PDF Oxu

Sosial

  • 46

Azərbaycan perspektivli turizm ölkəsidir

Azərbaycan perspektivli turizm ölkəsidir

Böyük İpək Yolunun üzərində mühüm dayanacaq kimi tanınan Azərbaycan zaman-zaman inkişaf dövrünü yaşayaraq, daha geniş şəkildə xarici ölkələrdən turistləri qəbul edib. Tarixən turizm məkanı olaraq tanınan Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olub. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkəti ilk səyahətlər kimi qəbul olunub.

İstər qədim dövrlərdə, istərsə də sovet məkanında yaşadığımız zamanda Azərbaycan təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə xarici vətəndaşların diqqətində olub. Bu gün beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənmiş, turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən Dövlət Proqramları, layihələr turizm sahəsində böyük uğurlara səbəb olub.

Qeyd edək ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb oldu. Yalnız 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı. Belə ki, Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməyə başlandı.

1999-cu ildə Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Bir neçə il sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi.

Eyni zamanda, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanınması məqsədilə Almaniya və Avstriya turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün info-turlar təşkil edildi. Azərbaycanda ilk dəfə olaraq Turizm Filmləri Festivalı keçirildi. Turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən işlər görüldü. Belə ki, son illərdə Azərbaycan ilə Moldova, Belarus, Qətər, Yunanıstan, Qazaxıstan, İordaniya Haşimiyyə Krallığı, Fransa və onlarla başqa dövlətlər arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlandı.

Turizm sahəsində çoxtərəfli əməkdaşlıq üzrə ən mühüm təşkilatlardan biri olan Ümumdünya Turizm Təşkilatı beynəlxalq sülhün, qarşılıqlı anlaşmanın, iqtisadi inkişafın təmin edilməsində mühüm faktor olan turizmi inkişaf etdirir. Azərbaycan 2001-ci ildə təşkilata üzv oldu. Təşkitlatın xətti ilə Bakıda seminarlar keçirilməyə başlandı.

Respublikamızın turizm potensialını əks etdirən reklamlar xarici ölkələrdə nəşr edilən turizm xarakterli jurnallarda yerləşdirilir. Belə ki, "ABTA", "Travel İQ", "Faints and Projects", "TTG Russia", "Travel Unravelled", "Qde otdıxat", "Otdıx v Rossii", "World Travel Guide" və başqa mətbuatlarda Azərbaycan turizm potensialı öz əksini tapır.

Bütün bunlarla yanaşı, hər il ardıcıl olaraq, "AİTF" Beynəlxalq Turizm Sərgisi paytaxtımzda keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin turizm şirkətlərinin sayı ildən-ilə artır. Əgər 2002-ci ildə 5 ölkədən 20 şirkət iştirak edirdisə, 2012-ci ildə dünyanın 32 ölkəsindən 201 şirkət qatılmışdır. Hər il AİTF-nin iştirakçılarının siyahısına yeni ölkələr əlavə olunur.

Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Ötən il Azərbaycana 2 milyondan çox turist gəlmişdir ki, bu da 2010-cu il ilə müqayisədə 14 faiz çoxdur. Son illər ərzində ölkəmizdə 45 mehmanxana və mehmanxana tipli obyekt tikilərək, istifadəyə verilib.

Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir.


NƏZAKƏT

Digər xəbərlər