Dünən AMEA Rəyasət Heyətində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, Sərəncam əsasında yaradılmış işçi qrupunun rəhbəri Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan məlum Sərəncamının əhəmiyyətini vurğulayaraq, bunun ölkə başçısının dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizə olan qayğısının bariz nümunəsi olduğunu qeyd etdi.
İşçi Qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verən K.Abdullayev sözügedən məsələ ilə bağlı bir sıra tədbirlərin keçirildiyini, qrup tərəfindən təqdim edilmiş müxtəlif rəy və təkliflərin müzakirə olunduğunu diqqətə çatdırdı. O bildirdi ki, İşçi Qrupunun əsas missiyası Dövlət Proqramından irəli gələn məsələləri diqqət mərkəzində saxlayaraq dilçiliyin inkişafına dair öz töhfələrini verməkdir.
Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə fəaliyyət göstərən işçi qrupu dil problemini fərqli sahələr üzrə araşdırıb. Kamal Abdullayev bildirdi ki, ölkə başçısının məlum Sərəncamından sonra Azərbaycan dili mətbuatda, dərsliklər, idarəçilikdə, küçədə, informasiya texnologiyasında öyrənilib. O, qeyd etdi ki, ana dilimizin qaydalarınını pozulmasına, bir çox sahələrdə olduğu kimi, milli mətbuatımızda da təsadüf olunur. Mövcud problemin aradan qaldırılmasında təkliflərin önəmliyini diqqətə çəkərək, radio-televiziyalarımızda sovet dövründə olduğu kimi, bədii şuranın bərpa edilməsi təklifinin irəli sürdü. O, qeyd etdi ki, bu, birmənalı qarşılanmasa da, şuranın yaradılması vacib məsələdir. Kamal Abdullayev çıxışında bu və ya digər təkliflər irəli sürərkən, onu da bildirdi ki, dilçilik qaydalarına əməl olunması üçün müvafiq cərimələr tətbiq edilməli, yaxud redaksiyalarda dilçilik ştatı yaradılmalıdır.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında qeyd etdi ki, bu gün Azərbaycan açıq qapı siyasəti yürüdür. Əgər əvvələr Azərbaycan dilinə daha çox önəm verilirdisə, bu gün ingilis dilinin dil elementləri dilimizə daxil olur. Bu da dilin çirklənməsinə gətirib çıxarır. Dilin qorunması ilə ciddi məşğul olunmalıdır.
B.Sadıqov son illərdə mətbuatdakı şərtlər sadələşdiriləndən sonra bu sahəyə təsadüfi insanların çox gəldiyini və nəticədə, mətbuatda dilçilik qaydalarının pozulmasına təsadüf olunduğunu bildirdi. B.Sadıqov redaksiyalarda korrektor ştatınını ləğvi məsələsini də önə çəkdi. Bunun müqabilində orfoqrafik səhvlərin sayının artdığını söylədi. B.Sadıqovun təklifinə görə, mövcud çatışmazlığı aradan qaldırmaq məqsədi ilə Azərbaycan nəşriyyatında mərkəzləşdirilmiş qurumun yaradılmasının zəruriliyini diqqətə çəkdi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da ölkə mediasında dilçilik məsələləri ilə bağlı müəyyən problemlərin olduğunu söylədi. Bu problemin aradan qaldırılması üçün müvafiq qurumların yaradılmasının vacibliyini bildirərək, rəhbərlik etdiyi şuranın araşdırmalarının nəticələrinə də nəzər saldı. Mətbuat Şurası vulqar ifadələrin işlənməsi ilə bağlı son 3 ildə 20 yaxın qəzet aşkar edib. Bunun üçün hər hansı qurumlar, televiziyalarda bədii şuralar yaradılmalı, mətbuat qurumlarına ictimai qınaqla yanaşı, cərimələrdə tətbiq olunmalıdır.
Tədbirdə çıxış edən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AzərTA-cın direktoru Aslan Aslanov, APA-nın direktoru Vüsalə Mahirqızı və başqalırı milli mətbuatımızda təsadüf olunan dil məsələsinə toxunaraq, bir sıra maraqlı təkliflər irəli sürdülər.
NƏZAKƏT