PDF Oxu

Sosial

  • 40

Ermənistan rəhbərliyi ölkəni uçuruma aparır

Ermənistan rəhbərliyi ölkəni uçuruma aparır

Ermənistanda mövcud olan ictimai-siyasi, eyni zamanda, sosial- iqtisadi durum artıq hamıya bəllidir. Ölkənin günü-gündən geriləməsi və böhranın daha da dərinləşməsi ölkənin ümumi mənzərisini təzahür etdirən amillərdir. İşğalçılıq və digər qeyri-konstruktiv mövqeyi Ermənistanı artıq uçurumun kandarına qədər yuvarlamışdır. Ölkə rəhbərliyi isə, bunun qarşısını almaq iqtidarında olmadığı kimi, ölkədə özbaşınalığın və anarxiyanın genişlənməsinə də göz yumur.

Son günlərdə Ermənistanın böhranlı vəziyyətinin dərinləşdiyini sübut edən daha bir neçə fakt da qeydə alınıb. Belə ki, digər sahələrdə olduğu kimi, hərbi sahədə də Ermənistanın heç bir gücə və potensiala malik olmadığı aydındır. Hərbçilərin vəziyyətinin ağırlaşması isə Ermənistan ictimaiyyətində daha çox narazılıq yaradan amillərdəndir. Bu günlərdə baş vermiş bir hadisə bunu deməyə əsas verir. Belə ki, cari ayın 22-də Ermənistanın Bürq rayonundakı hərbi hissənin əsgəri Asat Saradyanın ölməsinin səbəbləri barədə yayılan xəbərlər Ermənistan ordusundakı acınacaqlı vəziyyəti xarakterizə etməyə imkan verir. Helsinki Vətəndaş Assambleyasının (HVA) Ermənistandakı nümayəndəliyinin yaydığı məlumata görə, HVA-nın apardığı araşdırmadan sonra məlum olub ki, qida çatışmazlığı nəticəsində əsgər A.Saradyanda mədə xorası əmələ gəlmişdir. Müalicə olunmadığı üçün onun yarası qanaxma verib və əsgər daxili qanaxmadan ölüb. Onu müayinə edib hərbi hospitala göndərmək üçün rüşvət tələb ediblər. Tələb olunan pulu vermək imkanında olmayan əsgər baxımsızlıq ucbatından daxili qanaxma nəticəsində ölüb.

Görəsən, Ermənistan dövləti bu orduylamı Dağlıq Qarabağı işğal altında saxlamaq istəyir? Bu cür orduyla Ermənistan nəinki hansısa ərazini işğal altında saxlamaq, heç öz ölkəsini belə müdafiə etmək iqtidarında deyil. Bu səbəbdəndir ki, ermənilər dövlət sərhədlərinin qorunması üçün də digər millətlərdən olan muzdlu əsgərlərdən istifadə edirlər.

Ermənistanın çökməsi ilə bağlı digər bir fakt iqtisadi göstəricilərlə bağlıdır. Belə ki, Ermənistan KİV-inin verdiyi məlumata görə, cari ilin birinci yarısında Ermənistan beynəlxalq maliyyə qurumlarından və ayrı-ayrı dövlətlərdən 231,4 milyon ABŞ dolları həcmində borc alıb. Bununla da Ermənistanın xarici borcunun həcmi 3 milyard 700 milyon ABŞ dollarına çatıb.

"News.am" saytı yazır ki, bu borcun nəinki yarısını, heç dörddə bir hissəsini belə qaytarmaq üçün Ermənistanın iqtisadi potensialı yoxdur. Hakimiyyətdə olan prezidentlər ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq əvəzinə, xarici dövlətlərdən ağır şərtlərlə külli miqdarda kreditlər götürərək, öz siyasi ambisiyalarına sərf ediblər.

Dövlət büdcəsi isə oliqarx nazirlər tərəfindən dağıdılır. Şübhəsiz ki, Prezident Serj Sarkisyanın bundan xəbəri vardır. Lakin büdcədən oğurlanan pulların böyük hissəsi ona çatdığı üçün heç bir tədbir görmür.

Göründüyü kimi, bu gün heç bir sahədə irəliləyişə nail ola bilməyən Ermənistan dövlətinin elə bu böhranlı vəziyyətə çatdırılmasının əsas səbəbkarı da ölkəni idarə edənlərdir. Həm daxili, həm də xarici siyasətdə bu mövqeyi nümayiş etdirən Ermənistan hakimiyyətinə qarşı artıq sosial narazılıqlar ən yüksək həddinə çatmışdır. Xarici siyasətdə işğalçılıq mövqeyi, daxildə isə ölkəni talamaq prinsipini əsas tutan Ermənistan rəhbərliyi ölkəni idarəolunmaz bir vəziyyətə çatdırıb. Artıq ictimai narazılığın qarşısını almaq qeyri-mümkündür. Bu gün çox az adam tapmaq olar ki, Ermənistanda yaşayıb orada özünə həyat qurmaq istəsin. Ölkənin əksər gəncləri Ermənistanı tərk edərək, digər Avropa ölkələrinə üz tuturlar ki, bu da ölkədə əhalinin azalmasına, artımın olmamasına və orduya yararlı gənclərin sıradan çıxmasına şərait yaradır.

Yuxarıda göstərilənlər, bir daha onu deməyə əsas verir ki, bu gün Ermənistan böyük bir böhran içərisindədir və bu vəziyyətdə onun heç bir inkişafı barədə danışmaq olmaz. Yalnız xarici havadarlarından asılı vəziyyətdə qalan Ermənistan dövləti onların verdiyi borclar hesabına nəyəsə nail olmaq niyyətindədir. Bu vəziyyət isə, təbii ki, çox davam edə bilməz. Çünki artıq dünyada elə bir vəziyyət yetişmişdir ki, hər bir dövlət öz inkişafı barədə düşünür və öz potensialını yalnız özünə xərcləmək niyyətindədir. Odur ki, xarici havadarların da artıq Ermənistanı saxlamaq üçün böyük miqdarda vəsait ayıracaqlarını düşünmək olmaz. Ermənistan dövlətini yalnız özü bu vəziyyətdən çıxara bilər ki, bu da ilk növbədə, işğalçılıq siyasətindən əl çəkməsi ilə bağlıdır.


Murad İSMAYILZADƏ

Digər xəbərlər