Zaman insan ömrünün səhifələrini yazır. İnsanın tərcümeyi-halına hakim olan amil zamandır desək, yanılmarıq. Hər kəsin özündən biixtiyar olaraq, yaşadığı həyatın hökmünü verən zaman, onu nizamlayan və fərdlərin keyfiyyətlərini üzə çıxarılmasında qərar verən illər və bu məsafədə istedad və zəhmətin fövqündə duran amillər, məhz varlıqların həyat naxşını salır. Neçə onillikləri yola salmış və ömrünün kamil bir zamanında hesabatını nizamlayan və bu yaşantılarının müqabilində özü-özünə məsuliyyətlə yanaşan Ofelya xanım Mürsəlovanın da həyat və fəaliyyəti zamanın ölçüsündə zəngin və maraqlı görünür. Bu gün onilliklərin hesabatında Ofelya xanım şair, publisist və pedaqoq olaraq xarakteristikasını, cizgilərini tərcümeyi-halına həkk edir. Ağsu rayonunda ziyalı ailəsində anadan olan Ofelya xanım 1968-73-cü illərdə S.M.Kirov ADU-nun (indiki BDU) filologiya fakültəsində əyani təhsil alıb. Qeyd edim ki, Ofelya xanım gənclik dövründə öz yaşıdlarından fərqlənən bir xanım olduğundan, hələ tələbə ikən göstərilən etimadın qarşısında böyük uğurları həyat yoluna həkk etmişdir. Belə ki, Ofelya xanım 1971-ci ildə 13-cü çağırış Azərbaycan Respublikasının tələbələr adından Oktyabr rayon seçki dairəsindən "İlk tələbə" deputatı seçilmişdir. Bu etimad ona Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Tələbə ictimaiyyətini ətrafında birləşdirən, fikirləri ilə yaşıdlarının ictimai həyatına birbaşa müdaxilə edərək, onların həyat yoluna işıq salmağa cəhd göstərən Ofelya xanım potensialından yararlanaraq, yaşıdlarının sevimlisi olmuş, eləcə də, vətənpərvərlik hissləri ilə öz torpağına xidməti amal olaraq həyat yoluna vəsiqə etmişdir.
O, 1973-77-ci illərdə öz doğma kəndlərində orta məktəbdə dil-ədəbiyyat müəllimi seçilmişdir. Elmi potensialını artırmaq, Azərbaycan üçün gərəkli ziyalıya çevrilmək məqsədi ona 1976-cı ildə Stavropol vilayətinin Orcanakidze (indiki Vladiqafqaz) şəhərində osetin, çeçen-inquş dilləri üzrə qiyabi aspiranturaya daxil olmağa sövq etmişdir. Təhsilini başa vuran Ofelya xanım 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi pedaqogika bölməsində baş müəllim vəzifəsinə təyin olunmuşdur. Elə həmin zamandan başlayaraq bu günə qədər, 34 ildir ki, bu təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirir. Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə universitetin 90 illik yubileyi münasibətilə təhsil naziri Misir Mərdanov tərəfindən fəxri fərmanla təltif edilmişdir.
Ofelya xanımın yaradıcılığının bir qolunu poeziyası təşkil edir. Fikirlərini bədiiləşdirən, nəzmə köçürən Ofelya xanımın "Mənim ömür karvanım", "Allaha inanmaq lazımdır" kitablarından məhz qapalı dünyasından soraqlar alırıq. Uşaq yaşlarından respublikanın jurnal və qəzetlərində şeirləri ilə çıxış edən Ofelya xanım hələ tələbə ikən fəhlə yataqxanalarında ədəbi-bədii gecələrində şeirləri ilə insanlarn qəlb dünyasına siyarət edə bilmişdir:
Ötüb keçən gəncliyi yada salma, ey könül,
Onsuz da olub keçən dönməyəcək geriyə.
Köçüm karvan yolunda bir az əylən, ey ömür,
Hardasan, ey qismətim? Qayıt, dönüm sevgiyə!...
Ofelya xanımın yaradıcılıq dünyasını zinətləndirən "Etiraf", "İstəmədən doğuluruq", "Şəhidlərə", "Vətən nəğməsi", "Şəhidlərin məzarına", "Dünya" və digər şeirlərində şairin daxili dünyasının çırpıntıları, vətən sevgisi özünü büruzə verir:
Qəlbimdə səslənir hər zaman, hər an,
Könlümün vüqarı, vətən nəğməsi.
Döyünür eşqinlə ürək anbaan,
Yurdumun baharı vətən nəğməsi.
Zərnişan Əliyevanın "Ofelya dünyası, Ofelya fenomeni" kitabında onun tərcümeyi-halından səhifələr, həyata baxış və münasibəti, keçdiyi yolun eniş və yoxuşu diqqətə çəkilir. Bu kitabda ziyalıların Ofelya xanım haqqında söylədiyi fikirlərin cəmində psixoloq, təvazökar insan, istedadlı qələm sahibi və ən əsası isə gözəl pedaqoq olması diqqəti çəkir. Universitetin pedaqogika kafedrasının dosenti Bəxtiyar Borçalı "Mən Ofelya xanımı xarakterizə etməkdə acizəm. Ona görə ki, Ofelyanı səciyyələndirmək üçün gərək onun özü qədər insanları oxuya, duya biləsən. Ən azı güclü bir psixoloq ola biləsən" - yazaraq onun istedadlı və gücə malik olmasını qeyd edir. Cəsarətli, sözünün gücü, inamı, sadəliyi, paklığı ilə seçilən Ofelya xanım bir ömür yolunda öz portretinin yaradılmasına müvəffəq olmuş və şövqlə, böyük sevgi ilə xalqına bəxş etdiyi həyatın müdriklik, kamillik dövrünü yaşamaqda davam edir. 14 iyul tarixində ad gününü - yaşadığı onilliklərin baharını qeyd edəcək Ofelya xanıma Tanrının bəxş etdiyi ömür karvanını beləcə mətanətlə, alnıaçıq davam etdirməyi arzulayırıq.
ZÜMRÜD