Bir neçə gün sonra Azərbaycan mətbuatının yaradılmasının 137 illiyi qeyd olunacaq. Əsası "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan Milli Mətbuatı, bu gün dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan mətbuatının daha yüksək səviyyədə inkişaf etməsi üçün Prezident İlham Əliyev tərəfindən bir çox uğurlu addımlar atılıb, Fərman və Sərəncamlar verilib. Bu baxımdan, demək olar ki, Azərbaycan mətbuatı özünün 137 illik ildönümünü kifayət qədər əldə olunan uğurlarla qeyd edir.
Sevinc Seyidova,
"Həftə İçi" qəzetinin baş redaktoru:
- Əlbəttə ki, Azərbaycan mətbuatı 137 il ərzində bir çox uğurlu və yaddaqalan nailiyyətlərə imza atıb. Ancaq Azərbaycan dövləti müstəqillik əldə edəndən sonra, mətbuatımız daha da inkişaf etməyə başladı. Yəni hərtərəfili ölkə mətbuatı inkişaf etməyə doğru yol aldı. Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi hər zaman görünüb. Amma xüsusi olaraq, Azərbaycan dövlətinin mətbuatın yüksək səviyyədə inkişaf etməsi üçün dəstəyi müstəqillik əldə edəndən sonra daha çox büruzə verib. Yəni son 20 ildə KİVDF-nin, Mətbuat Şurasının yaradılması, qəzetlərə birdəfəlik yardımların edilməsi, jurnalistlər üçün yaşayış binalarının tikilməsi, media işçilərinə fərxi adların verilməsi bütün bunlar, təbii ki, müstəqillik əldə olunandan sonra mətbuatın uğurlarıdır.
Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru:
- Ölkədə Azərbaycan mətbuatının 137 illiyi qeyd olunması özü-özlüyündə bir uğurdur. Demək olar ki, ölkə mətbuatının inkişaf yolu Azərbaycan müstəqillik əldə etdikdən sonra mümkün oldu. Yəni Azərbaycan dövləti müstəqillik əldə edəndən sonra, mətbuatımızın daha da yüksək səviyyədə inkişafı üçün hər cür şərait yaradıldı. Çünki 20 il bundan əvvəlki mətbuat ilə indiki mətbuatı müqayisə etsək, görərik ki, milli mətbuatımızın inkişaf etməsində nə qədər dəyişikliklər baş verib. Bir sözlə, bu gün Azərbaycan mətbuatı dünya mətbuatında öz sözünü demiş və tanınmış mətbuatdır. Bu baxımdan, mətbuatımız son 20 il ərzində bir çox yaddaqalan uğurlara imza atıb və atacaq da.
GÜLYANƏ