PDF Oxu

Sosial

  • 47

Dünya birliyi qondarma "prezident seçkiləri"ni tanımır

Dünya birliyi qondarma "prezident seçkiləri"ni tanımır

Nəhayət ki, separatçı Dağlaq Qarabağ rejimi artıq uzun müddətdir ki, keçirmək niyyətində olduğu "prezident seçkiləri"ni keçirdi. Bunu seçkidən çox siyasi oyun və yaxud səhnələşdirilmiş teatr da adlandırmaq olar. Belə ki, qondarma rejim özünün seçki adlandırdığı bu oyunda Dağlıq Qarabağ icması deyil, oraya sonradan köçürülmüş ermənilər və daha çox burada yerləşdirilmiş hərbçilər iştirak ediblər.

Düzdü, seçkilər keçirildi. Amma bu seçkilərin nə dərəcədə siyasi əhəmiyyət daşıdığı, təbii ki, ona verilən qiymətlə ölçülür. Bu qiymət isə beynəlxalq təşkilatlar və müvafiq qurumlar tərəfindən verilməlidir. Eyni zamanda, dünya dövlətlərinin də bu məsələyə rəyi vacibdir. Lakin son günlərdə verilən bəyanatlara nəzər saldıqda, görürük ki, əksər region və Avropa dövlətləri bu məsələdə birmənalı mövqe ortaya qoyaraq, seçkiləri tanımayacaqlarını bildirirlər. İlk olaraq, məsələyə münasibət bildirən beynəlxalq təşkilatlar belə bir seçkinin keçirilməsinin münaqişənin nizamlanmasına maneçilik törətdiyini bildiriblər. Belə ki, Avropa Birliyinin məsələ ilə bağlı bəyanatında Dağlıq Qarabağda keçirilən seçkilərin qanunsuz olduğu və onlar tərəfindən tanınmayacağı bildirilib. Qeyd etmək lazımdır ki, İsrail, Böyük Britaniya, Fransa kimi ölkələr də bu bəyanatı dəstəkləyərək, "seçkilər"in nəticələrini tanımaycaqlarını nümayiş etdiriblər. Bundan başqa, ATƏT, NATO kimi nüfuzlu beynəlxalq təşkilatlar da qondarma prezident seçkilərini tanımayacaqlarını və belə bir fəaliyyətin həyata keçirilməsini pislədiklərini bəyan ediblər.

Bundan əlavə, qonşu ölkələrdən də adıçəkilən məsələyə reaksiyanın gəlməsi mühüm və qeyd olunması vacib məsələdir. Belə ki, Türkiyə və Gürcüstanın rəsmi dairələri tərəfindən bəyanatlar verilərək, "prezident seçkiləri"ni pislədikləri göstərilmişdir. Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkilərini" tanımır. Gürcüstan, birmənalı olaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və cari ayın 19-da keçirilən qondarma "prezident seçkilərini" tanımır. Xarici işlər nazirliyi Dağlıq Qarabağ məsələsinin konstruktiv dialoq çərçivəsində sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq ictimayyətin öz səylərini artırmasını zəruri hesab edir.

Türkiyə Xarici İşlər Nazirliyi erməni separatçılarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirəcəyi "prezidenti seçkiləri" ilə bağlı rəsmi açıqlama yayıb. Türkiyə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin növbəti dəfə pozulması mənasına gələn bu əməli pisləyir. Türkiyə qeyri-legitim saydığı və heç bir hüquqi qüvvəsi olmayacaq bu "prezident seçkisi"nin nəticələrini tanımayacaq.

Yeri gəlmişkən, bu günlərdə ATƏT PA-nın yeni seçilmiş sədri Rikardo Miqliori Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini açıqlayıb. Onun fikirləri içərisində diqqətçəkən məqamlardan biri kimi Türkiyənin münaqişənin həllinə cəlb olunması məsələsini qeyd etmək olar. O bildirib ki, Türkiyə münaqişənin həllinə daha yaxından cəlb olunmalıdır. Həqiqətən də, bu gün Türkiyə regionda söz sahibi olan ölkədir. Onun məsələnin həllində tutduğu mövqe isə ədalətlidir və tamamilə beynəlxalq norma və prinsiplərə uyğun qurulmuşdur. Bu baxımdan Türkiyənin münaqişənin həllinə cəlb olunması məqsədəuyğundur.

Rumıniya Xarici İşlər Nazirliyi də iyulun 19-da separatçı Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri"ni qanunsuz hesab edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrləri də bu məsələyə münasibət bildiriblər. Onlar qeyd edirlər ki, ATƏT MQ həmsədri olan üç ölkənin heç biri, həmçinin, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır.

Həmsədrlərin bəyanatında qeyd olunub ki, iyulun 19-dakı prosedur heç bir şəkildə Dağlıq Qarabağın yekun hüquqi statusunu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hazırkı danışıqların nəticələrini həll etmir.

Göründüyü kimi, bu gün müasir dünyanın taleyində həlledici rola malik olan dövlətlər, eyni zamanda, beynəlxalq və regional təşkilatlar, heç bir halda, Ermənistanın bu addımını qəbul etmir və qondarma "seçkilər"in nəticələrini tanımayacaqlarını bəyan edirlər. Belə olan halda, bu seçkilər hansı siyasi qüvvəyə malik ola bilər?

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulması mənasını verən bu seçkilər Dağlıq Qarabağdakı qeyri-hüquqi mövcud durumu birtərəfli şəkildə legitimləşdirmə və mövcud status-kvonu saxlamaq cəhdinin yeni bir təzahürüdür. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında əngəl olmaqda davam etməkdə və bölgə ölkələri arasında mehriban qonşuluq və əməkdaşlığa şərait yaradacaq iqlimin formalaşmasını əngəlləməkdədir. Ermənistanı isə, görünən odur ki, bu vəziyyət heç də narahat etmir. Əlbəttə, bu gün mövcud olan beynəlxalq prinsip və normaların, eyni zamanda, Ermənistanın işğalçılıq fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda qəbul olunan qətnamələrin tətbiq olunmaması bu cür addımların atılmasına gətirib çıxarır. Odur ki, bu məsələ ilə birbaşa və dolayı yolla məşğul olan beynəlxalq qurumlar qətiyyət göstərərək, Ermənistanı geri addım atmağa məcbur etməlidirlər. Yalnız bu yolla Ermənistan-Azərbaycan cəbhəsində baş verə biləcək hər hansı təhlükənin qarşısı alına bilər.


Murad İSMAYILZADƏ

Digər xəbərlər