PDF Oxu

Sosial

  • 67

Qəbələ RLS-in taleyinə aydınlıq gətirməyin vaxtı çatıb

Qəbələ RLS-in taleyinə aydınlıq gətirməyin vaxtı çatıb

Məlum olduğu kimi, Qəbələ RLS-in istifadəsi ilə bağlı artıq bir müddətdir ki, danışıqlar aparılır və onun gələcək taleyinin necə olacağı bu günlərdə diqqət mərkəzində saxlanılmaqdadır. Son danışıqlar Rusiyanın burada maraqlı olduğunu və RLS-in icarə müddətini artırmaq niyyətində olduğunu deməyə əsas verir. Lakin bunun hansı şərtlərlə olacağı və ümumilikdə, Qəbələ RLS-in Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə nə dərəcədə təsir göstərəcəyi isə daha mühüm məsələ olaraq qalır.

İlk növbədə, onu qeyd etmək yerinə düşər ki, adıçəkilən məsələ cari ayda daha çox müzakirə mövzusuna çevrilmişdir ki, bu da səbəbsiz deyil. Belə ki, MDB müdafiə nazirlərinin Rusiyanın Kalininqrad şəhərində keçirilən toplantısı zamanı məsələ Rusiyanın və Azərbaycanın müdafiə nazirləri - Anatoli Serdyukovla Səfər Əbiyev arasında müzakirə olunub. Bundan sonra isə Rusiya parlamentinin sədri Sergey Narışkinin Azərbaycana səfəri zamanı bir daha bu məsələyə diqqət ayrılması onun icarə müddətinin bitməsi və artıq qərar qəbul edilməsinin vaxtının çatması ilə bağlıdır. 2002-ci ildə imzalanmış 10 illik icarə müddəti ilə bağlı müqavilədə də icarə müddətinin bitməsinə 6 ay qalmış RLS-in müqəddəratının həll olunması nəzərdə tututulur ki, bu da məhz bu aylara təsadüf edir. Yəni tez bir zamanda müqavilənin uzadılıb-uzadılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

Son danışıqlar və Rusiya mediasının yaydığı məlumatlarda Rusiyanın müqaviləni uzadacağı təqdirdə, yeni şərtlərlə qarşılaşacağını göstərilir. Azərbaycan tərəfinin icarə haqqını artırması və Rusiyanın Qəbələ RLS-in müqavilə xərcinə stansiyanın ərazisinin azaldılması hesabına qənaət etmək istəməsi kimi amillər daha çox diqqətdə saxlanılır.

Azərbaycan tərəfindən artıq məsələ ilə bağlı rəsmi mövqe də nümayiş etdirilib. Azərbaycan XİN bütün hallarda Qəbələ RLS-lə bağlı hansı qərar qəbul olunsa, onun, Azərbaycanın milli maraqlarına uyğun olacağını bəyan edib. Nəzərə alsaq ki, bu müzakirələr artıq iyul, avqust aylarında başa çatmalı və hansısa anlaşma imzalanmalıdır, onda şərtləri artıq müəyyənləşdirməyin vaxtı çatdığını demək olar. Bunun üzərində işçi qrupun işləməsi və müqavilənin şərtlərini hazırlaması da məqsədəuyğun olardı.

Əlbəttə, bu razılaşmanın Rusiya ilə imzalanmayacağı ehtimalını da nəzərdən qaçırmaq olmaz. Belə ki, 2012-ci ilin fevralında "Kommersant" qəzeti məlumat yaymışdı ki, Rusiya müqaviləni 2025-ci ilə qədər uzatmaq istəyir. Lakin Azərbaycan icarə haqqının 7 milyondan 300 milyon dollara qaldırılmasını tələb edir. O vaxt Rusiya Müdafiə Nazirliyindəki mənbə bunun rasional məbləğ olmadığını və həmin vəsaitə yeni bir stansiya tikməyin mümkün olduğunu bildirmişdi. May ayında isə Rusiya Müdafiə Nazirliyindən bildirmişdilər ki, danışıqlarda irəliləyiş olmasa, ehtimal ki, Rusiya Qəbələdən gedəcək.

Xatırladım ki, bir müddət bundan öncə Qəbələ RLS-dən digər bir ölkənin, daha doğrusu, ABŞ-ın istifadə etməsi ilə bağlı da söhbətlər yayılmışdı ki, bunların da, hələlik, nəticəsiz qaldığını demək olar. Yəni bu gün Qəbələ RLS-dən istifadə ilə bağlı ən real namizəd kimi Rusiya göstərilə bilər. Onun regiondakı maraqları və Qəbələ RLS-i öz təhlükəsizliyinə qarşı yönəlmiş cəhdlərə qarşı istifadə etmək istəməsi kimi amillər bunu deməyə əsas verir. Rusiyanın Qəbələ RLS-i əldən buraxmayacağı və onunla bağlı Azərbaycan tərəfi ilə ortaq bir məxrəcə gəlməyə çalışacağı kimi aktual fikirlər yeni uzunmüddətli müqavilənin imzalanması ehtimallarını artırır.

Rusiyanın Qəbələ RLS-ə olan marağını digər bir amillə də əlaqələndirmək olar. Ola bilər ki, Rusiyanın RLS-ə elə də böyük ehtiyacı yoxdur. Sadəcə, Azərbaycanda öz hərbi mövcudluğunu saxlamaq marağındadır. Bunun Azərbaycanın marağına nə dərəcədə cavab verməsi isə maraqlı məsələdir. Əlbəttə, Qəbələ RLS və onun ətrafında aparılan danışıqların əsasında məhz Rusiya-Azərbaycan münasibətləri dayanır. Bu məsələ, təbii ki, ikitərəfli münasibətlərə də öz təsirini göstərəcəkdir. Nəzərə alsaq ki, bu gün Rusiya icarə ilə bağlı müəyyən güzəştlərə nail olmaq istəyir, bu güzəştlərin ediləcəyi təqdirdə, Azərbaycanın hansı üstünlüklərə nail olacağı müəyyənləşdirilməlidir. Bunun, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəvisində qurulması daha məntiqəuyğun olardı. Rusiyanın münaqişənin həllində birbaşa vasitəçi kimi çıxış etməsi, region ölkəsi olması, Ermənistan üzərində böyük nüfuza sahib olması, onun münaqişənin həllini sürətləndirməsi üçün lazımi qədər əhəmiyyətli amillərdir.

Son zamanlar Rusiya tərəfinin Dağlıq Qarabağ münaqişəsini arxa plana qoyması faktı ilə qarşılaşırıq desək, yanılmarıq. Əlbəttə, bunu Suriyadakı hadisələr və dünya ictimaiyyətinin diqqətinin məhz bu istiqamətə yönəlməsi ilə əlaqələndirmək olar. Lakin nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ nəinki region, eyni zamanda, bütün dünya üçün bu gün potensial təhlükə mənbəyi kimi qalır. Mövcud status-kvonun davam etməsi isə bu təhlükəni günü-gündən artıran amildir. Odur ki, Rusiya da vasitəçi ölkə olaraq diqqətini bu məsələdən yayındırmamalı və onun həlli üçün proseduru sürətləndirməlidir.

Çox güman ki, Qəbələ RLS-in icarəsi və Azərbaycan tərəfinin Rusiyaya edəcəyi güzəştlər də məhz Dağlıq Qarabağ münaqişəsində onun tutacağı mövqedən asılı olacaq. Bütün hallarda Qəbələ RLS-in və ya onun ərazisinin Rusiyaya nə dərəcədə lazım olduğunu danışıqların nəticəsi ortaya qoyacaq. Azərbaycan dövləti isə qarşı tərəfin kim olmasından asılı olmayaraq, bütün danışıqları öz xalqının mənafeyinə uyğun şəkildə aparacaq.


Murad İSMAYILZADƏ

Digər xəbərlər