PDF Oxu

Sosial

  • 70

Ermənistan müdafiə olunur və dəstəklənir

Ermənistan müdafiə olunur və dəstəklənir

ATƏT-in Minsk Qrupu həmsədrlərinin budəfəki regiona səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilirmi? Nəyə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında həmsədrlər passivlik nümayiş etdirirlər? Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan-Azərbaycan prezidentlərinin görüşü ehtimalı azdır: "Hazırda ATƏT-in Minsk Qrupu həmsədrlərinin məqsədi xarici işlər nazirlərinin görüşünü təşkil etməkdir. Həmsədrlər münaqişənin həll ilə bağlı ciddi təkliflər ilə çıxış etsələr, çox yaxşı olardı. İndiki şəraitdə isə görünən mənzərə ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti, konkret olaraq, hər hansı bir nəticə verməyib. Ermənistan tərəfinin münaqişə ilə əlaqədar olaraq mövqeyində dəyişiklik əmələ gəlməyib. Yəni, işğalçı ölkə yenə də israrlı şəkildə özünün işğalçılıq siyasətini davam etdirir.

Politoloq bildirdi ki, həmsədrlərin münaqişənin həlli ilə bağlı passivlik nümayiş etdirməsi, Azərbaycanda hər kəsə çox yaxşı məlumdur: "Bu da, ilk növbədə, həmsədr dövlətlərin regionda uzlaşmayan geosiyasi maraqlarından irəli gəlir. O cümlədən, burada həm də Ermənistanın himayə olunmasından irəli gələn amillər var. Təəssüflər olsun ki, həmsədr ölkələr tərəfindən mövcud status-kvonun saxlanılması qəbuledilməzdir və bu cür bəyanatlar səsləndirməklə mövcud status-kvonu qoruyub-saxlamaqla məşğuldurlar. Bunun dəyişilməsi istiqamətində hər hansı bir addımlar atılmır. Əgər həmsədrlər, doğrudan da, status-kvonun dəyişilməsini istəyirlərsə, o zaman Ermənistana qarşı konkret addımlar atılmalıdır. Əgər bu addımlar atılmırsa, yəni işğalçı ilə işğala məruz qalan dövlətə eyni müstəvidə münasibət bəslənilirsə, Azərbaycan torpaqları işğal altında olduğu halda "gedin özünüz razılaşın" mesajları verilirsə, təbii ki, bütün bunlar kifayət qədər qeyri-ciddi fikirlərdir. Bütün bunların özü də mövcud status-kvonu qoruyub saxlanmasına xidmət edir".

Dağlıq Qarabağ münaqişəsinin həllində hər bir dövlətin öz marağı var deyən ekspertin fikrincə, Rusiya Ermənistanın hərbi- siyasi müttəfiqi olduğu üçün onun regiondakı maraqları tamamilə fərqlidir: "Yəni Rusiya postsovet məkanındakı münaqişələr vasitəsi ilə özünün potensialını gücləndirənə qədər bu münaqişəni qoruyub saxlamaq və bunların vasitəsi ilə də münaqişə tərəflərinə təsir göstərmək istəyir. ABŞ-da isə Ermənistanın kifayət qədər güclü lobbisi var. ABŞ və Fransa siyasətçilərinin bir hissəsi erməni diasporunun himayəsinə sığınırlar. Bu da onları ermənipərəst mövqe nümayiş etdirməyə vadar edir. Bir sözlə, işğalçı ölkə olan Ermənistan müdafiə olunur və dəstəklənir. Yəni həmsədr ölkələr işğalçı Ermənistana qarşı heç bir ciddi addım atmır. Bu həqiqəti də hər kəs çox gözəl bilir".


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər