Bir neçə gün əvvəl Ermənistan hökuməti ölkədəki ağır durumla bağlı Avropa Birliyinə maddi yardım üçün müraciət etmişdi və qəti yox cavabı almışdı. İndi isə həmin müraciətlə tərəfdaşı, müttəfiqi olan qonşu Rusiya dövlətinə ünvanlanıb. "Qolos Armenii" qəzetinin yazdığına görə, Ermənistan Rusiyadan borc olaraq 800 milyon-1 milyard arası maliyyə vəsaiti istəyib. Hələlik, Rusiya tərəfdən heç bir cavab gəlməyib. Ona görə də borc pul tapmaq üçün bütün imkanlardan istifadə edir. Belə desək, çatana ağız açır. Çox güman ki, ötən gün İranın daxili işlər nazirinin Ermənistana səfərinin də bu məsələyə aidiyyatı var. Maraqlıdır, görəsən, nə qaça-qaçdır ki, Ermənistan pul axtarmaq üçün belə əl-ayağa düşüb?
Ermənistan səfillik kateqoriyasında olan ölkələrdən biridir. O baxımdan ki, onun iqtisadi resursları normal iqtisadi inkişafa nail olmağa imkan vermir. Ona görə də, öz inkişafı üçün başqa ölkələrdən kredit almağa məhkum qalıb. İkinci tərəfdən Ermənistanın öz qonşuları ilə münasibətləri də çox pisdir. Bu münasibətlər də onun regional iqtisadi layihələrdən kənarda qalmasına səbəb olur. İqtisadi resurslar baxımından eyni vəziyyətdə olan Gürcüstan və Ermənistanda iqtisadi durum tam fərqlidir. Gürcüstan Azərbaycanın yer aldığı, malik olduğu regional layihələrdə, məsələn, Bakı-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrdə iştirak edir. Buradan xeyli dərəcədə trans ölkə kimi maddi gəlir götürür. Ermənistan isə qonşuları ilə həm Azərbaycan, həm Türkiyə ilə düşmən münasibətdə olduğuna görə, həmin o regional layihələrdə iştirak etməkdən məhrumdur. Ona görə də, məcbur olur ki, iqtisadiyyatı üçün lazım olan sərmayəni digər ölkələrdən kredit yolu ilə əldə etsin.
Bu gün kredit elə bir həddə gəlib çatıb ki, Avropanın özündə belə vəziyyət çox mürəkkəbdir. Avropa Birliyi kredit böhranı ərəfəsindədir. Avropa ölkələrində borc problemi artıq Yunanıstandan digər ölkələrə transformasiya olunur, yayılır. Avropa Birliyinin bu dəqiqə həmin pulu vermək imkanı yoxdur. Ona görə də, təbii olaraq, Ermənistan əsas tərəfdaşı Rusiyaya üz tutur və bu vəsaiti də Rusiyadan istəyir. Amma məsələ burasındadır ki, Rusiyanın özündə də vəziyyət bu gün çox da yaxşı deyil. Neftin qiyməti ucuzlaşmağa doğru getdikcə, Rusiyanın da əsas gəlir mənbəyinin, maliyyə mənbəyinin neft olduğunu nəzərə alsaq, o zaman məlum olur ki, Rusiyanın özündə də vəziyyət yaxşı deyil. O baxımdan, Ermənistan iqtisadiyyatı çox böyük bir problematik duruma düşüb. Nəticədə, həm də Ermənistanın prezidenti Serj Sarkisyan bu statusdan daha çox dilənçilik mövqeyini nümayiş etdirir.
R.NURƏDDİNOĞLU