PDF Oxu

Sosial

  • 48

Vətəndaşlara keyfiyyətli və ləyaqətli xidmət strategiyası

Vətəndaşlara keyfiyyətli və ləyaqətli xidmət strategiyası

Azərbaycan hökuməti iqtisadi idarəetməni yeni dövrün innovativ tələblərinə uyğun şəkildə qurmağı əsas hədəf seçib və iqtisadiyyatın, sosial sektorun, humanitar-sosiomədəni strukturların fəaliyyəti tamamilə modernizasiya arxitekturasına əsaslanır. Müasir idarəetmə texnologiyalarının başlıca istiqamətləri insan amilinin ön plana çəkilməsi, yəni, insanlara keyfiyyətli və ləyaqətli sosial həyat tərzinin təmin edilməsindən ibarətdir. Daha doğrusu, insan hüquq və maraqlarının qorunması, onların dövlət idarəetmə strukturları ilə təmaslarında şəffaf münasibətin təmin olunması yeni sosioiqtisadi meyarların ön planında durur. Ölkə Konstititusiyasında təsbit olunmuş ana meyar - vətəndaşın mənafeyinin qorunması prinsipi Azərbaycanın müasir idarəetmə sistenində birinci dərəcəli məsələ hesab olunur.

İqtisadi inkişafın yeni çağırışları, sosial liberalizmin tələbləri inkişafın sürətli axarı fonunda dövlətin insanlara daha keyfiyyətli xidmət göstərmək prinsiplərini qarşıya qoyur. Müasir dövrün meyarlar ilə insanlarla davranışın, ünsiyyətin tam başqa bir formalarını ehtiva edir. İnformasiya cəmiyyətinin qurulması müasir insana yanaşmanın keyfiyyətinin dəyişməsini, xidmətlərin müasirliyinin təmin olunmasını şərtləndirir. Modern cəmiyyətdə kommunikasiyaların ən son modulları ilə əhatə olunmuş insanın dövlət orqanları ilə, hökumətlə təmasları novatorluğun elementlərinə əsaslanır. İnsana xidmət, vətəndaşa münasibət elektron əsrin bazislərinə söykənir. Təbii ki, ən modern cəmiyyət quruculuğunu təmin edən Azərbaycan qeyd olunan prinsipləri reformaların əsas tərkib hissəsi hesab edir.

Vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı sistemli tədbirlər hazırda hökumətin idarəetmə və xidmət siyasətində mühüm yer tutur. Azərbaycan hökuməti, eyni zamanda, idarəetmədə ən modern texnologiyaları tətbiq etmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar üzrə həyata keçirmək üçün komleks və uzunmüddətli islahatlara start vermək niyyətindədir. Bu mənada, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması barədə Fərmanı mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı respublikamızda innovativ sosial xidmət platformasının konkret istiqamətlərini də müəyyən edib. Bura dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi ilə bağlı sistemli tədbirlər planı daxildir. Agentlik dövlət orqanlarının xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və bu sahədə idarəetməni təmin edəcək. Bu sistemli tədbirlər şəbəkəsinə genişmiqyaslı nəzarət olacaq və xidmət bölmələrinin fəaliyyətini "ASAN" koordinasiya edəcək.

Ümumiyyətlə, müasir cəmiyyətin, elektron idarəetmənin təmin olunmasında birbaşa əsas məqsəd insanlara xidmətin keyfiyyətliliyini təmin etməklə yanaşı, dövlət-insan formulunun ən yüksək şəffaflıq indeksini möhkəmləndirməkdir. Şəffaflığın, insanlara keyfiyyətli xidmətlərin göstərilməsinin ən mükəmməl və dinamik forması elektron xidmətlərdir. E-xidmətlərin sistemliliyinin və vahid idarəetmə texnologiyalarının bazisi elektron hökumətdir. Bu gün elektron hökumət quruculuğu istiqamətində davamlı və operativ islahatlar həyata keçirən hökumət dövlət strukturlarında e-xidmətlərin çeşidlərini əhəmiyyətli dərəcədə genişləndirib. Hazirda dünyada informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ən çox nəzərə çarpan tendensiya elektron hazırlığın inkişafı səviyyəsi ilə ölçülür. Elektron hazırlıq elektron xidmətlərin tətbiqinin genişlənməsini təmin edir, eyni zamanda, "elektron hökumət" quruculuğuna doğru aparan yolun mühüm bir komponenti kimi çıxış edir. Bu mənada, elektron hazırlığın güclü olması həmin ölkədə e-xidmətlərin genişliyinə də mühüm təsir göstərir.

Qeyd etdiyimiz kimi, Azərbaycan bu sahədə xeyli irəliləyişlər əldə edib. Bir çox indikatorlar üzrə ölkəmizin regionda əsas yerlərdən birini tutması dövlətin siyasi iradəsinin əyani təzahürü kimi qiymətləndirilə bilər. Məsələn, elektron iştirak indeksi üzrə mövcud əmsal, eləcə də, "online" xidmətlərin miqyası ilə bağlı yüksək qiymətləndirmə respublikamızda elektron cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımların atılmasını şərtləndirir. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə sistemli tədbirlər davam etdirilir. Bu strategiya ölkəmizdə "elektron-hökumət" quruculuğu üçün çoxsistemli idarəetmə mexanizmlərinin formalaşdırılmasından ibarətdir. Ölkəmizdə "Elektron Azərbaycan" Dövlət Proqramı, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşıb.

Azərbaycanda demokratik ölkə kimi vətəndaşlarına sərbəst şəkildə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bütün imkanları yaradıb. Ölkəmizdə həyata keçirilən siyasətin əsas hədəflərindən biri elektron vərdişlərin inkişafını sürətləndirməklə cəmiyyətin informasiylaşdırılmasını tam təmin etməkdən ibarətdir. Qloballaşma proseslərinin cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz etməsi ilə geniş vüsət aldığı dövrdə Azərbaycanda əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən bəşəriyyətin rifahı naminə istifadə olunmasıdır. Eyni zamanda, dövlət orqanlarında çalışan işçilərin etik davranış kodeksi həyata keçirilir ki, bu da vətəndaşla ünsiyyətin sivil təşkili, şəffaflıq üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu ali məqsədlər e-hökumət quruculuğunun əsas komponentlərini təşkil edir.

Göründüyü kimi, ən modern informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin bütün komponentlərinin yaradılması və e-hökumət arxitekturasının bütün seqmentlərinin formalaşdırılması bir məqsədə - innovativ, şəffaf, operativ, sosial idarəetmənin təmin edilməsinə, proqressiyanın dərinləşməsinə xidmət edir. Geniştutumlu, sivil xidmətlər infrastrukturunun yaradılmasına xidmət edir. Dövlət başçısının müəyyən etdiyi əsas hədəflər - xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi də məhz əsas trendlərdir. Vətəndaşların birbaşa internet vasitəsilə müraciətlərinin cavablandırılması, virtual əlaqənin yaradılması, onların qarşılanma, dinlənmə mədəniyyətlərinin təmin olunması da elektron formada həyata keçiriləcək. Bütün bunlar isə, sonda şəffaflıq indekslərinin güclənməsinə səbəb olacaq.


"Səs" Analitik qrupu

Digər xəbərlər