Avropa Şurasının Azərbaycan üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin 90 nəfərlik "siyasi məhbus" siyahısı, deyəsən, bəzi qeyri-ciddi QHT-lərin və "hüquq müdafiəçiləri"nin iştahasını yaman artırıb. Söhbət ondan gedir ki, indi bu siyahıya ağır cinayətlərə görə, ömürlük həbs edilən şəxsləri daxil etməyə çalışanlar da tapılır. Bəzən elə şəxslərin bu qondarma siyahıya salınması təklif olunur ki, onlar neçə günahsız insanın qətlinə, ağır dövləti cinayətlərə görə məhkum olunublar, həmin şəxslərin adlarının hər hansı formada çəkilməsi belə cəmiyyətdə həddən artıq mənfi assosiasiya doğurur. Yəni bir qədər parodoksal görünsə də, kimlərsə Ştrasserin siyahısını korporativ maraqlar naminə uzatmaq barədə düşünür. İstisna deyil ki, müəyyən destruktiv dairələr buna həm də gəlir, qrant mənbəyi kimi baxırlar. Bəzi hüquq müdafiəçiləri isə ömürlük məhbusların adlarının "siyasi məhbus" siyahısına salınmasını təklif edir, hətta müxtəlif üsullarla öz fikirlərini əsaslanıdrmağa səy göstərirlər.
Məsələn, "İnsan Hüquqları Klubu" adlandırılan bir qondarma qeyri-hökumət təşkilatının bənzər davranışı buna əyani misal sayıla bilər. Bu qurumun təsisçiləri belə zənn edirlər ki, insan hüquqlarını özünəməxsus şəkildə "klub" daxilində gördükləri kimi, istənilən qatı cinayətkarı "siyasi məhbus" adlandıra biləcəklər. Hamı da bunlara əhsən deyəcək. Axı, bunlar "hüquq müdafiəçiləri"dirlər, özləri də bilavasitə insan hüquqlarını qoruyurlar. Bəs necə?!. Zəhmət çəkib o boyda təşkilat yaradıblar, indi kimisə "siyasi məhbus" elan etməlidirlər, yoxsa yox?!. Odur ki, bu əcaib məntiqə həmin təşkilat bəzi ömürlük məhbusların adlarının "siyasi məhbus" siyahısına salınması ilə bağlı təşəbbüslə çıxış edib. Beləliklə, adıçəkilən qeyri-hökumət təşkilatı (QHT) Avropa Şurasının xüsusi məruzəçisi Kristofer Ştrasser tərəfindən hazırlanmış "siyasi məhbus" siyahısının daha da genişlənməsinə çalışır.
Siyasi məhbus siyahısının əsassız, məqsədli və qərəzli şəkildə uzadılması üçün canfəşanlıq edən istənilən QHT-yə isə ictimai münasibət, birmənalı olaraq, mənfidir. Sağlam, konstruktiv mövqeli qeyri-hökumət təşkilatları və ictimai qurumlar özləri belə qüvvələrə qarşı açıq şəkildə mübarizə aparırlar, cəmiyyətin, dövlətin qanuni maraqlarını müdafiə edirlər. Bu mənada, adı, varlığı, yoxluğu ictimaiyyətə bəlli olmayan, dünən, srağagün ortaya çıxmış hansısa QHT, yaxud şəxs insan hüquqlarının müdafiəsi iddiası ilə ictimaiyyəti aldada, yanlış yola yönəldə bilməz. Belələri öz cılız, absurd, reallıqdan uzaq fikirləri ilə həm ölkədaxili, həm də beynəlxalq rəyi çaşdıra biləcəklərini düşünürlərsə, yanılırlar, böyük səhvə yol verirlər. Digər tərəfdən, Eldar Zeynalov, Zəlihə Tahirova, Leyla Yunusova kimi "hüquq müdafiəçiləri"nin hər zaman antimilli mövqedə çıxış etməsi onları həm Azərbaycanda, həm də ölkəmizdən kənarda arzuolunmaz, qəbuledilməz şəxsə çevirib. Onların tərtib etdiyi qurama siyahılar isə heç də ciddi qəbul olunmur. Əslində, Azərbaycandan fərqli olaraq, bütün dünyada insan haqlarının pozulması hallarına rast gəlinir. Dünyanın bütün dövlətlərində müəyyən dərəcədə problemlər var. Azərbaycana gəldikdə, ölkəmizdə heç kəs siyasi mövqeyinə, düşüncəsinə, milli, dini əqidəsinə görə təqib olunmur, həbs edilmir, əksinə, dövlət insan hüquq və azadlıqlarını ciddi .şəkildə himayə, müdafiə edir. Ümumiyyətlə, "siyasi məhbus" mövzusu son bir neçə ildə AŞPA ilə Azərbaycan arasında müzakirə predmeti sayılmırdı.
Kristof Ştrasserin bu məsələni belə tərzdə gündəmə gətirməsi isə onun ölkəmizə münasibətdə qərəzli, subyektiv mövqedə olduğunu bilavasitə təsdiqləyir. Birtərəfli yanaşma, qərəz, subyektiv mövqe ilə çox da uzağa getmək mümkün deyil. Sadəcə, indiki halda bu şəxs Azərbaycan üzrə həmməruzəçi olmasından, Avropa Şurasının 2007-ci ildə qəbul etdiyi 1545 saylı qətnaməsinin müddəalarından sui-istifadə edir. Orada tövsiyə edilir ki, 2000-ci ilə qədər barəsində hökm çıxarılmış, ömürlük cəza təyin edilmiş şəxslərin barəsindəki cəza nisbətən yumşaldılmalıdır. Lakin, bu heç də o demək deyil ki, həmin şəxsləri "siyasi məhbus" hesab etmək mümkündür, qətiyyən yox… Əksinə, həmin siyahıda adı olan insanların bir qrupu separatçı və ölkə ərazisində terror aktı həyata keçirən şəxslərdir. Belə adamlar siyasi məhbus hesab oluna bilməzlər. Çünki Azərbaycan, eləcə də, bütün dünya ölkələri terrora və terrorçulara qarşı mübarizə aparır.
NAİB