Avropa Bitki Bioloqları cəmiyyətinin rəsmi dövrü nəşri olan nüfuzlu, yüksək impakt faktorlu "Physiologia Plantarum" jurnalında akademik Cəlal Əliyevin "Buğda və soya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı" adlı məqaləsi dərc olunub. Xüsusi aktuallığı ilə seçilmiş bu məqalə bitkilərdə fototənəffüs, karbon metabolizmi və məhsuldarlıq arasında çox maraqlı və ziddiyyətli bir problemə həsr olunub.
Akademik Cəlal Əliyevin dünya elminə verdiyi töhfələr fotosintez prosesinin kompleks şəkildə tədqiqini əhatə edir. Bu tədqiqatların əhatə dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini özündə cəmləşdirir. Bitkilərin həyatında fotosintez qədər əhəmiyyətli olan fototənəffüs prosesi haqda qiymətli nəticələr əldə edilib.
Fototənəffüsün israfçılıq olması haqda uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast genotiplərlə qaz mübadiləsinin, karbon metabolizminin və RBFK/O fermentinin aktivliyi əsasında müxtəlif üsullarla aparılan 40 illik təcrübələr nəticəsində akademik Cəlal Əliyev tərəfindən sübut edilmişdir ki, fototənəffüs - təkamülün gedişində formalaşmış həyat əhəmiyyətli metabolik prosesdir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla onu azaltmaq cəhdləri əsassızdır.
Dünyada ilk dəfə olaraq, Azərbaycanlı alimin məqaləsini əks etdirən görüntünün jurnalın üz qabığında verilməsi və məqalənin 1-ci iş kimi çap olunması onun əhəmiyyətini göstərir.
NƏZAKƏT