Ermənistanın qeyri-konstruktiv yol tutması Xocalı aeroportunun yenidən açılışının edəcəyi barədə səsləndirdiyi bəyanatlarla özünü göstərməkdədir. Rəsmi Yerevan açıq şəkildə Madrid prinsipləri əsasında danışıqların aparılmasına qarşı çıxdığını bildirir. Bu halda, Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan tərəfinin danışıqlar aparması nə dərəcədə düzgündür? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
E.Mirbəşiroğlunun sözlərinə görə, Xocalı aeroportunun yenidən açılması məsələsini Ermənistan tərəfindən qabardılması bir daha onun işğalçı ölkə olduğunu sübut edir. Azərbaycanın ərazisi kimi tanınan yerdən işğalçı ölkənin uçuşlar etməsi, dövlət səviyyəsində Ermənistanın işğalçılıq siyasətinin davamıdır. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir məqamda, işğalçı ölkənin Xocalı aeroportunun yenidən açılması məsələsinin qabartması münaqişə ətrafında aparılan vəziyyəti daha da gərginləşdirir. Bildiyiniz kimi, bu yaxınlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri oldu. Həmsədrlərin səfərləri də münaqişənin həllini tapmaqdan ibarətdir. Amma hər zaman olduğu kimi, yenə də Ermənistan tərəfi sözügedən obyektiv yanaşmayaraq, ortalığı qarışdırmaq məqsədi ilə fikirlər səsləndirirlər. Bir sözlə, Azərbaycan dövləti münaqişənin tənzimləməsi ilə bağlı yeni versiyaları nəzərdən keçirməlidir. Eyni zamanda, bu gün bütün dünya ölkələri çox gözəl bilir ki, Ermənistan işğalçı bir ölkədir. Yəni Ermənistan 20 il bundan əvvəl Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Demək olar ki, bu günə qədər də işğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir razılığa gəlməyib. Ermənistan tərəfinin münaqişənin həlli prosesində nə isə bir razılığa gəlməməsinin səbəbi hansısa dövlətin idarə olunması ilə əlaqəlidir. Çünki işğalçı ölkənin elə bir siyasi gücü yoxdur ki, özü öz ölkəsini hərtərəfli təmin edərək, idarə edə bilsin. Bir sözlə, Ermənistan kiminsə diqtəsi ilə oturub-durur. Bu da Dağlıq Qarabağ probleminin uzanmasına səbəb olur. Ümid edirik ki, gec-tez Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq.
GÜLYANƏ