Bu gün dünyada fəaliyyət göstərən və özlərini demokratiya təminatçısı kimi göstərən bir sıra beynəlxalq təşkilatlar özlərinin qərəzli hesabatları ilə vaxtaşırı olaraq gündəmə gəlir. Belə təşkilatlardan biri də "Freedom House"dir ki, bir neçə gün bundan öncə, bu təşkilat növbəti dəfə özünün Azərbaycanla bağlı fikirləri ilə çıxış edib. Təşkilat Azərbaycan hakimiyyətinin, bir qayda olaraq, bu ölkədə media pozuntuları əleyhinə xaricdən səslənən tənqidləri şübhə altına almasını pisləyib.
Təşkilatın Media Azadlığı Proqramının rəhbəri Karin Karlekar "BBC"-yə müsahibəsində bildirib ki, "Hökumət, nəhayət, başa düşməlidir ki, o özü ölkədə media sahəsində vəziyyətin pis olmasına görə bir nömrəli cavabdehdir". Onun dediyinə görə, "Freedom House" və digər beynəlxalq təsisatların işini şübhə altına almazdan öncə, Bakıda rəsmilər özlərinə sual verməlidirlər: nə üçün beynəlxalq müşahidəçilərin əksəriyyəti Azərbaycanda baş verənlərdən narahatdır?
Xanım Karlekar xatırladıb ki, bir neçə il öncəyə qədər Azərbaycan "Freedom House"un təsnifatına görə qismən azad ölkələr sırasında idi, ancaq son vaxtlar vəziyyət durmadan pisləşib: "Ölkənin demokratik normaları, xüsusilə də, media azadlığı sahəsində pozuntusu, demək olar ki, hər yerdə pislənib".
Karlekara görə, hakim qüvvələr repressiyaları "şüurlu" şəkildə tətbiq edirlər. Belə ki, İlham Əliyev hökuməti yeni idarəetmə elementləri tətbiq etməyə və cinayət mühakiməsi sistemini dəyişməyə çalışır.
Hakimiyyət media üzərində sərt nəzarəti saxlamaq üçün müxtəlif metodlara əl atır - jurnalistləri həbs edir, diffamasiyaya görə məhkəməyə verir.
"Freedom House" və digər beynəlxalq təşkilatlar ötən dövrlərdə də bu cür qərəzli məlumatları və hesabatları ilə çıxış ediblər. Onlar ölkədə insan azadlığı, vicdan azadlığı, söz və mətbuat azadlıqlarının məhdudlaşdırıldığını, demokratik tələblərə riayiət olunmadığını nəzərə çatdırmışlar. Təbii ki, dövlət və ölkə ictimaiyyəti tərəfindən də bu hesabatlara layiqli cavab verilmiş və məsələnin əsil mahiyyəti nəzərə çatdırılmışdır. Bu təşkilatların bu tipli hesabatlarının onların fəaliyyətlərini şübhə altına alması da Azərbaycan mətbuatı və ümumiyyətlə, ölkə ictimaiyyəti tərəfindən xüsusilə vurğulanmışdır. Görünür, artıq "Freedom House" bu reaksiyalardan qıcıqlanmağa başlayıb. Onların fəaliyyətlərinin şübhə altına alınmasının təşkilatı narahat etdiyi K.Karlekarın fikirlərində də öz əksini tapıb. O, hakimiyyətin media pozuntuları əleyhinə xaricdən səslənən tənqidləri şübhə altına saldığını başa düşə bilmir. Xanım Karlekar, onun təmsil etdiyi təşkilat və digər bu yönümlü təşkilatlara başa düşməlidirlər ki, Azərbaycan dövləti yetərincə gücə və potensiala malikdir ki, ona qarşı səsləndirilən haqsız ittihamlara cavab versin. Onlar Azərbaycan hökumətini bu məsələdə özlərinin məntiqsiz fikirləri ilə ittiham etməkdənsə, öz fəaliyyətlərinə diqqət yetirsələr, daha yaxşı olar. Əgər bu gün "Freedom House" yüksək danılmaz inkişaf səviyyəsinə çatmış Azərbaycanı heç bir inkişafa ümidi qalmayan və bütün sahələrdə geriyə doğru addımlayan Ermənistandan aşağı tutursa, onda hansı düzgün fəaliyyətdən söhbət gedə bilər.
Media sahəsində hər hansı bir çatışmazlıq və yaxud söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi fikirlər isə heç bir halda mövcud vəziyyətlə uyğunluq təşkil edə bilməz. Yəni bu gün Azərbaycanda mətbuat sahəsinə göstərilən diqqət və qayğı, onların maneəsiz fəaliyyəti və fikir plyuralizmi üçün görülən tədbirlər göz qabağındadır. Son illərdə ölkə rəhbərliyi tərəfindən mətbuata vaxtaşırı olaraq külli miqdarda maliyyə yardımlarının edilməsi təqdiredici və diqqətəlayiq bir haldır. Eyni zamanda, məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə Prezidenti tərəfindən vəsaitin ayrılaraq jurnalistlər üçün evlərin tikilib paylanılması da mühüm bir qərar idi ki, bu da analoqu olmayan bir hadisə kimi qiymətləndirilir. Onu da, xüsusilə qeyd etmək lazımdır ki, bu yardımlar, diqqət və qayğı təkcə iqtidaryönümlü mətbuata deyil, eyni zamanda, müxalifət KİV-inə də şamil edilir. Yəni fərq qoyulmadan ölkədə mətbuat işçisinin, mətbuat orqanının inkişafına hər cür şərait yaradılır.
Bütün bunlarla yanaşı, bir məqamı da nəzərdən keçirmək çox mühümdür. Xüsusilə, bunu Azərbaycan hakimiyyətini söz azadlığını məhdudlaşdırmaqda ittiham edən beynəlxalq təşkilatların nəzərinə çatdırmaq istəyirəm. Əgər bir ölkədə mətbuat orqanları ölkə hakimiyyətini isətdikləri vaxt, istədikləri məsələdə tənqid edə bilir və bunu kütləvi şəkildə yaya bilirsə, burada hansı anti-demokratik meyillərdən söhbət gedə bilər. Yəni əgər həqiqətən də, K.Karlekarın dediyi kimi, Azərbaycan hakimiyyəti ölkədə media sahəsində demokratik normaları pozmuş olsaydı, onda bu cür vəziyətin yaranması qeyri-mümkün idi. Bu gün Azərbaycanda KİV-ləri istənilən bir sahədən lazım olan informasiyanı ala və onu cəmiyyət çatdıra bilər. Eyni zamanda, hər bir jurnalist öz fikirlərini müstəqil şəkildə ölkə mətbuatında yayımlaya bilər. Təbii ki, peşəkarlıq normalarına riayət etməklə. Odur ki, bu gün Azərbaycanda bu sahədə problemin olması ilə bağlı deyilən hər bir söz əhəmiyyətsizdir və özlüyündə xüsusi mahiyyət daşımır.
Görünür, "Freedom House" təşkilatı artıq, həqiqətən də, öz fəaliyyətinin artıq heç bir işə yaramadığını, ona qarşı olan inamın azaldığını görür və buna görə Azərbaycan hakimiyyətini qınamaqla özünü vəziyyətdən çıxarmağa çalışır. Təbii ki, əgər təşkilat öz mövqeyini obyektiv ifadə etmiş olsaydı, ona qarşı heç bir əks-fikir səsləndirilməzdi. Bu səbəbdən gərək təşkilat öz fəaliyyətindəki qüsurları nəzərdən keçirib, onları aradan qaldırmağa çalışsın. Hər hansı ölkə barədə fikir söyləməzdən öncə isə, buradakı vəziyyətlə yaxından tanış olub, sonra fikir irəli sürməsi daha obyektiv olardı. Vaşinqtonda oturub Azərbaycan barədə fikir irəli sürmək, təbii ki, heç bir halda, düzgün deyil və bu, subyektiv amillərə söykənir.
Murad İSMAYILZADƏ