PDF Oxu

Sosial

  • 52

YAP mətbuat nümayəndələrini mükafatlandırıb

YAP mətbuat nümayəndələrini mükafatlandırıb

Dünən hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, onun müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı iştirak ediblər.

Mərasimdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək, bildirib ki, Azərbaycanda müstəqil, geniş şaxələnmiş Azərbaycanın milli maraqlarına uyğun fəaliyyət göstərən, insanların məlumatlandırılmasına böyük töhfələr verən, öz funksiyasını ləyaqətlə yerinə yetirən mətbuat formalaşıb: "Məmnunluqla qeyd etmək lazımdır ki, Azərbaycanın mətbuat sahəsində çalışan əməkdaşlarının peşəkarlıq səviyyəsi getdikcə artmaqdadır. Əgər biz 10-15 il bundan əvvəlki dövrlə indiki mətbuatımızın səviyyəsini müqayisə etsək, əhəmiyyətli dərəcədə irəliləyişlərin olduğunu görərik. Təbii ki, bunu müsbət qiymətləndiririk. Eyni zamanda, mətbuatın inkişafı və təkmilləşdirilməsi prosesi bu günün özündə də davam etməkdədir".

Əli Əhmədov hazırda qəzetlərin daha maraqlı, informasiya tutumlu olduğunu vurğulayıb: "Qəzetlər bütövlükdə xırda, qalmaqallı dedi-qodu söhbətlərindən çıxaraq, daha ciddi təhlillər aparan bir nəşrə çevrilib. Azərbaycan dövləti ölkədə milli mətbuatın formalaşmasına, inkişafına, təkmilləşməsinə xüsusi diqqət yetirir. Mətbuata olan bu diqqətin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman Heydər Əliyev Azərbaycanda mətbuatın inkişafına böyük diqqət göstərərdi və qayğısını əsirgəməzdi. Hesab edirəm ki, Azərbaycanda milli mətbuatın formalaşmasında Heydər Əliyevin göstərdiyi qayğı və Onun müəyyənləşdirdiyi mətbuat siyasəti əhəmiyyətli rol oynayırdı".

Bu siyasətin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdıran İcra katibi onu da bildirib ki, Dahi Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənə, mətbuata qayğı göstərmək siyasəti bu gün də Azərbaycan hökumətinin həyata keçirdiyi strategiyada özünə yer tutub: "Bunun çoxlu sayda nişanələrini görmək mümkündür. Bu gün Azərbaycan mətbuatının maddi bazasının möhkəmləndirilməsi, mətbuat sahəsində çalışan işçilərin rifahını yaxşılaşdırılması üçün dövlət tərəfindən görülə biləcək nə işlər varsa, demək olar ki, onların hamısı görülüb. Bu da Azərbaycan mətbuatının inkişafına göstərilən qayğıdır. Mətbuatın inkişafının əsasını təşkil edən əsas fundamental dəyərlərdən biridir. Azərbaycan mətbuatı bundan sonra da inkişaf edəcəkdir".

Əli Əhmədov mətbuatda müəyyən problemlərin də olduğunu deyib: "Təbii ki, problemlər, hər yerdə olduğu kimi, mətbuat sahəsində də var. Bəzi hallarda mətbuat sahəsində çalışanlar bu və digər problemlərdən gileylənirlər. Qəzetlərin satılması ilə bağlı problemlər olur, digər xarakterli problemlər mövcuddur. Amma onu da etiraf etmək lazımdır ki, həyat problemsiz mümkün deyildir. Azərbaycan mətbuatının inkişafının təkmilləşməsini və müasirləşməsini, bütövlükdə, Azərbaycanın özünün inkişafından, modernləşməsindən və yeniləşmə prosesindən ayrılıqda təsəvvür etmək mümkün deyil".

Ölkədəki uğurlu inkişafdan da söz açan YAP Sədr müavini son illər Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb: "İlk növbədə, Azərbaycanın iqtisadiyyatı ciddi surətdə yüksəlib. 7-8 il ərzində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Bu da yüksək bir inkişafın göstəricisidir. Son illərin dünya miqyasında iqtisadi inkişaf prosesini ayrı-ayrı dövlətlərin nümunəsində müqayisə etsək, buna bənzər nümunələri tapmaq çox çətindir. Azərbaycan, sözün həqiqi mənasında, iqtisadi möcüzə mərhələsini yaşayır və bu gün də yaşamaqdadır. Təbii ki, iqtisadi inkişaf insanların həyatının dəyişməsinə, rifahının yüksəlməsinə və ölkənin simasının yeniləşməsinə, ölkənin iqtisadiyyatı ilə yanaşı, bütün sferalarını modernləşməsinə ciddi təkan verib. Beləliklə, qısa bir zamanda Azərbaycan tamamilə başqa bir məmləkətə çevrilib ki, burada insanların yaşaması və işləməsi rahatlıq və təminat baxımından qaneedicidir. Eyni zamanda, məmnun edən cəhət ondan ibarətdir ki, bu proses davam etməkdədir. Azərbaycan iqtisadiyyatının sürətlə davam etməsi və insanların rifahının yaxşılaşması bu gün də davam etməkdədir. Son illərin təcrübəsi onu təsdiqləyib ki, Azərbaycanda gələn hər bir il ötən hər ildən daha yaxşı olub. Bu inkişaf bütün sferalarda və sahələrdə özünü göstərdiyi kimi mətbuatda da özünü göstərməkdədir".

Əli Əhmədov onu da əlavə edib ki, Azərbaycan inkişaf etdikcə hər bir sahə, o cümlədən, mətbuat inkişaf edir: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qarşısında dayanan ən vacib məqsədlərdən biri ölkənin inkişaf etməsi, yüksəlməsi, qüdrətinin artması və bütün bunların fonunda, əsasında Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşmasıdır. Azərbaycan mətbuatı ölkədə gedən izlədiyimiz, müşahidə olunan prosesləri düzgün işıqlandırmaqdadır".

Çıxışının sonunda İcra katibi mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Sonda ölkədə fəaliyyət göstərən bir çox media qruplarının əməkdaşları mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında "Səs" qəzetinin və "Səs" İnformasiya Agentliyinin əməkdaşları da olub.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər