Dünən 11-də YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevanın təşəbbüsü, millət vəkili Rövnəq Abdullayev, Nizami rayon icra hakimiyyətinin, habelə, Səhiyyə Nazirliyinin dəstəyi ilə Keşlə qəsəbəsində vətəndaşların pulsuz səyyar tibbi müayinəsi təşkil edilib. Keçirilən aksiyada Nizami rayonu ərazisindəki səhiyyə ocaqlarından 30-a yaxın müxtəlif sahələr üzrə ixtisaslı həkimlər iştirak ediblər.
Terapevt, cərrah, endokrinoloq, ginekoloq, pediatr, uşaq endokrinoloqu, kardioloq, kardi-revmatoloq, oftalmoloq, okulist, LOR mütəxəssisləri, o cümlədən, vərəmlə mübarizə tədbirləri çərçivəsində ftiiziatrlar, səyyar fluoqrafiya rentgen maşını, funksional diaqnostika, ultra səs müayinəsi və səyyar laboratoriya mütəxəssislərinin iştirakı ilə 300-ə yaxın sakin pulsuz tibbi müayinə edilib.
Nizami rayonu ərazisində ilk dəfə belə bir tədbirin keçirildiyini deyən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili S.Vəliyeva bu kimi aksiyaların vətəndaşlarımızın sağlamlığına xidmət etdiyini bildirib. Dövlətin qulluğunda duran hər bir kəsin vətəndaşlar üçün əlindən gələni etməyə borclu olduğunu xatırladan xanım millət vəkili, bir həkim kimi gələcəkdə də bu kimi tədbirlərin davamlı olması üçün çalışacağını qeyd edib.
Keşlə qəsəbə sakini, 58 yaşlı Həsənəliyeva Sünbül gözlərinin zəifliyindən, habelə, ayaq ağrılarından əziyyət çəkdiyini, lakin həm vaxt, həm də maddi cəhətdən imkanları məhdud olduğu üçün çoxdandır həkimlər tərəfindən müayinə olunmadığını bildirib: "Bu gün hər iki mütəxəssis özü buradadır. Bu, mənim vəziyyətimi xeyli asanlaşdıracaq". 9 yaşlı qızı Fatimə Vəliyevanı müayinəyə gətirən M. Ağayev, İbrahimova Səkinə də tədbirin təşkilatçılarından razılıq ediblər.
Onu da qeyd edək ki, müayinə olunanlar arasında müalicə üçün imkanı olmayan əksər xəstələrə maddi yardımlar da göstərilib.
Cabir