Azərbaycan diasporu təşkilatlanaraq, Azərbaycanın milli maraqlarını əzmlə qoruyan qüvvəyə çevrilib.

Diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan, bu siyasətin məqsədi dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Bu baxımdan xaricdəki soydaşlarımızın təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi sahəsində mühüm addımlar atılıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Dünya Azərbaycanlılarının Bakı şəhərində 2001-ci ildə keçirilən birinci qurultayı ölkəmizin və xaricdə yaşayan həmvətənlərimizin həyatında xüsusi ictimai-siyasi əhəmiyyətə malik hadisə olmaqla, diaspor təşkilatlarımızın təşəkkül tapmasına sanballı töhfələr verdi. Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsində və yeni mərhələdə onun fəaliyyətinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsində Dünya Azərbaycanlılarının respublikamızın paytaxtında keçirilmiş ikinci və üçüncü qurultaylarının da müstəsna rolu vardır.

Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi bu gün diqqətdədir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Sərəncamı bir daha göstərir ki, Azərbaycanın diasporunun fəaliyyətinin genişləndirilməsi dövlətin diqqətində olan məsələlərdəndir. Həmin məsələlərin həlli üçün Sərəncamda göstərildiyi kimi, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3,0 (üç) milyon manat pul ayrılıb. Bu sənədin imzalanması diaspor quruculuğunun müasir reallıqlara uyğun şəkildə aparılmasının təmin olunması məqsədinə yönəlib.

Bu gün Heydər Əliyevin diaspor quruculuğunda qoyduğu ənənə Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğrla davam etdirilir. Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasəti uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirmək siyasəti Prezident İlham Əliyevin fəaliyyətində özünü açıq-aydın göstərir. Bu isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Reallıqlara söykənərək, deyə bilərik ki, bunlardan ən vacibi isə Dünya Azərbaycanlılarının II və III Qurultayı, Türkiyənin Ankara şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı, Stokholmda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı, Almaniyanın Bonn şəhərində Dünya Azərbaycanlıları Konqresinin XI Qurultayı, "20 Yanvar" faciəsinin 20-ci ildönümü, Xocalı soyqırımının 18-ci ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və digər tədbirlər həyata keçirilib. Ötən 10 il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 63 kitab, 13 sənədli film hazırlanıb.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı görülün faktlar da kifayət qədərdir.

İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da, öz növbəsində, Heydər Əliyevin azərbaycançılıq ideolgiyasının məntiqi nəticəsidir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər