Dünən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü və Avropa Birliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin dəstəyi ilə Miqrasiya Sahəsində Avropa Birliyi Ekspertizası Proqramı çərçivəsində "Readmissiya və qayıdışa dəstək" mövzusunda üçgünlük seminar işə başlayıbdır.
Seminarın açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhramanov bildirib ki, Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında miqrasiya sahəsində artıq bir neçə layihə həyata keçirilmişdir. Bugünkü tədbirin MİEUX proqramı çərçivəsində sonuncu olduğunu qeyd edən natiq MİEUX proqramının Avropa Birliyi ilə MSİBM-in birgə təşəbbüsü ilə yaradıldığını nəzərə çatdırmışdır: "MİEUX proqramı miqrasiya sahəsinə aid olan bütün məsələlərin həllində ekspert kimi çıxış edir. Sözügedən proqram çərçivəsində 2011-ci ildə gerçəkləşdirilən layihəyə uyğun olaraq həyata keçirilən 3 tədbirdə təkcə DMX-nin əməkdaşları deyil, eyni zamanda, miqrasiya sahəsində Azərbaycanda fəaliyyət göstərən digər dövlət qurumlarının nümayəndələri də iştirak etmişdir. Bu da miqrasiya proseslərinə ümumi baxışın formalaşması, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələsində birgə çıxış etmək və miqrasiya proseslərinin idarə olunması məsələsində əlaqələndirmə funksiyasının həyata keçirilməsi, qarşı qoyulan məqsədlərə nail olmaqda mühüm vasitələrdən biridir".
V.Qəhramanov onu da vurğulayıb ki, bu gün keçirilən seminar əsası 2011-ci ildə qoyulmuş "Azərbaycan Respublikasında qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarə olunması sahəsinə dəstək" layihəsi çərçivəsində keçirilir: "Bu layihə üzrə artıq iki tədbir gerçəkləşdirilmişdir. Seminar qanunsuz miqrantların geri qaytarılması, readmissiyası məsələsinə həsr olunmuşdur. Son dövrlərdə Azərbaycanda qanunsuz miqrasiyaya qarşı mübarizəyə daha çox üstünlük verilir. Bu gün Azərbaycanda miqrasiya sahəsində qanunvericilik bazası kifayət qədər formalaşmışdır, hazırda bu istiqamətdə işlər davam etdirilir".
Tədbirdə o da bildirildi ki, iki ildən artıq MİEUX proqramları çərçivəsində reallaşdırılan bir sıra tədbirlər zamanı müxtəlif mövzuları - qloballaşan dünyanın ən aktual problemlərindən olan miqrasiya və mobillik, insanların təhlükəsiz yerdəyişməsi, sığınacaq axtaran şəxslərin himayəsi, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti və digər mövzuları əhatə etmişdir. Proqram çərçivəsində miqrasiya orqanları əməkdaşları Avropa Birliyi ölkələrində təlim səfərlərində olmuşlar. Əsas hədəfi miqrasiya sahəsində Avropa Birliyi ölkələrinin təcrübəsini öyrənmək olan bu proqram Avropa İttifaqı ölkələrindən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdən olan ekspertlərin iştirakı ilə keçirilmişdir.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov çıxış edərək, vurğulayıb ki, Azərbaycanla Avropa Birliyi arasında dərin əməkdaşlıq vardır. Onun sözlərinə görə, uzun illər ərzində həm miqrasiya sahəsində, həm sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etdirilmişdir.
MSİBM-in ölkə üzrə əlaqələndiricisi Oleq Kiritsa tədbir iştirakçılarını layihə haqda məlumatlandıraraq, Niderland və Macarıstandan olan yüksək səviyyəli beynəlxalq ekspertlərin iştirakı ilə 3 günlük seminarın miqrasiya orqanları əməkdaşlarının işinə böyük töhfə verəcəyinə əminliyini bildiribdir.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də, beynəlxalq təşkilatlar - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak edib. Qeyd edək ki, üç gün davam edəcək seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Rəfiqə