PDF Oxu

Sosial

  • 48

Müxalifətə demokratik təklif

Müxalifətə demokratik təklif

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə müxalifətin "vahid namizəd" məsələsində razılığa gələ bilməməsini düşərgədə inhisarçı liderlərin olması ilə əlaqələndirib. Onun fikrincə, 2013-cü ildə keçiriləcək prezident seçkilərində növbəti dəfə eyni adamların (burada AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov nəzərdə tutulur - R.R.) namizədliklərinin irəli sürülməsi orada demokratik mühitin olmamasından xəbər verir. Bu baxımdan, A.Mirzəzadə maraqlı təkliflə çıxış edib. O, irəli sürdüyü təklifində bildirib ki, artıq 20 il müxalifətdə təmsil olunmalarına baxmayaraq, heç bir uğura imza ata bilməyən "liderlər" kənara çəkilməli, öz yerlərini başqalarına verməlidirlər: "Nəyə görə bu gün Müsavatdan Arif Hacıyev, AXCP (i)-dən Fuad Qəhrəmanlı, ALP-dən Əvəz Temirxan prezidentliyə namizəd olmasın? Nədən belə hesab edilir ki, Müsavatı artıq 20 ildən çoxdur bu partiyanın liderliyindən getmək istəməyən İsa Qəmbərov prezident seçkilərində namizəd kimi təmsil etməlidir?"


Müavinlər "liderlər"indən öz haqlarını tələb etməlidirlər


YAP yetkilisi dağıdıcı düşərgə "liderlər"inin uzun illərdi ki, əlləri altında çalışan müavinlərinə də demokratik təkliflər verib. Həmin təkliflərdən bəlli olub ki, "ənənəvi müxalifət" partiyalarında olan funksionerlər toplumu, əslində, öz "liderlər"indən haqlarını tələb etməlidirlər. Bunun üçün onların "vahid namizəd" kimi irəli çıxmaları məsələsi müzakirə edilməlidir. Çünki bu, onların haqlarıdır: "Məgər Müsavat partiyasında, hətta onun öz ideologiyasının daşıyıcısı olan insanlar azdırmı? A.Hacıyev öz fəaliyyəti, eləcə də, İsa Qəmbərovdan fərqli olaraq, həyatının böyük bir hissəsini zindanlarda keçirməsi ilə Müsavat partiyasının lideri və prezidentliyə namizədi olması haqqını qazanmayıbmı? Məgər Əli Kərimova görə həbsdə yatan, bu gün özünün müxalifətçilik mübarizliyi ilə müxalifət kəsimində yerini tutan F.Qəhrəmanlı həmin təşkilatın prezidentliyə namizədi ola bilməzmi? Mən belə hesab edirəm ki, müxalifətin uğursuzluğunun çoxlu səbəblərindən biri də məhz bir neçə şəxsin müxalifət liderliyi postunu inhisarda saxlamasındadır. Oz yerini heç cür başqasına vermək istəməməsindədir. Gəncləri, yeni yetişən insanları qabağa vermək niyyətində olmamasındadır. Bu baxımdan, birmənalı olaraq, bildirim ki, həmin adamlar eyni texnologiya, eyni düşüncə ilə 2013-cü ildə yenidən eyni "nəticəni" qazanacaqlar".


Əgər ikinci şəxslər siyasi karyeralarında uğur qazanmaq istəyirlərsə, siyasi təşkilatlarda birinciliyi haqq etdiklərini iddia kimi ortaya qoymalıdırlar


A.Mirzəzadənin haqlı fikirlərini təhlil edərkən, eyni zamanda, daha bir məsələyə aydınlıq gətirmək mümkündür. Özlərini "demokratik düşərgə" kimi cəmiyyətə sırımağa cəhd göstərən belə "liderlər"in siyasi səhnəni tərk etmə zamanlarını onlara öz müavinləri xatırlatmalıdır. Əgər partiyalarda fəaliyyət göstərən ikinci şəxslər siyasi karyeralarında uğur qazanmaq istəyirlərsə, həmin siyasi təşkilatlarda birinciliyə iddia etdiklərini haqq etdiklərini ortaya qoymalıdırlar. Əgər bunu etməyə gücləri və həvəsləri yoxdursa, demək, göstərdikləri fəaliyyətləri də özündə heç bir prinsipi ortaya qoymur. Hər halda, Ə.Kərimovun, İ.Qəmbərovun, R.Quliyevin, L.Hacıyevanın rəhbərlik etdikləri partiyalarda ikinci şəxs qismində təmsil olunan fərdlər bu kimi maraqlı təklifləri dəyərləndirsələr özləri üçün həm yenilik, həm də demokratik baxış qazanmış olarlar. Yox, əgər bundan imtina etsələr, demək "liderləri" kimi, onların özləri də məğlubiyyəti qəbul etdiklərini nümayiş etdirmiş olurlar.


R.RƏSULOV

Digər xəbərlər